Başlıq » 2009»Aprel»6 » Paytaxtda avtomobil tunelinin ve yol ötürücüsünün açılışı olub
Paytaxtda avtomobil tunelinin ve yol ötürücüsünün açılışı olub
15:29
Nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi mərkəzinin təməli qoyulub və yeraltı piyada keçidinin əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış edilib
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 6-da paytaxtın Heydər Əliyev prospektində avtomobil tunelinin açılışında iştirak edib. Prezidentin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, dövlət başçısı rəmzi qırmızı lenti kəsib. Nəqliyyat naziri Ziya Məmmədov tunel barədə məlumat verib. Bildirilib ki, birtərəfli iki hərəkət zolağı olan tunelin eni 7 metrdir. Tikinti işlərini Türkiyənin “Kolin İnşaat” şirkəti aparıb. Tunel şəhərdən hava limanı və 8-ci kilometr yaşayış sahəsi istiqamətində avtomobillərin rahat hərəkətinə imkan verəcək.
Tikintisinə ötən ilin martında başlanılmış tunelin inşasında 400-450 nəfər çalışıb. Tunelin istinad divarları ilə birlikdə uzunluğu 400 metr, qapalı hissəsi isə 88 metrdir. Prezident bu gün həmçinin paytaxtın Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində yerləşən tunel tipli yol ötürücüsünün açılışında iştirak edib. Dövlət başçısı açılışı bildirən qırmızı lenti kəsib və ötürücü ilə yaxından tanış olub. Prezident İlham Əliyevə burada aparılmış tikinti işləri haqqında məlumat verilib. Aprelin 6-da Bakı şəhərində Nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi mərkəzinin təməli qoyulub. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Prezident İlham Əliyev əvvəlcə Mərkəzin maketinə baxıb. Dövlət başçısına Mərkəzin layihəsi, funksiyaları haqqında ətraflı məlumat verilib. Dövlət başçısı gilizi təmələ qoyub və beton qarışığı töküb. Prezident İlham Əliyev aprelin 6-da həmçinin paytaxtın Heydər Əliyev prospekti 56 ünvanda yerləşən yeraltı piyada keçidinin əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub. Dövlət başçısına burada aparılmış təmir işləri barədə məlumat verilib. Prezident görülən işlərdən razılığını bildirib.