Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müasir informasiya texnologiyalarının yaratdığı geniş imkanlar sayəsində vətəndaşlara göstərilən xidmətlərin asanlaşdırılması, təkmilləşdirilməsi istiqamətində müntəzəm olaraq yeniliklər edir. Ali məktəblərin bakalavr və magistratura pilləsinə ərizə qəbulunun internet vasitəsilə aparılıması, on-line sınaq imtahanlarının keçirilməsi, sınaq imtahanlarına yazılışın internetlə aparılması və s. çoxsaylı layihələr bu qəbildəndir. Qeyd olunan xidmət növlərinin bilavasitə elektron formada aparılması insanların vaxtlarına, enerjilərinə, maddi vəsaitlərinə qənaət imkanı yaratmaqla, onların rahatlığını təmin edir. Komissiya tərəfindən həyata keçirilən yeni xidmət isə TQDK-nın ödəmə kartlarının elektron satışına imkan yaradır. Belə ki, “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada ala bilər. Bunun üçün Komissiyanın internet saytında xüsusi bölmə -http://tqdk.gov.az/virtualkart/yaradılmışdır. İstifadəçi internet vasitəsilə həmin linkə daxil olaraq əldə etmək istədiyi ödəmə kartının (“Ali və orta ixtisas məktəblərinə ərizə qəbulu üçün” və ya “Sınaq imtahanlarına yazılmaq üçün”) növünü, plastik kartının növünü seçir və "İrəli" düyməsini basır. Bu əməliyyat bank əməliyyatı olduğuna görə səhifədə yazılan "Əməliyyatın məxfi kodu"nu yadda saxlamaq tələb olunur. Plastik karta aid məlumatları da daxil etdikdən sonra istifadəçiyə ödəmə kartının seriya nömrəsi və pin kodu ((iş nömrəsi və şifri) təqdim olunur və o, adi qaydada həmin kartdan istifadə etmək imkanı qazanır. Beləliklə, kredit kartına malik olan hər bir vətəndaş bu sistemdən istifadə etməklə TQDK-nın ödəmə kartını əldə edə bilər. Artıq ödəmə kartı almaq üçün hər hansı satış mərkəzinə üz tutmağa ehtiyac qalmır. Bu sistemin digər bir üstünlüyü xidmətdən istifadə üçün əlavə haqq tələb olunmaması, eləcə də günün istənilən vaxtında, ev və ya iş şəraitində rahatlıqla istifadə imkanı yaratmasıdır. Bu xidmət növündən istifadə zamanı abonentlərə aid olan məlumatların məxfiliyi, təhlükəsizliyi də tamamilə təmin olunur. Belə ki, on-line ödəmələri həyata keçirən “Golden Pay” sisteminə “Visa” və “MasterCard” tərəfindən nəzarət edilir. Sistem “Verified by Visa” və ”MasterCard SecureCode” lisenziyalarını əldə etmişdir. Təhlükəsizliyin artırılması məqsədilə “VerSign SSL” şifrələməsi də tətbiq edilir. Əlavə məlumatı http://www.tqdk.gov.az/virtualkart/ internet səhifəsindən əldə etmək olar.
|