Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən “Magistr” xüsusi buraxılışının 3-cü sayı nəşr edilib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, jurnalda ali təhsil müəssisələrinin magistraturalarının bütün ixtisaslaşmalarına qəbul proqramlarını təqdim olunub.
Hər bir bakalavr vəsaiti əldə etdikdən sonra “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə diqqətlə tanış olmalıdır. Bakalavrlar bu siyahı əsasında bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura istiqamətləri və ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsi və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər. Hər bir bakalavr qəbul imtahanının I mərhələsindəki nəticəsindən asılı olaraq ona seçmək hüququ verilən ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır.
Qeyd edək ki, magistraturaya ixtisaslaşma seçimi haqqında elan, qəbul aparılan ixtisaslaşmaların siyahısı və digər zəruri məlumatlar “Magistr” xüsusi buraxılışının növbəti sayında təqdim olunacaq.
Xatırladaq ki, 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları “Magistr” xüsusi buraxılışının 2011-ci il 1-ci sayında, qəbul elanı isə 2-ci sayında dərc edilib. TQDK cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini 2011-ci il fevralın 20-də keçirib və bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür), xarici dil və informatika fənni üzrə bilikləri test üsulu ilə yoxlanıb.