Başlıq » 2008»Dekabr»31 » Yeni il gecesi Azadlıq meydanında planlaşdırılan böyük konsert proqramı leğv olunub
Yeni il gecesi Azadlıq meydanında planlaşdırılan böyük konsert proqramı leğv olunub
16:03
Məhərrəmlik ayının dekabrın 29-da başlaması barədə verilən fətvadan sonra bu qərara gəlinib Yeni il gecəsi - dekabrın 31-də paytaxtın Azadlıq meydanında planlaşdırılan böyük konsert proqramı ləğv olunub. Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının Məhərrəmlik ayının dekabrın 29-da başlaması barədə verdiyi fətvadan sonra bu qərara gəlinib. Bakı şəhər İcra Hakimiyyətindən ANS-ə bildirilib ki, bayram atəşfəşanlığı da olmayacaq. Bununla belə şəhərdə bayrama hazırlıq gedir, mərkəzi küçələr xüsusi işıqlarla bəzədilib, şam ağacları quraşdırılıb.
Şəhərin bir sıra mərkəzi küçələrində artıq yolkalar qurulub. Nəhəng yolkalardan biri Hüseyn Cavid parkının qarşısında qoyulub. Yeniliyi və qeyri-adiliyi ilə fərqlənən digər yolka isə Məşədi Əzizbəyov heykəlinin qarşısında qoyulub. Bakının simvolunu əks etdirən bu yolka qurğusunda İçəri Şəhər, Qoşa Qala qapısı və Bakı şəhər İcra Hakimiyyətinin binası təsvir olunub. Yolkanın digər qeyri-adiliyi isə onun avtomat qurğu ilə işləməsidir. Yolkanın avadanlıqları və işıq qurğuları Rusiyadan gətirilib. Paytaxtın ən nəhəng yolkası isə Azadlıq meydanında qurulub. 21 metr hündürlüyündə olan yolka xüsusi işıq efektləri ilə işıqlandırılacaq. Baş yolkanın yaxınlığında 250 kvadmetrlik buz meydançası və 300 kvadratmetrlik sahəni əhatə edən lazer ekran quraşdırılacaq. Bundan başqa Rusiyanın Sankt-Peterburq şəhərindən gətirilmiş xüsusi aparatlarla yolkaya süni qar effekti veriləcək. Hazırda yolka aparatlarla təchiz olunur. Azneft meydanında qurulan yolkanın hündürlüyü isə 17 metrdir. Bu yolka digərlərindən qeyri-adiliyi ilə fərqlənməsə də, o da xüsusi işıq effektlərilə işıqlandırılır. Bakı şəhər İcra Hakimiyyətindən bildirdilər ki, yeni il münasibətilə Milli Parkın ərazisində 10-dan artıq yolka qurulub. Bundan başqa, bayram günü Fransadan gətirilən iki karnaval və İtaliyadan gətirilən «Avtodrom» atraksionlarının açılışı olacaq. Qız Qalası qarşısında isə 2009-cu ilin simvolu olan öküz maketi xüsusi atraksion qurğusunda qoyulub. Yeni il bayramı ilə əlaqədar paytaxtın mərkəzi küçələrindəki bütün ağaclar çılçıraqlar və işıq qurğuları ilə işıqlandırılıb.
Xatırladaq ki, yeni il gecəsi "Azadlıq" meydanında möhtəşəm diskoteka olmalı idi. Həmin gün saat 21-də "Fəvvarələr" meydanından "Azadlıq" meydanına qədər bayram yürüşü də nəzərdə tutulmuşdu. Səhərədək davam edəcək konsertə Rusiya, Türkiyə və İsraildən peşəkar aparıcılar dəvət olunmuşdu./ANS TV/