ABU-ya qanunsuz telebe qebulu aparanlara hökm oxundu
10:21
Azərbaycan Beynəlxalq Unversitetinə (ABU) və digər ali məktəblərə qanunsuz yolla tələbə qəbulu etdirməkdə ittiham olunan şəxslərə hökm oxunub.
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə Müşfiq Muradov 4 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Bənövşə Hacıyeva isə 3 il şərti cəza alaraq, məhkəmə zalından azadlığa buraxılıb. İttihama görə, Binəqədi rayon Polis İdarəsinin keçmiş əməliyyat müvəkkili Müşfiq Muradovun və ABU-nun rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin katibəsi olmuş Bənövşə Hacıyeva Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərəfindən dələduzluq etmək) maddəsi ilə ittiham olunub.
Təqsirləndirilən şəxslər 2005-cü ildə bir qrup şəxslə cinayət əlaqəsinə girərək, ABU-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından kənar tələbələr götürülməsinə başlayıblar. Onlar əvvəlcə tələbələri Dağstanda olan universitetlərdən birinə qəbul etdirməyi, sonra isə onların ABU-ya köçürüləcəyini vəd ediblər. Təqsirləndirilən şəxslər 2005-2007-ci illər ərzində 100-dən çox vətəndaşı aldadaraq, pullarını mənimsəyiblər. Zərərçəkmişlərin şikayətindən sonra təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulublar.