Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2009-cu il yanvarın 25-də 2008/2009-cu tədris ili üçün MBA və Tempus beynəlxalq proqramları üzrə respublika ali məktəblərinin magistratura pilləsində boş qalmış plan yerlərinə qəbul imtahanı keçirmişdir.
İmtahanın nəticələri həmin gün saat 18:00-da elan olunmuş və TQDK-nın internet saytında yerləşdirilmişdir.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 912 bakalavrdan 842 nəfəri imtahanda iştirak etmiş, 70 nəfər imtahana gəlməmişdir.
Nəticələrə əsasən MBA proqramı üzrə 159 nəfər, TEMPUS proqramı üzrə 18 nəfər magistraturaya qəbul olmuşdur.
İmtahanda toplanılan ən yüksək bal 90 olmuşdur.
MBA və TEMPUS proqramları üzrə magistraturaya qəbul olanlar 2009-cu il yanvarın 26-dən fevralın 4-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali məktəbdə qeydiyyatdan keçməlidirlər. Bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri müvafiq ali məktəbə göndərilməyəcək.
Magistraturaya qəbulun nəticəsi ilə bağlı müraciətlərə apelyasiya komissiyası tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2009-cu il yanvarın 26-dan 28-dək baxılacaqdır (ünvan: akademik H.Əliyev küçəsi, 17 – TQDK-nın binası).