"Real-Madrid" uduzdu, "Bavariya", "Çelsi", "Liverpul" qazandı...
Dünən Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarının daha 4 matçı keçirildi. Əgər çərşənbə axşamı azarkeşlərin diqətini cəlb edən bir matç ("İnter"-"Mançester Yunayted") vardısa, çərşənbə günü futbol qurmanlarının "menyü"sünə iki superqarşılaşma təklif edilirdi: "Real" - "Liverpul" və "Çelsi" -"Yuventus". Budesliqa çempionun qələbəsi əvvəlcədən proqnozlaşdırılırdı. Elə də oldu - "Bavariya" "Sportinq"i Lissabonda darmadağın etdi və demək olar ki, vaxtından əvvəl adını 1/4 finala yazdırdı. Riberi isə yenə də futbol şousu göstərdi. 4 cütlük arasında "klas"ına görə 4-cü olan "Vilyarreal"-"Panatinaikos" qarşılaşmasında yunanlar Nihatın sarı "sualtı qayığı"nı batırdılar. Səfrədəki qollu bərabərlik afinalıların növbəti mərhələyə çıxmaq şansını təbii ki, artırır. Daha gərgin matç London "zədəganları" ilə Turinin "Qoca Senyora"sı arasında oldu. Qus Hiddingin yeni komandası Droqbanın yeganə qolu ilə matçı öz xeyrinə başa çatdırdı. Lakin bu, ingilis-italyan "futbol dramı"nın ilk hissəsi oldu. Dramın finalı İtaliyada olacaq. "Yuve" səfərdəki çox minimal hesablı məğlubiyyətləri evdəki qələbə ilə kompensasiya edib. "Kral klubu" isə "Santyaqo Bernabeu"dakı 0:1-lik məğlubiyyətin əvəzini çətin ki, adada çıxa bilsin. Rafael Benitesin "qırmızı şeytanları" tutduqlarını buraxmırlar. Odur ki, "Real"ı Madriddə məğlub etmələri sayəsində "Liverpul"un 1/4 finala çıxmaq şansını daha yüksək qiymətləndirmək olar.
Çelsi -Yuventus-1:0 (Droqba, 12)
Real - Liverpul-0:1 (Benayun, 82)
Vilyarreal - Panatinaikos-1:1 (Rossi, 67-pen.; - Karaqunis, 59)
Sportinq - Bavariya-0:5 (Riberi, 42, 63-pen; Kloze, 57; Toni,84,90)
|