Başlıq
 
EXIT>
Sayt Menyusu

Kateqoriyalar
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2561

Ermənilərin Azərbaycanlılara qarşı soyqırım siyasəti

"AZƏRBAYCANLILARA QARŞI İKİ ƏSR DAVAM EDƏN SOYQIRIM"

Soyqırım siyasətinin tarixi mərhələləri I mərhələ İsveçlə Rusiya arasında 1721-ci ildə sülh müqaviləsinin imzalanmasından sonra Rusiya çarı I Pyotr öz imperiya ehtiraslarını Qafqaza, Xəzəryanı ərazilərə yönəltdi. Bu cəhdlərin sonu 1723-cü ildə Bakının işğalı ilə nəticələndi. Əsasən müsəlmanlardan ibarət olan yerli camaatın narazılığını və müqavimətini görən I Pyotr öz planlarını həyata keçirmək üçün, necə olur-olsun, Gilanda, Mazandaranda, Bakı və Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsini vacib sayırdı. Əsası I Pyotr tərəfindən qoyulan bu siyasəti sonralar Rusiyanın digər çarları həyata keçirdi. 1768-ci ildə II Ekaterina ermənilərin himayə edilməsi barədə əmr imzalayır. 1802-ci ildə çar I Aleksandr H.D.Sisianova yolladığı məktubunda yazırdı: "Hə olur-olsun ermənilər Azərbaycanın ... bu və ya digər xanlıqlarında istifadə olunmalıdır". IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər dövlətlərini yaratmaq məqsədinə çatmaq üçün Rusiyanın imperiya siyasətiniin həyata keçirilməsində alət rolunu oynadılar. Soyqırım xronikası I mərhələ: 1813-1828-ci illər Rusiya ilə İran arasında gedən iki müharibənin ( 1804-1813, 1826-1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri Azərbaycan xalqının tarixində faciəvi rol oynamış və Azərbaycanın parçalanmasına gətirib çıxarmışdır. Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın idarəçiliyinə keçmişdir. Türkmənçay müqaviləsinin XV bəndinə əsasən İrandan ermənilərin İrəvan, Qarabağ və Naxçıvana kütləvi şəkildə köçürülməsinə başlanılır. Bunun da nəticəsində həmin ərazilərdə məskunlaşmış azərbaycanlılar öz yurd-yuvalarından məhrum edilir. Türkmənçay müqaviləsindən dərhal sonra imperator I Nikolay 21 mart 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində "Erməni əyaləti"nin yaradılması haqqında əmr imzalayır. Bu əmrə əsasən o zaman 7 min 331 azərbaycanlının və 2 min 369 erməninin yaşadığı İrəvan şəhəri də "Erməni əyaləti"nin tərkibinə daxil edilir. Türkiyə ilə aparılan müharibələrin (1828-1829, 1877-1878) sonunda tarixi mənbələrə əsasən 1829-1830-cu illərdə Qafqazda (Naxçıvan, Qarabağ, İrəvan) 40 min İran, 84 min 600 Türkiyə ermənisi yerləşdirilib. Butün bunlara baxmayaraq XIX əsrin sonunda İrəvan quberniyası azərbaycanlıların sayına görə, Bakı və Yelizavetopol (Gəncə) quberniyalarından sonra Qafqazda üçüncü yeri tuturdu. Rusiya imperiyasında ilk dəfə olaraq əhalinin siyahıya alınmasında əldə olunan göstəricilərə görə, 1897-ci ildə İrəvan quberniyasında 313 min 178 azərbaycanlı yaşayıb. XX əsrin başlanğıcında baş verən sonrakı hadisələr göstərdi ki, belə bir vəziyyət Azərbacan xalqının tarixində faciələrin davamına səbəb olub. XIX əsrin ikinci yarısında Türkiyə, Gürcüstan və Azərbaycan ərazilərini tutmaqla "Böyük Ermənistan" kimi millətçi, şovinist ideyasını həyata keçirmək istəyində olan ermənilər təşkilati strukturlar yaratmağa başlayırlar. "Qnçaq" (1887, Cenevrə, "Daşnaksütyun" (1890, Tiflis) partiyaları, "Erməni vətənpərvərlər ittifaqı" (1895, Nyu-York) təşkilatı yaradılır.

