Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun müddəti 1 gün uzadılır Komissiyanın mətbuat katibi Elnur Nağızadə bildirib ki, buna səbəb ərizələrini dolduran bəzi abituriyentlərin sənədlərini təsdliq etdirməməsidir. 2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin qəbulu 1 iyun 2010-cu il saat 17-dək aparılacaqdır. Elnur Nağızadə deyib ki, bu gün 17.00-a olan məlumata görə, artıq ali məktəblərə 114847 abituriyent sənəd verib. Onlardan 102756 nəfəri Azərbaycan, 12091 nəfəri isə rus bölməsi üzrə sənəd verənlərdir. Bir daha qeyd edək ki, abituriyentlər internet vasitəsilə elektron ərizə doldurduqdan sonra tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına qeyd olunan vaxtadək təqdim edib, ərizələrini təsdiq etdirə bilərlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlərin müvafiq Qabiliyyət İmtahanı Komissiyasında qeydiyyatı da 1 iyun 2010-cu il saat 17-dək aparılacaqdır.
|