Martın 17-də Bakıda axır çərşənbəyə həsr edilmiş bir sıra bayram konsertləri keçiriləcək. Bakida duzenlenecek bu bayram şənliyi saat 11-də Azneft meydanında başlayacaq və Atəşgaha - qədim atəşpərəstlik məbədinə tərəf üz tutacaq. Bu rəngbərəng bayram yürüşünün iştirakçıları arasında Novruz bayramının əsas simaları, nağıl və epos qəhrəmanları - Bahar qızı, Keçəl-Kosa, cəngavərlər, Dədə Qorqud və başqaları olacaq. Qəhrəmanlar bəzədilmiş faytonlarda əyləşəcək. Yürüşün önündə isə 20 atlı gedəcək. Atəşgaha tərəf istiqamətlənəcək bayram yürüşü üç saat davam edəcək. Od qədim məbəddən götürüləndən sonra şəhərə gətiriləcək. Dədə Qorqud Bahar qızı ilə birlikdə odu Qız Qalasına qaldıracaq və Novruz bayramının gəlişinin rəmzi kimi orada məşəl yandıracaq, bununla da şəhər əhlini və qonaqlarını bu barədə xəbərdar edəcək.
Saat 19-da isə Qız Qalasının yanında xüsusi quraşdırılmış səhnədə iki saatlıq bayram konserti keçiriləcək. Konsert atəşfəşanlıqla başa çatacaq.
Martın 20-də, saat 10-da isə, Qoşa Qala qapısının qarşısında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bayram şənliyi keçiriləcək. Novruz bayramına həsr edilmiş üç saatlıq konsert proqramında incəsənət kollektivləri və estrada ulduzları iştirak edəcək.
İçərişəhərdə isə Qoşa Qala qapısından başlayaraq Qız Qalasına qədər Azərbaycan mətbəxinin ləziz yeməkləri təqdim olunacaq, bayram karnavalı keçiriləcək. Bayram konsertinin tamaşaçıları və qonaqlar milli mətbəximizin qədim və müasir yeməklərini, eləcə də ölkəmizin müxtəlif regionlarına xas təamları dada biləcəklər. Elə oradaca el sənətkarlarının əl işləri nümayş olunacaq, müxtəlif sərgilər təşkil ediləcək. Tamaşaçıları musiqiçilər, aşıqlar, muğam ustaları, meyxanaçılar, pəhləvanlar, kəndirbazlar, güləşçilər, milli folklor qəhrəmanlarımız, tarixi personajlar və rəqs kollektivləri əyləndirəcək.