II mərhələ: 1905-1907-ci illər Rusiyada gedən inqilabi proseslərdən istifadə edən ermənilər 1905-1907-ci illərdə məqsədyönlü milli qırğın aktlarını, Bakı, Şuşa, Zəngəzur, İrəvan, Ordubad, Naxçıvan, Eçmiadzin, Cavanşir və Qazaxda azərbaycanlıların yurd-yuvalarından çıxarılması aksiyasını həyata keçiriblər. 1905-1906 illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini ermənilər talan ediblər. Bu hadisələrin baş verməsini sübut edən faktlar M.S.Ordubadinin "Qanlı illər", M.M.Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman müharibəsi" və s. kitablarda öz əksini tapıb. Həmin kitablarda bəhs olunan hadisələr o zamanın mətbu nəşrləri, şahidlərin ifadələri əsasında hazırlanıb. Statistik məlumatlara əsasən demək olar ki, 1905-1907-ci illərdə baş verən hadiəsələrdən sonra azərbaycanlılara qarşı kütləvi repressiyalar gizli şəkildə aparılıb. 1916-cı ilin məlumatları göstərir ki, 1831-ci illə müqayisədə həmin il İrəvan quberniyasının 5 əyalətində əhalinin sayı 40 dəfə artaraq 14 min 300-dən 570 min nəfərədən yüksəlmişdir. Ancaq həmin zaman kəsiyində azərbaycanlıların sayı cəmi 4,6 faiz artaraq 246 min 600 nəfər təşkil edib. Yaxud başqa bir nümunə, əgər 1886-1897-ci illərdə əhalinin mütləq artımı 40 min nəfər olubsa, 1905-1916-ci illərdə bu rəqəm cəmi 17 min nəfər olub. Halbuki hələ 1905-ci ildə 1886-cı illə müqayisədə əhalinin sayı 61 min nəfər çox olub. Bu rəqəmlər çar Rusiyasının idarəçiliyi dövründə erməni millətçilərinin şovinist siyasətinin həyata keçirməsindən, "Türksüz Ermənistan" planının reallaşdırılması istiqamətində azərbaycanlıların qovulmasından xəbər verir.

III mərhələ: 1918-1920-ci illər

Birinci dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd edirlər. Bakı Soveti əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın reallaşdırılmasına başlayır. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. O aylarda ermənilər tərəfindən edilən cinayətlər azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilir. Ermənilər evləri yandırır, insanları diri-diri oda atırdılar. Onlar tərəfindən milli memarliq abidələri, məktəblər, xəstəxanalar, məsçidlər və digər tikililər dağıdılır. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilir. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilmişdir. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb. Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunub, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilib. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərin birində ("Aşxadavor" ("Əməkçi") qəzeti, 2 noyabr 1919-cu il) göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür. 28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması da qurbansız ötüşməyib. ADR-in Nazirlər Sovetinin sədri F.X.Xoyskinin xarici işlər naziri M.H.Hacınskiyə yazdığı məktubda deyilir: "Ermənilərlə biz bütün mübahisələrə son qoymuşuq. Onlar ultimatumu qəbul edib müharibə ilə qurtaracaqlar. Biz ermənilərə İrəvanı güzəştə getdik". Cənubi Qafqazda 3 suveren respublikanın yaranması və müttəfiqlərin köməyi ilə Ermənistan ərazisi 1 milyon 510 min nəfər əhali ilə (795 min erməni, 575 min müsəlman, 140 min digər xalqlar) 17 min 500 ingilis kvadrat mili həcmində olur. Bununla kifayətlənməyən ermənilər heç bir şeyə məhəl qoymadan "Böyük Ermənistan" ideyası ətrafında Gürcüstanın tərkibində olan Axalkalaki, Borçalı, Azərbaycanın Qarabağ, Naxçıvan, Gəncə quberniyasının cənub hissəsinə iddia irəli sürürlər. Güc hesabına bu əraziləri özlərinə birləşdirmək cəhdi Gürcüstanla müharibəyə (dekabr 1918), Azərbaycanla isə uzun müddətli qanlı mübarizəyə gətirib çıxarır. Hansı ki, nəticədə mübahisəli ərazilərdə əhalisinin sayı 10-30 faiz aşağı düşür. Kütləvi qırğınlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan 575 min azərbaycanlıdan 567 mini öldürülmüş və yurddışı edilmişdir. 1920-ci il aprelin əvvəlində Tiflisdə Zaqafqaziya respublikalarının nümayəndələrinin iştirakı ilə "sovetləşmə təhlükəsindən birgə müdafiə" mövzusunda keçirilən konfransda ermənilər bəyan edirlər ki, onlar heç zaman mövcud ərazi ilə kifayətlənməyəcəklər və əməkdaşlıqdan imtina edirlər. Buradan belə nəticə çıxır ki, 1920-ci ilin yazında ermənilərin Qarabağda, Zəngəzurda, Qazaxda, martın 22-də Novruz bayramı günü Şuşada, sonradan isə Əsgəran, Xankəndində aktiv çıxışları onların Moskva ilə əlaqəyə girərək Azərbaycanın milli hökumətini devirmək və burada sovet hakimiyyətini qurmaq istəyindən irəli gəlirmiş. Bu faktlardan göründüyü kimi, ermənilər öz şovinist məqsədlərinə çatmaq üçün beynəlxalq hüquq normalarına məhəl qoymadan bütün mümkün vasitə və metodlardan istifadə ediblər.

