Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən hadisə ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhlükəsizlik tədbirləri gücləndirilib. Ərazini müşahidə edən Lent.az-ın müxbiri xəbər verir ki, ali məktəbin giriş qapısında ən azı 5 nəfər ADPU əməkdaşı binaya daxil olanların tələbə biletləri yoxlayır. Tələbələr yalnız yoxlanışdan sonra içəri buraxılırlar. ADPU-nun mətbuat və informasiya şöbəsinin müdiri Mansur İbrahimov Lent.az-a açıqlamasında təhlükəsizlik tədbirlərinin gücləndirildiyini təsdiqləyib. O, bildirib ki, ADNA-da baş verən hadisə barədə məlumat aldıqdan dərhal sonra ADPU-nun rektoru Yusif Məmmədov prorektorlar, dekanlar və rəhbərliyə daxil olan digər şəxslərin iştirakilə iclas keçirib. “Onların hər birinə mühafizə işinin gücləndirilməsilə bağlı tapşırıq verildi. Ümumiyyətlə, ADPU-da mühafizə məsələsilə bağlı əvvəldən də böyük diqqət olub. Ancaq Neft Akademiyasındakı hadisədən sonra bu iş daha da gücləndirilib. Mühafizəni ADPU-nun təsərrüfat hesablı işçiləri keçirir. Mühafizə üçün kənardan işçilər gətirilməyib. Öz mühafizəçilərimiz isə ADPU-nun binasına daxil olan tələbələrdən tələbə biletini, kənar şəxslərdən isə şəxsiyyət vəsiqəsini tələb edir. Bir sözlə, ADPU-da ciddi nəzarət var” – deyə, Y.Məmmədov əlavə edib. Lakin o, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə tapşırığın Təhsil Nazirliyindən gəlməsi, yoxsa ADPU rəhbərliyi səviyyəsində verilməsi barədə məlumata malik olmadığını bildirib: “Mən ancaq universitetdaxili məsələlərlə bağlı məqamları bilirəm”.
|