Bu günün ilk dəfə bayram edilməsindən 100 il keçir 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Bu günün ilk dəfə bayram edilməsindən 100 il keçir. Qadın hüquqları uğrunda beynəlxalq hərəkatın banisi Klara Setkin 1910-cu ildə Kopenhagendə, Sosialist Qadınların Beynəlxalq Konfransında 8 Mart Beynəlxalq Qadınlar Günü təsis edilməsi təklifi ilə çıxış edib. O vaxt həmin tarix əməkçi qadınların kişilərlə bərabər hüquqlar uğrunda mübarizədə beynəlxalq həmrəylik günü adlandırılıb. Bu yeni bayram ilk dəfə 1911-ci ildə dörd ölkədə - Avstriya, Almaniya, Danimarka və İsveçrədə qeyd edilib.
Sovet İttifaqında 8 Mart Beynəlxalq Qadınlar Günü ən sevimli və populyar bayramlardan biri idi. Müasir dövrdə 8 Mart bayramı MDB üzvü olan ölkələrin demək olar ki, hamısında dövlət səviyyəsində qeyd edilir. Bu dövlətlərin çoxunda 8 Mart iş günü deyil.
Lakin belə ehtimallar da var ki, bu bayramın tarixi daha qədimdir. Bir sıra qədim xalqlarda mövcud ənənələrə görə təbiətə və qadınlara xas olan gözəllik və bərəkət kimi keyfiyyətlər qışın son və baharın ilk ayında pərəstiş obyektinə çevrilirdi. Bütpərəstlər martın ilk günlərində ilahələrə dua edir, onlardan bol məhsul, ailə səadəti və firavanlıq diləyirdilər. Mart ayının birinci həftəsi başa çatandan sonra qurbanlar kəsilirdi.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Azərbaycanda qadınlar 2011-ci ilin mart ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,4 faizini və ya 4 milyon 602 min nəfərini təşkil edir. Qadınların 59,4 faizi nəsilvermə qabiliyyətinə malikdir və onların hər biri orta hesabla dünyaya 2,3 uşaq gətirib. Ötən il doğulmuş 165,6 min körpənin 46 faizi qızlardır.
Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri qadınların sağlamlığıdır. Hazırda ölkədə 31 doğum evi, 316 qadın məsləhətxanası, 592 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur və qadınlar arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,3 il yüksək olaraq 76,2 yaşa bərabərdir.
Ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayında xüsusi çəkisi 48,6 faizdir. Ümumtəhsil və orta ixtisas təhsil müəssisələrində müəllimlərin 74 faizi, ali təhsil müəssisələrində 46 faizi, həkimlərin 63 faizi qadınlardır. Ümumtəhsil məktəblərində şagirdlərin 46 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 46 faizi qızlardır. Elmin inkişafında da qadınların müstəsna rolu var. Hazırda doktorantların 46 faizini, bütün elmi işçilərin isə 51 faizini qadınlar təşkil edir. Son 5 ildə doktorluq dərəcəsi olan qadınların sayı 22 faiz artıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 12-si, akademiklərdən 3-ü qadındır.
Milli Məclisdə qadın millət vəkillərinin də sayı artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə parlamentində qadınların xüsusi çəkisi 16,0 faizə qədər artıb. Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən 4,9 dəfə artaraq 4081 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,2 faiz olub.
Bayramınız Mübarək Əziz Qadınlar!