Göyçay şəhəri
Göyçay - Azərbaycanda rayon. Göyçay rayonu Azərbaycan Respublikasının mərkəzində, Şirvan düzünün şimal hissəsində Böyük Qafqaz dağlarının ətəklərində yerləşir. Rayon şimaldan cənuba təxminən 25 km, şərqdən qərbə isə 40 km uzanaraq 736 km2 sahəni əhatə edir. Rayonun tərkibinə 1 şəhər, 55 kənd daxildir. Rayon mərkəzi Göyçay şəhəri Bakı-Qazax magistral yolunun 216 kilometrliyində, Ucar dəmiryolu stansiyasından 18 kilometr məsafədə yerləşir. Göyçay rayonu şimal şərqdən İsmayıllı, cənub-şərqdən Kürdəmir, cənubdan Ucar və qərbdən Ağdaş rayonu ilə həmsərhəddir.
«Göyçay» əsl türk mənşəli söz olub, sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür. Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy (mavi) rənginə çaldığına görə belə adlandırılmışdır.Bəzi tarixi mənbələrə görə, rayon əhalisi, əsasən, XV əsrdə Türkiyədən köçmüş Qaraman bəylərbəyliyinin əhalisi hesabına formalaşmışdır. XIX əsrin 50-ci illərində Şamaxıda baş verən zəlzələdən zərər çəkən əhalinin bir hissəsi Göyçayın ərazisinə köçmüş və bununla da yaşayış məntəqəsi genişlənməyə başlanmışdır. Çar hökumətinin Qafqazda apardığı inzibati islahatlar çərçivəsində 1867-ci ilin dekabr ayında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradıldı. Qəza mərkəzi olan Göyçay yaşayış məntəqəsi isə 1916-cı ildən şəhər adlandırılmışdır. Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar 1930-cu il avqust ayının 8-də Göyçay rayonu təşkil edilmişdir. Göyçay şəhərinin inkişafı təxminən XX əsrin 30-cu illərindən başlanmışdır.Göyçay rayonunun ərazisində xalqımızın tarixi keçmişini əks etdirən bir sıra abidələr vardır. Rayonun Ərəbcəbirli kəndi ərazisində XII-XIV əsrdə inşa edilmiş və Ərəb xilafəti dövrünə aid "Surxay" qalası, İnçə və Ərəbcəbirli kəndləri ərazisində tapılmış və bizim eradan əvvəl II əsrə aid küp qəbirlərinin qalıqları bu ərazidə qədim dövrlərdə insan məskənlərinin mövcud olduğunu sübut edir. XIX əsrin axırlarında inşa edilmiş yer hamamı və 4 məscid də rayonun tarixi abidələri sırasına daxildir.Rayon iki geoloji rayona - dağlıq və düzənliyə ayrılır. Dağlıq zonaya Bozdağ Qaraməryəm tirəsini, düzənliklərə isə rayonun qalan ərazisini aid etmək olar. Ərazi geoloji quruluşuna görə Kaynazoy erasının üçüncü dövrünə, düzənlik sahəsi isə həmin eranın IV dövrünə aiddir. Ərazisinin bəzi sahələri isə müasir çöküntülərlə örtülmüşdür. Ümumiyyətlə rayon ərazisinin bütün səthini gil, gillicəli torpaqlar, bəzən qum kimi çöküntülər 10-15 santimetr qalınlığında qat kimi örtür.Göyçay rayonunun iqlimi yayı quru keçən mülayim-isti yarımsəhra və quru subtropik iqlim tipinə aiddir. Bu iqlim tipi zəif nəmliyi, mülayim qışı və isti-quru yayı ilə səciyyələnir. Rayon ərazisində illik yağıntının miqdarı 400-600 mm-dir. Rayon ərazisindən Göyçay çayı və Yuxarı Şirvan kanalı keçir. Bitki örtüyündə çöl formasiyası geniş yer tutur. Dağlıq hissəsində kolluqlar vardır. Heyvanat aləmi o qədər də zəngin deyil.Rayonun ərazisi tikinti sənayesində istifadə olunan təbii ehtiyatlarla zəngindir. Göyçay çayı dərəsinin və Cəyirli kəndinin yaxınlığında çay daşı, çınqıl, qum çıxarılır. Rayonun Qarabaqqal kəndinin ərazisində zəngin gil yataqları vardır ki, bundan da yüksək keyfiyyətli kərpic istehsal olunur. 01.01.2004 tarixə olan rəsmi məlumata görə, rayon ərazisində 103.6 min nəfər əhali yaşayır.
