- Namaz möhürlə qılınmalıdır, ya möhürsüz? Quranda bu sualın açıqlaması var?
- Quranda namazın möhürlə qılınmasına dair hər hansı bir ayə yoxdur. Allah namazlarınızı qəbul etsin!
Hicablı qadınla cinsi əlaqədə olmaq olar?
- Cinsi əlaqədə olmaq yalnız şəri kəbin kəsildikdən sonra düzgündür. Və qadının bu məsələdə hicablı olub-olmaması şərt deyil.
- Qadınların namaz qılarkən ayaqlarını sağ tərəfə çıxarması vacibdir?
- Xeyr, namazda oturarkən qadınların ayaqlarını sağ tərəfə çıxarmaları vacib deyil, kimə necə rahatdırsa, elə də otura bilər. Oturarkən ayaqları sağ tərəfə çıxarmaq da olar, sağ ayağı sol ayağın içinə qoymaq da.
- Namaz qılarkən ağlamaq olar? Günah deyil? Bu, namazı batil edir?
- Dünyəvi işlər üçün namaz üstə ağlamaq olmaz. Yox, əgər günahları xatırlayıb ağlayırsınızsa, günah deyil. Allah imanımızı kamil etsin!
- Səhhətimlə bağlı namazı dayandırmaq məcburiyyətindəyəm, həkimlər belə deyir. Nə etməliyəm?
- Namaz heç bir halda təxirə salınmamalı olan yeganə ibadət növüdür. Əgər əyilib-qalxa bilmirsinizsə, oturan yerdə namaz qılın, bu da mümkün deyilsə, uzandığınız yerdə namaz qılın. Çətinlik dəstəmaz almaqdadırsa, sağalanadək təyəmmümlə namaz qılın, təyəmmüm almaq da mümkün deyilsə, sadəcə olaraq namaz qılın. Allahdan qorxun, namazı heç bir halda tərk etməyin.
- Bəzən məcbur olub möhürsüz namaz qılırıq. Bu halda qıldığımız namazlar düzgündür?
- İnşallah düz olar və Allah onları qəbul edər. Getdiyiniz evlərdə möhür olmadıqda və ya özünüzlə möhür götürmədikdə adi yazılmamış kağız parçasına və ya təmiz, yeyilməyən-geyilməyən şeylərin üzərinə səcdə edə bilərsiniz. Allah namazlarınızı qəbul etsin!
- Dinimizə görə, sevdiyim şəxslə telefonla, internet vasitəsilə danışmaq və ya mesaj yazmaq olar?
- Yaxından tanışlıq məqsədilə bu kimi söhbətlərin maneəsi yoxdur. Bir şərtlə ki, harama yol verilməsin.
- Hər ay oynanılan lotereya biletləri ilə pul udmaq olar?
- Xeyr, bu kimi oyunlarda iştirak etmək olmaz, bu iş günah, uduş yolu ilə əldə olunun pullar isə haram qazanclara aiddir.