2009-cu il yanvarın 16-da Bakı şəhəri Səbail rayonu M.Seyidzadə adına Mərkəzi şəhər Uşaq Kitabxanasında Azərbaycanda ilk dəfə kitabxana-kitab mağazasının açılış mərasimi keçiriləcək.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı» təsdiq edilib.
Mədəniyyət və Turizm Nazirliyi sözügedən Dövlət Proqramının icrasını təmin etmək məqsədi ilə pilot layihə - M.Seyidzadə adına Mərkəzi şəhər Uşaq Kitabxanasının nəzdində Azərbaycanda ilk dəfə olaraq kitabxana-kitab mağazasının yaradılması işini həyata keçirib.
Bu məqsədlə yaradılan kitabxana-kitab mağazasında respublikanın müxtəlif nəşriyyatlarında çap olunan və ictimaiyyət tərəfindən maraqla qarşılanan nəşrlərin təbliği və satışı həyata keçiriləcəkdir. Əhalinin artan informasiya tələbatını ödəmək məqsədi ilə Rusiya Federasiyasında nəşr olunmuş rus, ingilis və s. xarici dillərdə elmi-populyar nəşrlər, uşaq ədəbiyyatı, bestsellerlər, ensiklopediya, lüğət, məlumat-sorğu ədəbiyyatı, elektron kitablar alınmış və kitabxana-kitab mağazasında oxuculara təqdim olunacaq.
Kitabxana-kitab mağazasında müasir tələblərə cavab verən “Sərgi salonu”, “Uşaq yaradıcılıq otağı” fəaliyyətə başlayacaq.
Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tanınmış ziyalılar, yazıçı, professor Həsən Quliyev, tanınmış yazıçılar Natiq Rəsulzadə, Gülzar İbrahimova, Ələmdar Quluzadə, oxucular, ictimaiyyət və KİV nümayəndələri iştirak edəcəklər.
Tədbirdə M.Seyidzadə adına Mərkəzi şəhər Uşaq Kitabxanası tərəfindən hazırlanmış maraqlı ədəbi kompozisiya, nağıl qəhrəmanlarının iştirakı ilə maraqlı səhnəciklər nümayiş etdiriləcək.
«Xəbərlər-Azərbaycan».
|