IV mərhələ:1948-1953 – cü illər Sovet hakimiyyəti illərində ermənilər adət etdikləri metodlarla azərbaycanlıların daimi yaşadıqları Ermənistan SSR-dən çıxarılmasını, eləcə də qonşu respublikaların torpaqları hesabına öz ərazilərini böyütməkdə davam ediblər. 1943-cü ildə Tehranda keçirilən konfransda ermənilər İranda yaşayan ermənilərin Sovetlər Birliyinə köçürülməsinə icazə verilməsi xahişi ilə SSRİ xarici işlər naziri Molotova müraciət edirlər. Bu məsələdə Stalinin razılıq verməsi faktiki olaraq azərbaycanlıların 1948-53-cü illərdə kütləvi şəkildə Ermənistandan deportasiya olunmasının əsasını qoyur. 1945-ci ildə Ermənistan rəhbərliyi iqtisadi əlaqələrin bağlılığını əldə bayraq edərək Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırırlar. Lakin həmin dövrdə bu cəhdlər öz məqsədinə çatmır. O zaman başqa bir taktika seçilir. 1941-45-ci il müharibəsi sona çatan kimi xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsinə başlanılır. Belə ki, 1946-cı ildə Suriya, Yunanıstan, İran, Bolqarıstan və Rumıniyadan 59 min 900, 1947-ci ildə isə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35 min 400 erməni köçürülüb. 1947-ci ildə Ermənistan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Q.Arutyunov köçürülmüş ermənilərin yerləşdirilməsindəki çətinliklərdən şikayət edir və təklif edir ki, Ermənistanda yaşayan azərbaycanlılar Azərbaycanın pambıqçılıq rayonlarına köçürülsün. Guya bu köçürülmə həmin rayonlarda pambıq istehsalının artımına təsir göstərəcəkdi. İ.Stalin tərəfindən dəstəklənən bu ideya SSRİ Nazirlər Sovetinin iki qərarı ilə həyata vəsiqə qazandı. Həmin qərarlarda ( 1947-ci il) 1948-50-ci illərdə Ermənistan SSR-dən 100 min azərbaycanlının Kür-Araz düzənliyinə könüllü köçürülməsi nəzərdə tutulur. Heç bir səbəb, mexanizm və real şərait göstərilmədən... Statistik göstəricilərə əsasən 1948-ci ildə Azərbaycana 2 min 357 ailə (11046 nəfər), 1949-cu ildə 2 min 368 ailə (10 min 595 nəfər), 1950-ci ildə isə 14 min min 361 nəfər köçürülür. 1948-50-ci illərdə köçürülən 8 min 110 ailədən yalnız 4 min 878-i yaşayış yeri ilə təmin olunur. Ümumiyyətlə 1948-52-ci illər ərzində respublikamıza 100 mindən çox azərbaycanlı köçürülüb. Əsasən dağlıq ərazilərdə yaşamağa adət etmiş azərbaycanlılar düzənlik ərazisinin iqliminə uyğunlaşa bilmirdilər. Yaşayış yeri ilə təmin olunmamaq da öz təsirini göstərir. Köçürülənlər arasında yüzlərlə adam həyatla vidalaşır... Hətta belə şəraitdə "məngənə"də sıxılan azərbaycanlıların dağlıq ərazilərə, Qarabağa köçürülməsi barədə Azərbaycan rəhbərliyinə və Moskvaya dəfələrlə etdiyi müraciətlər mərkəzi orqanlar tərəfindən rədd edilir. Bax, bu da pambıqçılığın inkişafı naminə könüllü köçürülmənin daha bir tərəfi... Bununla yanışı 1948-ci ildə Suriya, Livan, Fransa, ABŞ, Misir, Bolqarıstan və Rumıniyadan Ermənistana cəmi 10 min erməni köçürülür. Bu fakt göstərir ki, Sovet rəhbərliyinin müvafiq qərarı ilə azərbaycanlıların faktiki deportasiyasına nail olan ermənilər xarici ölkələrdən Ermənistana həmmillətlərinin köçürülməsində maraqlı olmayıblar. 1975-ci ilin yanvarında Ermənistan KP MK-nın plenumunda səslənən faktlardan biri o olur ki, 476-dan çox kənd istifadə edilməmiş qalır ("Kommunist" qəzeti (Yerevan), 20 yanvar 1975-ci il). 1990-cı ildə də erməni millətçiləri özləri açıqca bəyan edirlər ki, azərbaycanlıların köçürülməsindən sonra azad olmuş torpaq və yaşayış fondu xaricdən gəlmiş ermənilərin yerləşdirilməsi üçün istifadə olunmayıb ("Qolos Armenii" qəzeti, 11 noyabr 1990). Yuxarıda göstərilənlərdən yeganə nəticəyə gəlmək olar: Ermənistandan azərbaycanlıların köçürülməsi nə xaricdə yaşayan ermənilərin yerləşdirilməsi, nə də Azərbaycanda pambıqçılığın inkişafı məqsədini daşımayıb. Bu hadisələr sadəcə daşnakların köhnə ideyaları və arzuları-monomillətçi dövlətin yaradılması siyasətinin elementi idi. 1953-cü ildə Stalinin ölümü azərbaycanlıların köçürülməsi prosesini dayandırır. Ev-eşiklə təmin edilməyən, mövcud şəraitə dözə bilməyən köçürülmüş azərbaycanlılar ermənilər tərəfindən onlara qarşı kin və diskriminasiyaya baxmayaraq özlərinin dədə-baba yurdlarına qayıtmaq məcburiyyətində qalırlar. Bu proses erməni şovinizminin yeni dalğasını alovlandırır - azərbaycanlılara qarşı mənəvi terrorun həyata keçirilməsinə "start" verilir. Tədris müəssisələrinin bağlanması, azərbaycan təhsil bölmələrinin ləğvi, rəhbər vəzifədə çalışan azərilərin erməni kadrlarla əvəz olunması, azərbaycan kəndlərinin məişət və təsərrüfat ehtiyaclarına etinasız yanaşılması, antiazərbaycan kompaniyasının aparılması (xüsusilə 1965-ci ildə "erməni genosidi"nin 50-ci il dönümü zamanı) daşnak siyasətinin açıq təzahürü idi.

