Respublikada 170-dən çox gənclər təşkilatı fəaliyyət göstərir
Artıq 3 ildir ki, Gənclər və İdman Nazirliyi tərəfindən paytaxtda gənclər təşkilatlarının sərgisi düzənlənir. Sərgilərdə gənclər təşkilatlarının fəaliyyəti, gördüyü işlər öz əksini tapır. Bu müddət ərzində regiondakı gənclər təşkilatlarının fəallığı nəzərə alınaraq, bu ilki analoji sərgi Gəncədə düzənlənəcək. Bu barədə jurnalistlərə müsahibəsində Gənclər və İdman nazirinin müavini İntiqam Babayev məlumat verib. Onun sözlərinə görə, bu sərgiyə qərb regionunda fəaliyyət göstərən təşkilatlarla yanaşı, respublika miqyaslı gənclər təşkilatları da qatılacaq. Beləliklə, onların gördüyü işlər, göstərdiyi xidmətlər barədə daha geniş məlumat əldə etmək imkanı yaranacaq. Bu il bütün regionlar kimi qərb bölgəsində də nazirlik tərəfindən gənclərin məşğulluğunun təminatı üçün karyera düşərgələri təşkil olunacaq. Düşərgələrdə gənclərin işlə təminatına kömək üçün bir sıra tədbirlər həyata keçiriləcək, işgüzar oyunlar təşkil ediləcək, müxtəlif şirkət rəhbərləri ilə görüşlər olacaq və onların işçiyə olan tələbatı araşdırılacaq. Bundan sonra bütün regionları əhatə edəcək karyera şəbəkəsinin yaradılması nəzərdə tutulur.