ADPU-nun REKTORU
Yusif Əbülfət oğlu Məmmədov
-
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
-
Əməkdar elm xadimi
-
Fizika-riyaziyyat elmləri doktoru
-
Professor
24 yanvar 1950-ci ildə Qərbi Azərbaycanın Sisyan rayonunun Dəstəgird qəsəbəsində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi «Qızıl medal»la bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, universiteti əla qiymətlərlə bitirdikdən sonra 1971-ci ildə təyinatla ADU-nun riyazi-fizika tənlikləri kafedrasında saxlanılmış, bu kafedrada assistentdən professor vəzifəsinədək yüksəlmişdir. 1993-cü ildə həmin kafedranın müdiri vəzifəsinə seçilmişdir. 2000-2004-cü illərdə BDU-nun tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, 2004-2006-cı illərdə BDU-nun I prorektoru – elmi işlər üzrə prorektoru vəzifələrində çalışmışdır.
2006-cı il aprelin 21-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.
1974-cü ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Fizika-riyaziyyat elmləri doktorudur.
2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti ulu öndər Heydər Əliyevin sərəncamı ilə «Əməkdar elm xadimi» fəxri adına layiq görülmüş, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Riyaziyyatçıdır, riyazi fizika və diferensial tənliklər sahəsində tanınmış mütəxəssisdir. 100-dən artıq elmi əsərin müəllifidir. Əsərlərinin xeyli hissəsi xarici ölkələrin nüfuzlu jurnallarında çap olunmuşdur. 10 nəfər elmlər namizədi, 1 nəfər elmlər doktoru yetişdirmişdir.
YUNESKO-nun «Elmi biliklərin və texnologiyaların etikası» Azərbaycan Komitəsinin üzvüdür. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının riyaziyyat və mexanika ixtisasları üzrə ekspert şurasının üzvüdür.
Telefon / Faks: (+994 12) 498-00-00 (qəbul otağı)