V mərhələ: 1988-ci ildə başlayır 1988-ci ildən başlayaraq yenidənqurma, aşkarlıq prosesi antiazərbaycan əhval-ruhiyyəsinin və ərazi iddialarının yeni dalğasını yaratdı. 1945-ci ildə sınaqdan çıxarılmış guya Ermənistanla Qarabağın iqtisadi cəhətdən bir-birinə bağlı olması barədə əsassız iddialarla erməni millətçiləri azərbaycanlıları Ermənistandan qovmağa, Qarabağı isə Azərbaycandan ayırmağa başladılar. 1988-ci ildən başlayaraq kütləvi hədə qorxular, fiziki güc, ölüm, kəndlərin talan edilməsi yandırılması həyata keçirilir. Qukarkda baş verən qanlı hadisələr nəticəsində 70 nəfər öldürülür, onların 21-i qadın 6-sı uşaq olur. Vardenis rayonunda isə 40 nəfər öldürülür. Ermənistanın digər rayonlarından - Yerevan, Masis, Kalinino, Kadjaran, Qafan, Kirovakan, Qoris, Sisian, Amasiya və Alaverdidən 250 min azərbaycanlı öz ev-eşiyindən qovulur. 1905-1920-ci illərin tarixi yenidən təkrar olunur - qadın və uşaqlar, yaşlılar qarlı dağlar aşaraq, dona-dona, insani itkilər verə-verə öz xilaslarını Azərbaycanda axtarırdılar. Yenidən 1948-53-cü illərin tarixi təkrar olunur - İttifaqın mərkəzi hakimiyyətinin qərarları ilə azərbaycanlı qaçqınların Qarabağda yerləşdirilməsinə icazə verilmir, onlar özlərinə çadır şəhərciklərində sığınacaq tapırlar. 1991-ci il avqustun 8-də (18 fevral 1929-cu ildə Ermənistanın tərkibinə verilib) sonuncu azərbaycan kəndi Nüvədidən əhalinin çıxarılmasından sonra Ermənistan faktiki olaraq monomillətçi dövlətə çevrildi. "Türksüz Ermənistan" kimi daşnak ideyası reallaşdı. 1988-ci ildən sonra Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 7 rayon talan olundu, 1 milyona qədər adam doğma yurdundan didərgin düşdü. Tarixən Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirən erməni millətçiləri öz vəhşi simalarını bir daha bütün dünyaya nümayiş etdirərək Xocalını yerlə-yeksan etdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən ölüm doğan o gecədə hələ də dəqiq olmayan məlumatlara görə, 613 nəfər xocalılı şəhid oldu. Onlardan ancaq 335 nəfərinin meyidini dəfn etmək mümkün olub. 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyil. Faciə nəticəsində 1000 nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olub. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri qocalar idi. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır. Cinayət nəticəsində 27 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılıb, başları kəsilmiş, gözləri çıxarılmışdır. Hazırda xocalılar respublikamızın 50-dən artıq rayonunda məskunlaşıblar. Xocalıda törədilən soyqırım əvvəlcədən düşünülmüş, ciddi planlaşdırılmışdı. Belə ki, hələ 1992-ci il fevralın 16-da Xankəndində məlum 366-cı rus alayının nəzdində "gizli erməni cəbhəsi" deyilən bir "rota" yaradılmışdı. Bunun da özəyini ayrı-ayrı ölkələrdən erməni icmalarını təmsil edən silahlı erməni quldur birləşmələri təşkil edirdi. Xocalıda hücumda iştirak edən hərbi hissələrin birinin əks-kəşfiyyat şöbəsinin rəisi polkovnik V.Savelyev özünün "Məxfi arayışında" erməni terror təşkilatları ilə Rusiya qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdikləri hərbi əməliyyatları izləyib, fakt və sənədlərdə olub keçənlərin şərhini verərək etiraf edirdi: "Mən bütün bunları yazmaya bilmərəm. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy, azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım məxfi arayışı həm Kremlə, həm də SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun, dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi". Xocalıda doğrudan da o gecə yalnız ölülər qaldı. Və o qanlı fevral gecəsi Xocalı adlı bir şəhər yer üzündən silindi. Soyqırımın balaca şəhidləri və şahidləri Xocalı faciəsi millətin qan yaddaşına yazılan və əbədiyyətə qədər silinməyən kədər, möhürdür. 1992-ci ilin 26 fevral gecəsi erməni cəlladlarının əlləri ilə qətlinə fərman verilənlərin 160-dan çoxu qadın və azyaşlı uşaq idi. Qocaya, qadına, qarıya-qıza aman verməyən vəhşilər gözlərini qırpmadan əlinə keçənləri amansızcasına məhv etmişdilər. Həmin anaların və uşaqların fəryadını Azərbaycan Milli Elmlər Akademiyası İnsan Haqları İnstitutunun direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayev "Mən müharibəni məhv edəcəyəm" kitabçasında ürək ağrısı ilə şərh etmişdir. Kitabçadakı yazıları həyəcansız oxumaq olmur. Xocalı faciəsinin canlı şahidləri olan uşaqların və anaların yandırılmış gündəliklərindən qısa qeydlərlə oxucularımızı tanış edirik:

Yavər Əliyev, 7 yaş. "Bizim evin işıqları söndü. Mən yata bilmirdim. Atışma başlayanda biz qonşunun zirzəmisinə endik. Bir müddət sonra isə meşəyə tərəf qaçmağa başladıq. Ermənilər bizi gördülər. Fin evlərinin yaxınlığında atəş altına düşdük. Hər kəs yerə yatdı. Erməni silahlıları bizi ayağa durmağı və sıraya düzülməyi əmr etdilər. Sonra uşaqları bir tərəfə, yaralı adamları isə başqa tərəfə apardılar. Bizi Xankəndinə apardılar və orada Əhməd dayının əvvəl əllərini, sonra da başını kəsdilər. Kəsilmiş başı isə top kimi oynatmağa başladılar. Xanım xalanı və 2 uşaq anası Natəvanı da güllələdilər". Orucova Xədicə, 8 yaş. "Bizi güclü səs-küy yuxudan oyatdı. Yataqdan qalxdım və gördüm ki, qonşunun evi yanır. Mən, atam, anam, qardaşım və bacılarım dərəyə doğru qaçdıq. Xalam Sevil, 2 uşağı ilə birlikdə, habelə qonşumuz bizimlə idi. Əmim Şaiq dedi ki, meşəyə qaçmalıyıq. Əvvəl atam və anam mənimlə bir yerdə idilər. Kiçik bacım Xəyalə anamın qucağında, digər bacım isə atamın qucağında idi. Naxçıvanik kəndi yaxınlığında ermənilər bizi gördülər. Atam güllə ilə vuruldu. Sonra Sevil xalaya atəş açdılar. Mənə güllə dəyəndə anam da qan içində idi və biz qaça bilmirdik. Anamı meşədə itirdik... Daha heç nə xatırlamıram. Sonra hiss etdim ki, kimsə məni aparır. Amma kim? Görmədim". Yaş yarımlıq Abdullayeva Xəyalənin anası danışır: "O gün mən atamın evində idim. Atışma başlayanda hamı yatırdı. Mən ətrafda hər şeyin yandığını gördüm. Hamı qaçırdı. Biz də qaçdıq. Atam, anam, nənəm, bacılarım, iki qızım və qardaşım oğlu ilə birlikdə. Biz iki gün meşədə gizləndik. Üçüncü gün bizi mühasirəyə aldılar. Nənəm Göyçəyin ürəyi partladı. Atam pencəyini çıxarıb onun üzünü örtdü. Biz qaçmağa başladıq. Dağın ətəyinə çatanda mənim 17 yaşlı bacım Lətafət Abdullayeva artıq qaça bilmədiyini deyib, yerə oturdu. Atam onu qucağına aldı və yerə oturdu. Bacım ölmüşdü. Atam onun üzünü köynəyi ilə örtdü. Biz qaçmağa davam elədik. Birdən atam dayanıb "Allah, uşaqlara yazığın gəlsin?"-deyib yerə yıxıldı. Onu da vurdular. Biz onun üstünü örtməyə heç nə tapmadıq. Üç bacı -Təzəgül, Xədicə və mən iki qızımla və qardaşım oğlu ilə yolumuza davam elədik. Bizə yenə də atəş açdılar və Vüsaləyə güllə dəydi. Ermənilər bizi əsir alıb, sırğa və üzüklərimizi aldılar. Əvvəl Pirçamala, sonra isə Xankəndinə apardılar. Orada çoxlu qız var idi. Saqqallılar və əsgərlər onlara dəhşətli əzab verirdilər. Sonra bizi Əsgərana apardılar. Vüsalənin ayaqları yara, qan içində idi. Tez-tez huşunu itirirdi"... Xumar Səlimova 17 yaş: "1992-ci ilin 25 fevralında Xocalı şəhəri güclü atəşə tutuldu. Qardaşlarım dedi ki, şəhərə ermənilər giriblər, qaçmaq lazımdır. Biz qaçan zaman yanımızda partlayan mərmi qardaşımın arvadını öldürdü. Mən isə çiynimdən və üzümdən yaralandım. Qonşularımızı da yarğanın içində gördüm. Mərmi və güllələrdən xilas olmaq üçün bir xəndəyə uzandıq. Səhər açılanda ermənilər