Bismilləhir-rahmənir-rahim Hamımızın bildiyimiz və etiqad bəslədiyi kimi Quran Allahu-Təala tərəfindən göndərilən səmavi kitabdır. Quran elə bir kitabdır ki, bizi hidayətə çağırır, doğru yolu göstərir. Müəllifi hər kəsdən çox sevdiyimiz Rəbbimiz olan bu kitabı nə üçün oxumuruq? Axı hansı sevgili vardır ki, istəklisinin göndərdiyi məktuba biganə yanaşıb onu oxumasın? Buna sevgi demək olarmı? Səfərə gedərkən altından keçdiyimiz bu kitabın bir dəfə də olsa içindən keçək. Evimizin ən təmiz yerinə qoyduğumuz bu kitabı bir dəfə və heç olmasa bir ayəsini Allahın evi olan qəlbimizə qoyaq! Çünki Allahın kitabı Allahın evində olmalıdır. Bəlkə 10 dəqiqəlik telefonda sms yazmaqdan, komputerdə oyun oynamaqdan, boş-boş danışıqdan, televizorda mütriflərin klip və verlişlərinə baxmaqdan, lazımsız musiqilərə qulaq asmaqdan başımızı ayırıb Onun göndərdiyi məktuba – Qurana vaxt ayıraq. Biz həyatımızı bu mənasız əyləncələr ilə keçirsək də bir gün bizi bunlardan ayıracaqlar. Lakin o vaxt ayırmaq Allahın əmri ilə Əzrail vasitəsilə olub bizi qəbrə aparacaq. Odur ki, bəlkə ayılaq. Ayılaq ki, qəbir günümüz üçün bir əməl aparaq. Axı qəbir və qiyamətdə sorğu olunarkən “Niyə namaz qılmadın?” deyə soruşularkən nə cavab verəcəyik? Deyəcəksən ki “bunu bilmirdim?” Amma bu boş bəhanədir. Çünki vaxtı var idi, açıb Qurani oxuyardın, bilərdin. Desən ki “vaxtım yox idi”, bu da cavab deyil çünki hansı müğənninin bu gün hara getdiyini, necə geyindiyini, nə dediyini, necə soyunduğuna tamaşa edə bilirsən, lakin Rəbbinin kitabını oxumağa vaxt tapmırsan? Nə qədər gec deyil açaq kitabımızı, oxuyaq! Görək bizi anadan da çox sevən Yaradanımız olan Allah nə deyir? “Kitabdan (möhkəm) yapışanlar, (vaxtlı-vaxtında, lazımınca) namaz qılanlar (bilsinlər ki) Biz əməlisalehlərin mükafatını zay etmirik!” (Əraf - 170) “Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin!” (Bəqərə - 21). Bəs biz niyə ibadət etmirik? Bəs biz niyə namaz qılmiriq? Yəqin qəlbimizdəki şeytanın bu sözünə görə: “Namaz çətindi, bacarmassan!”. Amma Allah nə deyir? Bəqərə surəsinə müraciət edək: “Namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir. Belə kimsələr Rəbbinin mərhəmətinə qovuşacaqlarını və axırda Onun hüzuruna qayıdacaqlarını bilirlər.”(Bəqərə - 45,46). Bəli namaz qılmaq asand deyil, amma Allaha və qiyamət gününə etiqad bəsləyən insan üçün bu asand bir işdir. Allahı sevən kəs Allah ilə danışmaqdan – namaz qılmaqdan ləzzət və kömək alır. Namaz doğru yoldur. Namazsız doğru yol yoxdur: “Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur doğru yol!” (Ali-İmran – 51) Namaz insanı günahlardan və pis işlərdən çəkindirən əməldir: “Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın cəlalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür.” (Ənkəbut – 45). Axı nə haqqı ilə deyə bilərik ki, namaz vacib deyil? Namaz qocalar üçündü? Və s. bəhanələr ilə özümüzü aldadırıq. Halbuki Quranda namaz qədər təkid olunan bir əməl yoxdur. Bu haqqda olan ayələrdən bir neçəsinə nəzər yetirək: “Namaz möminlərə bəlli vaxtlarda vacib edilmişdir.” (Nisa - 103) “İman gətirən bəndələrimə de: “(Vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar.” (İbrahim - 31) “Namaz qılın, Allahdan qorxun, hüzuruna toplanacağınız məhz