II Dünya Müharibəsində yüzlərlə göyçaylı həlak olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göyçaylıar yaxından iştirak etmişlər. Qarabağın Ermənistan silahlı birləşmələrindən azad olunması uğrunda döyüşlərdə göyçaylılar 163 şəhid vermiş, 44 nəfər itkin düşmüş, 106 nəfər şikəst olmuşdur.
Göyçayın ziyalıları
Göyçay torpağı respublikamızın tarixinə tanınmış ictimai xadimlər, yazıçı-şairlər, sənətkarlar və incəsənət xadimləri bəxş etmişdir. Bu sırada Həbibi, Qantəmir, Abdulla Faruq, Rəsul Rza, Rauf Atakişiev, Əli Kərim, Ənvər Məmmədxanlı, İsgəndər Coşqun, Anar, Əli Səmədli, İbrahim Göyçaylı kimi tanınmış mədəniyyət və incəsənət xadimlərini xüsusi qeyd etmək lazımdır.Göyçay rayonunda onlarla elmlər doktoru, professor, elmlər namizədi, alim yetişmişdir.Rayon əhalisinin sosial-mədəni inkişafını təmin etmək üçün çoxsayğı mədəniyyət obyektləri sakinlərin xidmətindədir.
Rayonun ərazisi - 736 km2 o cümlədən: Şəhər ərazisi - 6 km2 Kənd ərazisi - 730 km2
Əhalisinin sayı - 107053 nəfər o cümlədən: Şəhər əhalisi - 35427 nəfər Kənd əhalisi - 71626 nəfər
İnzibati mərkəzi - Göyçay şəhəri Kəndlər Potu, Ulaşlı-şıxlı, Hünkütlü, Kurd, Yeniarx, Hacağabəyli, Xəlitli, Müskürlü, Qəbələ-Müskürlü, Mallı-Şıxlı, Ərəbşahverdi, Şəhadət, Qarabağlar, Mirzəhüseynli, Birinci Ərəbcəbirli, İkinci Ərəbcəbirli, Çərəkə, Cəyirli, Qubadlı-Şıxlı, Kürdəmiş, Turkman, Qızılağac, Şəkili, Mollahacılı, Məlikkənd, Şıxbəy, Şıxəmir, Kürdşaban, Yenikənd, Çaxırlı, Ləkçılpaq, Qaraman, Yalman, Mırtı, Alıkənd, Qaraxıdır, Şəkər, Veysəlli, Alpout, Bəydövül, İnçə, Aşağı Qaraməryam, Dövranlı, Alxasava, Şahsoltanlı, Yekəxana, Qaraməryəm, Qarayazı, Bığır, Qarabaqqal, Çayarxıı, Hacalıkənd, Çərəcə.
Coğrafi mövqeyi
Rayon Azərbaycan Respublikasının mərkəzində, Şirvan düzünün şimal hissəsində Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşir. Rayon ərazisindən Göyçay çayı və Yuxarı Şirvan kanalı keçir. Rayonun tərkibinə 56 yaşayış məntəqəsi daxildir.
İqtisadi xarakteristikası
Kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, üzümçülük, heyvandarlıq, baramaçılıq və meyvəçilik təşkil edir.
Ona həm də çinarlar şəhəri deyirlər. Bu yerin insanları da uca çinarlar kimi məğrur və qürurludurlar. Azərbaycanlı obrazında mütləq bir nar çaları var. Bəlkə də dünyaınn ən göyçək, ən şirəli, ən işıqlı narı Göyçayda bitir. Göyçay Rəsul Rzanın, Əli Kərimin körpəlik və gənclik illərinin hərarətini öz qoynunda hifz edir. Göyçaylılar sənəti, sənətkarı candan artıq sevirlər.
Göyçay narları
Azərbaycan tarixi uzaq əsrlərə gedib çıxan narın yetişdirilməsi mədəniyyəti ilə qırılmaz surәtdә bağlıdır. Narlar tarixən Azərbaycanın demәk olar ki, bütün regionlarında yetişdirilir. Lakin quru subtropik zonada yerləşən Şirvan ən yaxşı nar sortlarının yetişdirilmәsi mərkəzi kimi qəbul edilmişdir. Şirə istehsalı üçün əsas etibarı ilə Göyçay rayonunda yetişən narlardan istifadə olunur.
Məhz Göyçay narı dünyada tanınaraq, “əsl Azərbaycan narları” üçün sinonimə çevrilmişlər. Göyçay narlarının əla dadı və dəyişməz keyfiyyətinin sirri dünyanın heç bir yerində rast gəlinməyən unikal mikroiqlimin mövcudluğu və rayonun torpaq tərkibidir.
Hər il Göyçayda Nar Bayramı təntənəli şəkildə qeyd olunur.Bu ilki Nar Bayramından, eləcə də Göyçay şəhərindən bəzi şəkillər
|