bizi xəndəkdən çıxartdı. Quliyev Talehi güllə ilə ağzından vurdular, sonra da arvadının gözü qarşısında onun başını əzməyə başladılar. Arvadı Rəhilə Quliyeva qışqıranda onu da öldürdülər. Bir yaşlı Samir anasının cəsədi üstündə iməkləyib qışqırırdı. Bir erməni tüfəngin qundağı ilə uşağın başından vurdu. Zərbə çox güclü idi. Məni də döyə-döyə harasa aparırdılar. Biz yerdəki meyitlərin üzəri ilə irəliləyirdik. Yaxınlıqda kimsə atəş açdı. Güllə əlimə dəydi. Məni aparan erməni atəş açılan tərəfə qaçdı. Mən isə ölülərin arasına süründüm. Elə uzandım ki, guya ölüyəm. Qaranlıq düşəndə mən meşə istiqamətində süründüm. Sonra bir az…daha bir az... Azərbaycanca danışıqlar eşidəndə "Ana!" deyə qışqırdım. Sonra heç nə xatırlamıram.” Üç uşaq anası Ağayarova Sədaqət Hüseyn qızı bircə saatda uşaqsız qaldı. "Biz beş gün meşədə gecələdik. Uşaqlarımın ikisinə güllə dəydi və aldıqları yaralardan öldülər. Roman isə soyuqdan dondu". Uşaqların adları: Ağayarov Nəbi 10 yaş, Ağayarova Sevinc 7 yaş, Ağayarov Roman 6 yaş". Quliyev Elsevər, 11 yaş. 25 fevral 1992-ci ildə Xocalı faciəsində güllə yarasından öldü". Abdullayeva Vüsalə, 4 yaş. Aldığı güllə yarasından ayağı kəsildi... Ermənilərin separatçılığı, Azərbaycana ərazi iddiaları hələ də bitməyib. Erməni şovinizmi öz ambisiyalarını sivilzasiyalı dünyanın gözü qarşısında açıq bəyan etməkdən çəkinmir. Nə qədər ki, vandalizmə, separatçılığa, millətçiliyə, terrorçuluğa siyasi-hüquqi qiymət verilməyib bəşəriyyətin gələcəyi daim təhlükə altındadır. Siyasi-hüquqi qiymətləndirmə Azərbaycan Demokratik Respublikası yarandıqdan dərhal sonra 1918-ci ilin mart hadisələrinə, azərbaycanlıların ermənilər tərəfindən məhv edilməsi məsələsinə diqqət yetirdi. 1918-ci il iyul ayının 15-də Nazirlər Soveti mart faciəsinin, İrəvan quberniyasında baş vermiş ağır cinayətlərin tədqiqi və öyrənilməsi üzrə komissiya yaradılması haqqında qərar qəbul etdi. Mart faciəsi və və digər erməni cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq məqsədilə ADR Xarici İşlər Nazirliyində xüsusi struktur yaradıldı. ADR 1919-1920-ci illərin 31 mart gününü ümumxalq hüzn günü kimi qeyd etdi. Lakin ADR torpaqlarımızın işğal edilməsi və azərbaycanlıların soyqırımına mə'ruz qalması məsələsinə hüquqi-siyasi qiymət verilməsi işini başa çatdırmadan süquta uğradı. Bu məsələyə bir də Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra qayıtmaq mümkün oldu. 1918-ci ilin mart hadisələrinin 80-ci ildönümündə Azərbaycan prezidenti Heydər Əliyevin imzaladığı sərəncam erməni millətçilərinin hərəkətlərinə verilən ilk siyasi qiymət oldu. 1998-ci il 26 mart tarixli bu Fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının formalaşdırılması üçün bir növ proqram sənədidir.(Bax: Əlavə 1) 31 mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir və dünya ictimaiyyətinin diqqətini xalqımızın başına gətirilən qanlı faciələrə cəlb edir.

