Allah qurbanlarınızı qəbul etsin! Bu gün İslam aləmində ən böyük bayramdan biri olan Qurban bayramı qeyd olunur. İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində böyük təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.Bayramla əlaqədar Azərbaycanda bu il 16-17 noyabr tarixləri Azərbaycanda Qurban bayramı kimi qeyd olunur və qeyri-iş günü elan edilib.
Qeyd edək ki, Qurban bayramı ən qədim bayramlardandır. Qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub. Dini qurban kəsmə İbrahim peyğəmbərin adı ilə bağlı mərasimdir.Allah İbrahim peyğəmbərin imanını yoxlamaq üçün yuxuda ona oğlu İsmayılı qurban verməyi əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır olur, İsmayıl özü də qurban olmağa razılaşır. İbrahim peyğəmbərin imanına sadiqliyini təsdiqlədiyi üçün Allah son anda ona qurban kəsmək üçün qoç göndərir
“Qurani-Kərim”ə görə, oğlu İsmayılı Allah yolunda qurban kəsməyə hazır olan İbrahim peyğəmbərin bu əməli əsl möminlik kimi qiymətləndirilir və Allah-təala İbrahim peyğəmbərə oğlu İsmayılın əvəzində qurban kəsmək üçün iki cüt qara qoç göndərir. Bu səbəbdən bütün dünya müsəlmanları hər il İbrahim peyğəmbərin və oğlu İsmayılın xətrinə qurban kəsirlər.
Qurban bayramı Ramazan ayının qurtarmasından 70 gün sonra - zilhiccə ayının 10-da qeyd edilir və adətən 4 gün davam edir. Bu müqəddəs gündə müsəlmanlar Allaha olan məhəbbətlərini və sədaqətlərini nümayiş etdirmək üçün qurban kəsirlər.Qurban bayramda hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Bu müqəddəs bayram münasibətilə bu gün Bakıda və Azərbaycanın bütün bölgələrində qurbanlar kəsilir.
Şəriət qaydalarına əsasən kəsilən heyvanlar sağlam və qüsursuz olmalıdır. Qurbanlıq dəvə və dananın 5, qoç və keçinin isə 1 yaşında olması məsləhətdir. Eyni zamanda, qurbanlıq adı ilə bazardan ət alınması, eləcə də satılması şəriətlə qəbuledilməzdir. İslam dininin qaydalarına görə, kəsilən qurbanlıq 3 yerə bölünə bilər. Bu payların qurban kəsən şəxsin ailəsinə, yaxın qohumlarına və yoxsullara paylanması məsləhət görülür. Qurban sahibinin özü ehtiyac sahibidirsə kəsilən ətin hamısını özünə saxlaya bilər. Bayramın ilk günü kəsilməyən qurbanı isə bayramın ikinci və üçüncü günü də kəsmək olar.
Allah bu bayramda hər kəsə bir tikə də olsa qurban əti yeməyi nəsib etsin! Allah kəsilən qurbanlarınızı qəbul etsin İnşallah!
Amin!