Odur!” (Ənam - 72) “Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!” (Bəqərə - 43) “Öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et! (Namaz qılanlarla bir yerdə namaz qıl!)” (Ali-İmran – 43) “Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!” (Taha – 14) “Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!” (Loğman – 17) Axı namazsız bəndənin Allah dərgahında nə qədir – qiyməti ola bilər? “Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?” (Furqan – 77) Namaz elə əməllərdəndir ki, mükafatı digər əməllərin mükafatından qat-qat üstündür. Quran namaz haqqında buyurduğu mükafatı başqa yaxşı əməllər barədə qeyd etməmişdir: “Və o kəslər ki, namazlarını (layiqincə) hifz edərlər. Məhz onlar cənnətlərdə ehtiram olunacaq (əzizlənəcək) kimsələrdir!“ (Məaric – 34, 35). “Namaz qılın, zəkat verin! Özünüzdən ötrü (əvvəlcə) etdiyiniz xeyri (yaxşı əməllərin əvəzini) Allah yanında taparsınız.” (Bəqərə - 110) “İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!” (Bəqərə - 277) “Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, sizə rəhm olunsun!” (Nur-56) “O kəslər ki, namaz qılar, zəkat verər və axirətə tam yəqinliklə inanarlar. Onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar da (axirət əzabından qurtarıb savaba yetişənlər də) onlardır!” (Loğman – 4,5) Hətta bəzən Allah Quranda namazı inanılması vacıb olan əqidələr ilə (Allahın təkliyi, axirət) bir cərgədə səsləndirir: “Axirətə iman gətirənlər ona da iman gətirər, namazlarını da qoruyub saxlayarlar” (Ənam - 92) “Lakin onların elmdə qüvvətli (möhkəm) olanları və möminləri sənə nazil edilənə və səndən əvvəl nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Biz, əlbəttə, onlara böyük mükafat verəcəyik!” (Nisa – 162). Yəni ayə namazın nə qədər önəmli olduğunu bizə çatdırır. Namazı müsəlman olmağın əsasını təşkil edən əqidələr ilə bir cərgədə səsləndiri və onlar kimi vacib bilir. Allah namaz qılanları tərif edir: “Onlar ibadət üçün yataqlarından qalxar, qorxu və ümid içində Rəbbinə namaz qılar və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər.” (Səcdə - 16). “Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. (Qiyamət günü onlar üzlərindəki möminlik nuru alınlarındakı möhür yeri ilə tanınırlar). Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!” (Fəth – 29). Namaz həm də günahlarımızı bağışladan ən gözəl əməldir: “Allah buyurmuşdu: “Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz, Allaha (Allah yolunda) gözəl bir borc (sədəqə) versəniz, əlbəttə, günahlarınızın üstünü örtər və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edərəm.” (Maidə - 12) “Namazı gündüzün iki başında (sübh və günorta) və gecənin (gündüzə yaxın) bəzi saatlarında qıl. Həqiqətən, (namaz kimi) yaxşı əməllər pis işləri yuyub aparar.” (Hud – 114) “(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır. O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!” (Əla – 14,15) Namaz Allaha yaxınlaşmaq üçün ən gözəl vasitədir. “Sən ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş!” (Əla – 19) Qəlbində ki şeytan sənə vəsvəsə etməsin ki, “namaz sənin üçün vacib deyildir”. Axı buna nə dəlilin var? Halbuki Allah ağlı başında olan, həddi buluğa çatmış hər insana namazı vacib etmişdir. Yuxarıdakı