Jurnalın bu sayında magistratura pilləsinə bütün ixtisaslar üzrə qəbul proqramları təqdim olunub. Proqramlar bakalavr pilləsinin ixtisas sahələri üzrə 4 kitabçada qruplaşdırılaraq nəşr edilib:
* "Texniki elmlər" (T), "Təbiət – texniki elmlər" (TT), "Aqrar və balıq təsərrüfatı" (AT) və "Ekologiya və təbiətdən istifadə" (ET) istiqamətləri üzrə ixtisaslar
* "İqtisadiyyat və idarəetmə" (İİ) istiqaməti üzrə ixtisasları
* "Maarif" (M) və "Təbiət elmləri" (TE) istiqamətləri üzrə ixtisasları
* "Humanitar və sosial elmlər" (HS) istiqaməti üzrə ixtisaslar.
Hər bir bakalavr öz ixtisas istiqamətinə uyğun kitabçanı əldə etməlidir.
Jurnalın giriş hissəsində magistratura pilləsində ixtisasların seçilməsi, uyğun proqramlardan istifadə edilməsi və qəbula hansı proqram əsasında hazırlaşmaq barədə geniş izahat verilib.
Jurnalda bakalavrlar "Magistratura pilləsi üzrə ixtisas seçimi" cədvəlinin köməyi ilə bitirdiyi ixtisasa uyğun olan magistr ixtisaslaşmalarının adları və şifrələri ilə tanış ola bilərlər. Həmin cədvəlin köməyi ilə bakalavrlar qəbul qaydalarına uyğun olaraq eyni qəbul proqramı çərçivəsində seçə biləcəyi magistr ixtisaslaşmalarını müəyyən edə bilərlər.
2009/2010-cu tədris ili üçün ali məktəblərin magistraturasına qəbul qaydaları, həmçinin məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları “Magistr” xüsusi buraxılışının 2009-cu il 1-ci sayında dərc olunub.
Magistr” xüsusi buraxılışının növbəti sayında isə 2009/2010-cu tədris ili üçün magistraturaya qəbul elanı, qəbul aparılan ixtisaslar və onların plan yerləri haqqında materiallar dərc ediləcək.