Magistraturaya sənəd verən bakalavrlar öz ərizələrini təsdiq etdirə bilər
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və orta ixtisas məktəblərinə keçiriləcək imtahanlara, sənəd qəbulu prosesinə hazırlıq tədbirləri ilə əlaqədar rəsmi internet saytında (http://www.tqdk.gov.az) təkmilləşdirmə işləri aparır. Bu səbəbdən də saytda yerləşdirilən məlumatlarla tanış olmaq çətinləşib. Bununla belə, magistraturaya ərizələrin təsdiqi üçün heç bir maneə yoxdur.
TQDK-nın mətbuat xidmətinin əməkdaşı Elnur Nağızadə Lent.az-a deyib ki, saytın yalnız xəbər bölümü işləmir. Lakin magistraturaya sənəd qəbulu ilə əlaqədar ərizələrin təsdiqi üçün texniki problem yoxdur. Onun sözlərinə görə, hazırda sənəd qəbulu komissiyalarında magistraturaya sənəd verənlər öz ərizələrini təsdiq etdirmək imkanına malikdir.
“Həm magistraturaya sənəd qəbulu, həm də sınaq imtahanları ilə əlaqədar saytın müvafiq bölümləri adi qaydada işləyir. Aprelin 20-dən isə yeniləşmə tam başa çatacaq və bütün istifadəçilər üçün sayt açıq olacaq” - deyə, Elnur Nağızadə bildirib.