Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən “Abituriyent” jurnalının 1-ci sayı nəşr edilmişdir. Burada 2011/2012-ci tədris ili üçün Respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları və bütün səviyyələrdən olan təhsil müəssisələrinə qəbul imtahanı proqramları verilib. Hər bir abituriyent tələbə qəbulunun hüquqi əsaslarını təşkil edən və ən etibarlı oriyentir rolunu oynayan bu sənədlərlə diqqətlə tanış olub öz fəaliyyətini onların tələblərinə uyğun qurmalıdır.
Jurnalda aşağıdakı materiallar əksini tapmışdır:
2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları
Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı proqramları
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik)
qəbul imtahanı proqramları
Hərbi liseylərə qəbul imtahanı proqramları
Ali təhsil müəssisələrinə qəbul imtahanı fənləri üzrə test tapşırığı nümunələri
Fənlər üzrə açıq tipli test nümunələri
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları
“Soruşun, cavab verək” rubrikasında oxucuların sorğularına TQDK mütəxəssislərinin izahlı cavabları
Test tapşırıqlarının düzgün cavabları və balların hesablanma qaydası
Qəbul qaydaları - Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılacaq. Abituriyentlər TQDK tərəfindən təyin olunacaq vaxtda internet vasitəsilə TQDK-nın rəsmi saytında “Abituriyentin elektron ərizəsi”ni dolduraraq, müvafiq sənədləri TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komis¬si¬yalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini rəsmiləşdirəcəklər. Qəbul imtahanları keçirildikdən sonra müsabiqə şərtlərini yerinə yetirən abituriyentlər “Elektron ərizə”lərində qəbul olmaq istədikləri ixtisas kodlarını qeyd edəcəklər.
Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı proqramları - TQDK-nın nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlarda aparılan təhlillər, müzakirələr nəticəsində 2010/2011-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının proqramları hazırlanmışdır. Proqramlar qüvvədə olan məktəb proqramlarına və dərsliklərə tamamilə uyğun tərtib olunmuşdur.
Orta ixtisas məktəblərinə ümumi orta təhsil bazasında (9 illik)
qəbul imtahanı proqramları – Orta ixtisas məktəblərinə ümumi orta təhsil bazasında (9 illik) qəbul olmaq istəyən abituriyentlər Ana dili, Azərbaycan tarixi və Riyaziyyatdan imtahan verirlər. Həmin fənlər üzrə qəbul proqramları da junalın bu sayında dərc olunmuşdur.
Hərbi liseylərə qəbul imtahanı proqramları – Hərbi liseylərə qəbul olmaq arzusunda olan gənclər Azərbaycan dili, Riyaziyyat, Fizika və Kimya fənlərindən imtahan verirlər. Jurnalda bu fənlər üzrə qəbul proqramları da təqdim olunmuşdur.
Test tapşırığı nümunələri – Jurnalın bu sayında yeni test modelləri dərc edilib. Abituriyentlər bu testlər vasitəsilə öz hazırlıq səviyyələrini yoxlaya, növbəti qəbul imtahanlarında onlara təqdim olunacaq sualların çətinlik səviyyəsini müəyyənləşdirə bilərlər. Növbəti bölmədə həmin test tapşırıqlarının düzgün cavabları və balların hesablanması qaydası da verilmişdir.
Fənlər üzrə açıq tipli test nümunələri - Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-ci ildə qəbul imtahanlarında açıq tipli (inventiv) test tapşırıqlarından da istifadə etməyi planlaşdırır. Jurnalın bu sayında gələcəkdə istifadə edilməsi nəzərdə tutulmuş açıq formalı test tapşırıqlarının nümunələri təqdim olunur. Xatırladaq ki, bu il qəbul imtahanlarında riyaziyyat fənni üzrə test blokuna açıq tipli testlər də daxil ediləcək.
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları - Məlum olduğu kimi, xüsusi təyinatlı təhsil müəssisələrinə, yəni Polis Akademiyasına, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, Ali Hərbi Məktəblərə, Tibb Universitetinin Ali Hərbi Tibb Fakültəsinə, Orta Hərbi Tibb Məktəbinə və Hərbi liseylərə qəbul iki mərhələdə aparılır. Birinci mərhələdə abituriyent həmin təhsil müəssisələrində təşkil olunmuş həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilmiş fənlərdən TQDK tərəfindən keçirilən test imtahanı verməlidir. Jurnalda yuxarıda qeyd olunan tədris müəssisələrinə sənəd qəbulunun tarixi, tələb olunan sənədlərin siyahısı və digər zəruri materiallar dərc olunmuşdur. Bu bölmədə Türkiyə Respublikasının Quru Qoşunlarının Ali Hərbi Məktəbinə və Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə qəbul elanları da təqdim olunmuşdur.
“Soruşun cavab verək” - Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına mütəmadi olaraq ictimaiyyətin müxtəlif nümayəndələrindən çoxlu sayda sual, məktub və müraciətlər daxil olur. Jurnalın bu rubrikasında oxuculardan TQDK-ya daxil olan ən səciyyəvi sorğu və müraciətlərə Komissiyanın mütəxəssisləri tərəfindən hazırlanmış cavablar təqdim edilib. Yəqin ki, bu material da qəbulla bağlı gəncləri maraqlandıran bir çox məqamlara aydınlıq gətirəcək.