31 mart Azərbaycanlıların soyqırımı günüdür

1914-cü ildə başlanan I Dünya müharibəsi və onun gedişində Rusiyada baş verən inqilablar (1917-ci il) ermənilərin “Böyük Ermənistan” iddiası üçün əlverişli şərait yaratdı. 1915-ci ilin əvvəlində Türkiyənin şimal-şərq bölgələrinin (həmin ərazilər Rusiyanın Qafqaz qoşunları tərəfindən ələ kəçirilmişdi) erməni əhalisi Osmanlı dövlətinə qarşı müharibəyə və türklərə qarşı kütləvi qırğınlara başladı. Bunun cavabında Osmanlı dövləti erməni əhalisinin o ərazilərdən kütləvi şəkildə köçürülməsi barədə əmr verdi. Türkiyə ərazisindən erməni hərbi dəstələri ilə birlikdə İrəvan quberniyasına, Qarabağa və Zəngəzura böyük miqdarda erməni əhalisi də köçüb gəlmişdi. Rusiya ordusuna arxalanan ermənilər əvvəlcə Naxçıvanda və İrəvanda, ardınca isə Qarabağda, Azərbaycanın digər bölgələrində azərbaycanlılara divan tutmağa başladılar. 1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu əvəz edən erməni hərbi birləşmələri faktiki başıpozuqluq şəriatindən istifadə ədərək yerli müsəlman əhalisinə divan tutmağa başladılar. Nəticədə hələ 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdılmışdı. Bu ərazidə yaşayan 135 min azərbaycanlı türkünün bir qismi ermənilər tərəfindən qətlə yetirilmiş, qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olmuşdular. Bu qırğınlara 1917-ci il dekabrın 16-da Rusiya Xalq Komissarları Soveti tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilmiş Stepan Şaumyan başçılıq edirdi. Şaumyana Cənubi Qafqazda sovetləşdirmə siyasətini həyata keçirmək və həmçinin də Türkiyədə rus ordusunun işğalı altında olan yerlərdə “Türkiyə Ermənistanı” yaratmaq səlahiyyəti verilmişdi. I Dünya Müharibəsinin gedişində baş vərən dəyişikliklər də ermənilərin azğın planlarına uyğun idi. Brest-Litovsk (mart 1918-ci il) sülh müqaviləsinin bağlanması nəticəsində Rusiya qoşunları işğal etdikləri Qars, Ərdəhan və Batumi tərk etməli idi. Bu ərazilər Türkiyəyə qaytarıldı. Öz növbəsində Türkiyə dövləti həmin vilayətlərin boşaldılmasını tələb etdi. İran və Türkiyə cəbhəsindən geri dönən rus və erməni əsgərlərinin bir qismi Bakıda yerləşdirilmişdi. Şaumyan həmin qüvvələrdən azərbaycanlılara qarşı istifadə etmək qərarına gəldi. Həmin dövrdə isə Bakıda çox az sayda könüllü müsəlman əsgərləri var idi. Bu vəziyyətin özü də Şaumyana mənfur siyasətini həyata kəçirmək üçün əlverişli imkan verirdi. Böyük qırğınlara başlamağa isə yalnız bəhanə lazım idi. Nəhayət, bəhanə tapıldı. Müsəlman əsgərlərin Lənkəranda olan könüllülərə silah göndərmək istəməsi Şaumyana bu bəhanəni verdi. O, Lənkərana silah göndərilməsinin qarşısını almaq əmri verdi. Başlanan atışmada ölən və yaralananlar oldu. Şaumyan bu hadisəni bəhanə edərək ruslarla erməniləri azərbaycanlılara qarşı mübarizəyə sövq etdi və “sovet hökumətinə qarşı çıxan” azərbaycanlılara qarşı Bakıda görünməmiş qırğınlar başlandı. Martın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri şəhəri gəmilərdən yaylım atəşinə tutdular. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törətdilər. Martın 31-i və aprelin 1-də qırğınlar xüsusilə kütləvi şəkil aldı. Üç gün ərzində Bakıda 10 mindən artıq insan qətlə yetirildi. Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, müsəlmanların bir çox ziyarətgahlarını dağıtmışdılar. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan “İsmailiyyə” binasına od vurmuşdular. Martın 30-dan aprelin 2-dək sürən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8027 azərbaycanlı (onlardan 2560-ı qadın, 1277-si uşaq idi) qətlə yetirilmişdi. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 16 mindən çox insanın həyatına son qoyulmuşdu. Lənkəranda, Muğanda minlərlə soydaşımız öldürülmüşdü. Ermənilər Dağlıq Qarabağda 150 azərbaycanlı kəndi tamamilə dağıtmış, Şuşada görünməmiş qırğınlar törətmişdi. 70 illik sovet ideologiyasının tarixşünaslığımıza tətbiq etdiyi “vətəndaş müharibəsi”, “müsavatçıların əks-inqilabi qiyamı” kimi saxtalaşdırılan mart hadisələri bolşevik-daşnak ittifaqının xalqımıza qarşı yeritdiyi növbəti soyqırım siyasəti idi. Biz isə uzun illər bu gerçək tarixdən məlumatsız olmuşuq, saxta ideoloji ehkamlar və beynimizə yeridilən yalan tarix nəticəsində yaddaşımız uzun illər tamamilə yad istiqamətdə köklənib. Halbuki hələ 1918-ci il iyulun 15-də Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qətllə bağlı çoxsaylı sənədlər, materiallar toplamışdı. 1919-cu ildə Xalq Cümhuriyyətinin parlamenti 31 martın Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul etmişdi. Lakin 1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin süqutu bu işləri də yarımçıq qoydu və Azərbaycan erməni-rus qüvvələrinin dəhşətli soyqırımının miqyasını dünyaya, beynəlxalq aləmə çatdıra bilmədi. Əvəzində ermənilər istər dünyaya səpələnmiş böyük diasropu vasitəsilə, istərsə də Ermənistanda daşnak hakimiyyətini əvəz etmiş sovet hakimiyyətinin (bu məsələdə onların mahiyyətcə elə bir fərqi yox idi) təbliğat maşınının köməyi ilə qondarma “soyqırımı” kampaniyasına geniş vüsət verdilər. Azərbaycandakı 70 illik sovet tarixi isə bizi gerçək tariximizdən uzaq saldı. Hətta dəhşətli soyqırımın qurbanı olmuş minlərlə soydaşımızın uyuduğu qəbiristanlığın üstünü betonlayaraq üstündə Kirovun möhtəşəm heykəlini qurmuş, ətrafda isə istirahət parkı salmışdılar. Çünki o tarix və dəhşətlərin üstü sözün bütün mənalarında betonlaşdırılmışdı. Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqların zəbti ilə müşayiət olunmuşdur. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini daim yadda saxlamalı və unutmamalıyıq. İki əsr davam edən soyqırımı gələcək nəsillərə olduğu kimi çatdırmalıyıq. Ötən dövr ərzində Azərbaycan dövləti tarixi gerçəklikləri, xalqımızın tam iki əsr boyu məruz qaldığı soyqırımı və etnik təmizləmənin dəhşətli miqyasını beynəlxalq aləmə çatdırmaq üçün xeyli iş görüb. Amma bu, yetərli deyil. Çünki hələ də dünya miqyasında ermənilərin saxta “tarixi” bizim gerçək tariximixi üstələyir. Ən əsası isə odur ki, tarix boyu xalqımızın başına nələrin gətirildiyini, çəkdiyimiz müsibətlərin gerçək miqyas və mahiyyətini özümüz dərindən dərk etməliyik. Bunun üçün isə həmin tarixi təkcə 31 mart günü deyil, hər gün xatırlamağa, öyrənməyə və unutmamağa borcluyuq. Qeyd: 1918-ci il martın 30-31-də erməni-bolşevik cəlladları Bakıda 10 mindən çox müsəlmanı qətlə yetirib.