ayələr də bunu çatdırdı. Hətta müharibədə, təhlükədə, səfərdə olarkən belə namazı vacib bilmişdir: “Əgər (düşməndən və yırtıcı heyvandan) qorxsanız, (namazınızı) piyada gedə-gedə və ya minik üstə (qılın). (Təhlükədən sovuşmağınıza) əmin olduqda isə Allahı, bilmədiyiniz şeyləri (namazı, duanı) sizə (Peyğəmbər və Quran vasitəsilə) nə cür öyrədibsə, o cür anın (zikr edin, namaz qılın)!” (Bəqərə - 239). Namaz insanın son nəfəsinə də ona vacibdir: “Mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu.” (Məryəm - 31) “Sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et!” (Hicr - 99) Ey nəfs axı “Göylərdə və yerdə olan (bütün) canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər!” (Nəhl - 49). Lakin bəzi insanlar Allaha ibadət etməyi özlərinə sığışdırmırlar. “İsa əl-Məsih də, yaxın mələklər də Allahın qulu olmağı əsla özlərinə ar bilməzlər. Allah Ona ibadət etməyi özünə ar bilənlərin və təkəbbür göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır!” ( Nisa – 172) . Allah bizi bu xislətdən qorusun! Daxilimizdə olan şeytani nəfs bizi cəhənnəmə sürükləyir. Amma bil ki, namazı tərk edən insan Cəhənnəm əhlidir: “Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Fəyy dərəsinə düşəcəklər” (Məryəm – 59) “Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər): “Sizi Səqərə (Cəhənnəmə) salan nədir?” Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik;” (Muddəssir – 41-43) “Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman, Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)! Beləliklə, o (kafir Əbu Cəhl) nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı.” (Qiiyamə - 30,31) “O gün vay halına (qiyaməti) yalan sayanların! Onlara: “Namaz qılın!” – deyildiyi zaman namaz qılmazlar!” (Mursəlat – 47,48) Demə ki, işlərim çoxdur namaz qılmaqla çatdıra bilmərəm. Çünki Allah buyurur: “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günüdən) qorxarlar. (Onların vaxtlı-vaxtında, lazımınca ibadət etmələri, Allahdan qorxub pislikdən çəkinmələri ona görədir ki) Allah onlara etdikləri əməllərin ən gözəl mükafatını (yaxud gördükləri ən yaxşı işlərin əvəzini) versin, onlara olan lütfünü artırsın. Allah dilədiyinə saysız-hesabsız ruzi verər.” (Nur-37,38) Namazı tərk etmək insanı müşrik, riyakar edər. “Namaz qılın və müşriklərdən olmayın!” (Rum-31) Əziz qardaşım oxu bu Quran ayələrini: “İndi siz bu kəlama (Qurana) təəccübmü edirsiniz? Həm də gülürsünüz, heç ağlamırsınız! Siz (qəflət içində) oynayır-əylənirsiniz (ona etina etmirsiniz). (Ey insanlar!) Gəlin Allaha səcdə edin, (Allaha) ibadət edin! (Ondan başqasına itaət etməyin!)” (Nəcm – 59-62). Bilirsənmi ki, dünyada namaz qılmayan insan Qiaymətdə də bəndəliyini etiaf edə bilməyəcək? “İş çətinləşəcəyi (baldırlar açılacağı, lüt-üryan vəziyyətdə qiyamətə gedəcəkləri, qiyamət bütün dəhşəti ilə görünəcəyi, həqiqət aşkar olacağı) və səcdəyə (namaza) dəvət olunacaqları gün onlar (səcdə etməyə) qadir olmayacaqlar. Gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar (dünyada) sağlam olduqları ikən səcdəyə dəvət olunurdular.” (Nun – 42,43). Nə qədər gec deyil oxuduqlarindan nəticə çıxart! Əks halda Allahın eşqindən məhrum olub, əzaba düçar olarsan! Allah bizi namaz qılanlardan etsin! Amin!
|