Bu günlərdə “Rüşvətsiz Sessiya” kampaniyasına start verən AEGEE-Bakı təşkilatının Təhsil İşçi Qrupunun rəhbəri Vəfa Səfərova ilə müsahibəni təqdim edirik. - Kampaniya haqda malumat verə bilərsinizmi? - AEGEE-Bakı İctimai Birliyi və Təhsil İşçi Qrupu olaraq, tələbələrin öz istəkləri ilə bu kampaniyaya başladıq. Kampaniyamızın məqsədi bu gün çox aktual olan bir məsələdə, yəni tələbələrin sessiya qabağı imtahana hazırlaşmaq əvəzinə, imtahanlara pul yığmasına qarşı etirazını göstərməkdir.
- Kampaniya hansı formada aparılır? - Daha çox gəncin kampaniyaya qoşula bilməsi üçün PR-a ilk öncə yahoogroup-lar və facebook vasitəsilə başladıq. Çünki, orada olduqca güclü gənclər şəbəkələri var. Dahan sonra isə 200-dən çox gəncə sms göndərdik və kampaniya haqda qısa məlumat verdik. Həftədə 2 dəfə tələbələr və qeyri-tələbələrlə görüşlər keçirilir. Daha sonra kampaniyamıza yaxından dəstək olan gənclər könüllü surətdə müxtəlif ali məktəblərə gedərək kampaniyamız barədə digər tələbələri də məlumatlandırmış, onların qollarına qırmızı lent bağlayıblar. Bundan əlavə hər tərəfə üzərinə “Tələbəyəm – Rüşvət vermirəm” sözləri yazılmış yapışqanlar tələbələr tərəfindən müxtəlif yerlərə yapışdırılmışdır. Kampaniya haqqında bir çox mətbu orqanlarda məlumatlar gedib.
- Təqribən nə qədər tələbə kampaniyaya qoşulub? - Hal-hazırda facebookdakı üzvlərimizin sayı 630 nəfərdir. Lakin, bu qrupda olmayan, amma, bizi dəstəkləyən də çoxlu tələbə var. Onların sayını konret olaraq deyə bilməyəcəm, amma, tələbələrə paylanan qırmızı lentin uzunluğu 500 metri keçib.
- Kimdən dəstək almısınız və dəstək gözləyirsiniz? - Kampaniya, qeyd etdiyim kimi, tələblərin öz təşəbbüsləri ilə başladı. Bu işdə AEGEE-Bakı və Gənclər Fəaliyyətinə Dəstək Mərkəzi tələbələrə yaxından dəstək göstərməkdədir. Bizlər üçün ən böyük dəstək isə tələblərin bu kampaniyaya maraq göstərməsi və bizə qoşulmalarıdır. “Rüşvətsiz Sessiya” cəmiyyətə təqdim edilmiş bir ideyadır və bizimlə bu ideyanı paylaşan hər bir kəsdən dəstək gözləyirik.
- Cəmiyyətdən gözlədiyiniz dəstəyi ala bildinizmi? - “Rüşvətsiz Sessiya” kampaniyasına başlayanda bizim əsas məqsədimiz rüşvət vermədən təhsil almaq istəyən gəncləri bir araya gətirmək və onların mesajını cəmiyyətə çatdırmaq idi. Kampaniyanın yeni başladığını və bizim sıralarımıza qoşulanların günbəgün artdığını nəzərə alsaq, cəmiyyətin dəstəyindən razıyıq.
- Kampaniyanın gələcəkdə davamı olacaqmı? - Məncə, cəmiyyətdə bu problem tam həll olunmayana qədər bu tip kampaniyalar konkret bizim tərəfimizdən olmasa da davam etdiriləcək.
- Biz də sizə uğurlar arzulayır və işlərinizdə müvəffəqiyyət arzu edirik. - Çox sağolun.
Qaynar.info
|