Kiçik və orta yaş qrup oxucularla keçiriləcək “Qanlı tarix rəsmlərdə” adlı tədbirdə Azərbaycan Dövlət İncəsənət Muzeyində soyqırımla bağlı rəssamlarımızdan Mikayıl Abdullayevin, Kamil Nəcəfzadənin, Böyükağa Mirzəzadənin, Əmirbəy Nərimanbəyovun, İlqar Əkbərovun, Sara Manafovanın əsərlərinə baxmaq olar. Görkəmli sənətkarlarımızın ürək ağrısı ilə yaratdığı hər bir əsər tariximizin yaddaşı olmaqla bərabər müstəqillik yolunda xalqımızın keçdiyi keşməkeşli taleyindən söz açır. Sərgidəki əsərlərdə anaların ah-naləsi, dağıdılmış evlər, viran qalmış od-ocaq, vəhşicəsinə öldurulmuş insanlar haqqında oxucuların fikirlərini öyrənməklə onları bu qanlı tarixi unutmamağa səsləmək lazımdır. Uşaq kitabxanalarında inşa və rəsm müsabiqələri də keçirilə bilər. Kitabxananın girəcəyində keçiriləcək müsabiqənin elanı asılır. Orada tədbirin keçirilməsi ilə bağlı bütün şərtlər göstərilir. Hər iki müsabiqədə iştirak edən oxucular bir daha erməni terroruna, faşizminə öz münasibətlərini bildirmiş olurlar. Müsabiqədə fərqlənənlər mükafatlandırılmaqla yanaşı tədbirlə bağlı yazılar uşaq qəzetlərinə verilməlidir. “Azərbaycanlıların soyqırımı bədii ədəbiyyatda” adlı tədbiri orta və yuxarı yaşlı oxucularla keçirmək olar. Əvvəlcə onlara C.Cabbarlının soyqırıma həsr olunmuş “Dur, ey xar olan millət” şerinin, “Əhməd və Qumru” hekayəsinin, “Bakı müharibəsi” dram əsərinin, Seyid Hüseynin “Əli və Nino” romanının, Məhəmməd Hadinin “Şühadeyi hürriyətimizin ərvahinə ithaf” şerinin icmalını keçirmək lazımdır. Sonra isə həmin əsərləri oxuyub olnar haqqında ətraflı məlumata malik olan oxucularla diskusiyya keçirmək olar. Böyük yaşlı oxucularla Seyid Hüseynin “Əli və Nino” romanı üzrə oxucu konfransı keçirmək olar. Anım gecələrinin uşaq kitabxanalarında təşkili daha maraqla oxucular tərəfindən qarşılanır. Bu məqsədlə də ədəbi-bədii gecənin ssenarisini veriirik:

 Bunu hamı bilməlidir

  • 1813-1828-ci ilə qədər Azərbaycan ərazisi təxminən 410 min kv.km idi. 1813-1828-ci illərdə Azərbaycan əraziləri: İran əsarəti altındakı Cənubi Azərbaycan – sahəsi təxminən 280 min kv.km.
  • Rusiya əsarəti altındakı Şimali Azərbaycan – sahəsi təxminən 130 min kv.km
  • 1918-ci ildə Rusiyanın təzyiqi ilə ermənilərə verilmiş İrəvan xanlığı – sahəsi 9 min kv.km.
  • Rusiya əsarəti altındakı Dərbənd xanlığı – sahəsi təxminən 7min kv.km.
  • 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının qurulduğu ərazisinin sahəsi təxminən 114 min kv.km.
  • 1920-ci ildə ADR-i işğal edən rus sovet imperiyasınn bölüşdürdüyü Azərbaycan əraziləri:

Ermənistan SSR-nin qismən nəzarətinə verilən Zəngəzur, Göyçə, Şərur, Dərələyəz, Dilican və gürcülərin qismən nəzarətinə verilən (Gürcüstan SSR) Borçalı – birlikdə sahəsi: təxminən 27,4 min kv.km.

  • 1920-1991-ci illərdə SSRİ əsarəti altında qalmış Azərbaycan SSR-nin ərazisi – 86,6 min kv.km.
 
 Azərbaycanın 1988-1994-cü illərdə ermənilər tərəfindən işğal edilmiş əraziləri
  • Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocalı, Əskəran, Xocavənd, Ağdərə, Hadrut) İşğal tarixi –1988-1994-cü illər. Sahəsi: 4400 kv.km.
  • Şərur rayonunun Kərki və Günnüt kəndləri (17 fevral 1990) – 19 kv.km.
  • Laçın (17 may 1992-ci il)- 1835 kv.km.
  • Ağdam (23 iyul 1993-cü il) – 1094 kv.km.
  • Cəbrayıl (18 avqust 1993-cü il) – 1050 kv.km.
  • Füzuli (23 avqust 1993-cü il) – 1386 kv.km.
  • Qubadlı (31 avqust 1993-cü il) – 802 kv.km.
  • Zəngilan (30 oktyabr 1993-cü il) – 707 kv.km.
Sayta daxil Ol

Conversation Club

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2019