Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 12-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə sınaq imtahanları keçirəcək. "İlk sınaq imtahanı Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Lənkəran, Quba, Şəmkir, Qazax, Yevlax, Sabirabad, Biləsuvar və Kürdəmir şəhərlərində keçiriləcək", - deyə TQDK-nın yaydığı məlumatda bildirilib. Məlumatda deyilir ki, sınaq imtahanlarına yazılış internet vasitəsilə aparılacaq. Bunun üçün abituriyentlər qiyməti altı manat olan və iki imtahana yazılmaq imkanı verən TQDK-nın "ödəmə kartı"nı əldə etməlidir. Həmin kartları aprelin 3-dən etibarən bütün şəhər (rayon) poçt şöbələrindən əldə etmək olar. Bundan sonra abituriyentlər ödəmə kartının seriya nömrəsi və PİN kodundan istifadə etməklə TQDK-nın internet saytının müvafiq səhifəsində sınaq imtahanına yazılmalıdırlar.
|