Corc Buşa atılan ayaqqabıları istehsal edən şirkət 300 min cüt ayaqqabı sifarişi alıb
Böyük Britaniyanın "Guardian" qəzetinin müxbiri Robert Tait Bağdadda Amerika prezidenti Corc Buşa atılan ayaqqabıları istehsal edən şirkətin sahibi ilə görüşüb. Baydan Ayaqqabıcılıq Sənaye və Ticarət Limited Şirkətinin sahibi, türk iş adamı Ramazan Baydan ayaqqabılara tələbatın çox olduğunu deyib. Belə ki, şirkət, iraqlı jurnalist Müntəzər ez-Zeydinin Corc Buşa atdığı ayaqqabılara görə 300 min cüt sifariş alıb. Bu, il ərzində satılan ayaqqabıların 4 misli dəyərində bir rəqəmdi.
Ramazan Baydan sifarişlər bu qədər çox olduğu üçün daha 100 nəfəri işə götürdüklərini qeyd edib. Türk iş adamının açıqlamasına görə, ayaqqabılara ən çox sifariş ABŞ, İngiltərə və Türkiyəyə qonşu müsəlman ölkələrindən gəlib.
Baydan Ayaqqabıcılıq Sənaye və Ticarət Limited Şirkəti, Corc Buşa atılan ayaqqabıların modelinin adını da dəyişdirməyi planlaşdırır. Şirkətin prezidenti "Ducati Modeli 271" model ayaqqabının yeni adının "Buş Ayaqqabısı" və ya "Gülə gülə Buş" adlandırılacağını qeyd edib. /ANS PRESS/
|