Azərbaycan prezidenti də ailə üzvləri ilə birgə paytaxtda keçirilən Gül bayramında iştirak edib.
Heydər Əliyevin anadan olmasının 88 illiyi münasibətilə Bakıda Gül bayramı keçirilir.
Bakıya dünyanın 50 ölkəsindən 10 milyona yaxın gül gətirilib
Park yerli və xarici mütəxəssislərin köməyilə gül-çiçəklərlə bəzədilib. Parkın dəmir hasarlarına "qonan" güllərdən hazırlanmış kəpənəklər, işıq dirəklərinə sarmaşaçiçəklər parka xüsusi estetik zövq verir.
Gül bayramında üzəri çiçəklərlə və Heydər Əliyevin potretilə bəzədilən hava şarlarını da görmək mümkün idi. Bundan başqa, al-əlvan geyinən balacalar da bayrama xüsusi rəng qatırdı. Milli ordunun bir qrup əsgəri isə hərbi orkestrin müşayiəti Rəşid Behbudov küçəsi boyunca irəliləyirdi.
Bayram 3 gün saat 11:00-dan 19:00-dək davam edəcək.
Qeyd edək ki, bu gün Dənizkənari Milli Parkda konsert proqramı da təşkil olunacaq. Gül bayramının sonunda atəşfəşanlıq olacağı planlaşdırılır.
APA-nın məlumatına görə, bu gün saat 11:00-da Heydər Əliyev Sarayının qarşısındakı Heydər Əliyev Parkında başlayan bayram şənliyi saat 19:00-dək davam edəcək.
Saat 21:00-da isə Milli Parkın ərazisində Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə konsert və atəşfəşanlıq olacaq.
Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycan prezidenti İlham Əliyev bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.
APA-nın məlumatına görə, dövlət başçısı xanımı Mehriban Əliyeva ilə birlikdə H. Əliyevə ehtiramını bildirib, məzarı önünə əklil qoyub.
Prezident İ. Əliyev akademik Zərifə Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə çiçək dəstələri düzüb.
Prezidentlə yanaşı, Azərbaycanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri də Heydər Əliyevin məzarını ziyarət ediblər. Bunun ardınca isə sadə vətəndaşların ziyarəti başlayıb.
Ziyarət axşam saatlarına qədər davam edəcək.
Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Bakıda keçirilən Gül bayramında iştirak edib.
APA-nın məlumatına görə, prezident və ailə üzvləri ulu öndərin abidəsini ziyarət ediblər.
Mehriban Əliyevaya və ailə üzvlərinə xüsusi növdən olan ağ zanbaqlardan buketlər təqdim edilib. Bildirilib ki, bu ağ zanbaqlar Holland-Azərbaycan Dostluq Cəmiyyəti ilə Hollandiya Zanbaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyası tərəfindən dünyada ilk dəfə olaraq Mehriban xanımın adına yetişdirilib və bundan sonra onun adını daşıyacaq. Azərbaycanın birinci xanımı sertifikatı imzalayıb. Sənədin nüsxəsi M. Əliyevaya təqdim olunub. Sertifikatlardan daha biri Zanbaqların Kultivasiyası Beynəlxalq Reyestr Təşkilatının, digəri isə Hollandiya Zanbaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyasının nümayəndələrinə təqdim edilib.
Dövlət başçısı, M. Əliyeva və ailə üzvləri Holland-Azərbaycan Dostluq Cəmiyyətinin direktoru Marion van der Vegtlə xatirə şəkli çəkdiriblər.
Prezident İ. Əliyev və ailə üzvləri gül kompozisiyalarına tamaşa ediblər.