Bu gün 18 rayonda XI siniflər buraxılış imtahanı verib Bu gün Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarının ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirilib. XI siniflər üzrə 54 imtahan mərkəzində 16681 şagird imtahan verib. İmtahan ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən aparılıb. Qeyd olunan bölgələr üzrə ötən tədris illərində attestat ala bilməyən 1874 nəfər XI sinif məzunu da bu gün 18 imtahan mərkəzində imtahan verib. İyunun 4-də isə həmin rayonların ümumtəhsil məktəblərinin IX siniflərində təhsil alan 25586 şagird 57 imtahan mərkəzində ana dili və riyaziyyat fənlərindən imtahan verəcək. Qeyd edək ki, orta təhsil pilləsi üzrə buraxılış imtahanı ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən aparılır. İmtahan test suallarının sayı 120-dir. Əsas təhsil pilləsi üzrə buraxılış imtahanı ana dili və riyaziyyat fənlərindən keçirilir. İmtahan test suallarının sayı 50-dir. XI siniflər üzrə buraxılış imtahanlarının aparılmasına 3 saat, IX siniflər üzrə isə 1 saat 30 dəqiqə vaxt ayrılır.
|