Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə nazirlikləri bu barədə birgə qərar qəbul edib
“Ali məktəbin nüfuzu qaytarılmalıdır. 37 ali məktəbin adı var. Tələbələrin topladığı bal ildən-ilə artır. 1999-cu ildə Bakı Dövlət Universitetinə qəbul olanların orta balı 357,821 bal olub. 2008-ci ildə bu göstərici 488,399 bal təşkil edib. 1999-cu ildə Sumqayıt Dövlət Universitetinə qəbul olunanların orta balı 196 idisə, bu il 392 bala çatıb. Bu o deməkdir ki, ali təhsilin inkişafyına xidmət edən yüksək rəqabət var”.
Təhsil naziri Misir Mərdanov ali təhsil müəssisələrində islahatlara həsr olunmuş kollegiya iclasındakı çıxışında belə deyib. Ali təhsil sahəsində aparılan islahatların uğurlu nəticə verdiyini deyən nazir, bu sahədə görülməli hələ çox işlərin olduğunu bildirib. Onun sözlərinə görə, islahatlar özünü doğrultsa da, bəzi problemlər hələ həllini tapmayıb.
“Biz Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi ilə birgə bəzi vəzifələrin yenidən tutulması və onlara əməkhaqqı verilməsi məsələsini müzakirə etmişik. Artıq ali məktəblərdə dekan və kafedra müdiri vəzifələrini tutan şəxslər buna görə əməkhaqqı alacaqlar” – deyə, Misir Mərdanov vurğulayıb.
Bununla belə, nazir bildirib ki, bundan sonra dekan və kafedra müdirlərinin başqa vəzifədə işləməsinə qadağa qoyulacaq. Onun sözlərinə görə, bu vəzifəni tutan şəxslər müvafiq kafedralarda olsa-olsa, yarımştat proessor vəzifəsində işləyə bilərlər.
Misir Mərdanov bildirib ki, Təhsil Nazirliyinə tabe olan 20 ali məktəbdə 152 dekan, 164 dekan müavini və 702 kafedra müdiri vəzifəsi yaradılıb. Onun sözlərinə görə, bundan sonra bütün fakültələrdə dekanlığın və kafdraların fəaliyyəti ciddi nəzarətə götürüləcək. Ali məktəblərdə təhsilin səviyyəsinin yüksəldilməsi üçün böyük fakültələrdə iki dekan müavini vəzifəsi təsis olunacaq. Belə fakültələr isə nazirlik əməkdaşlarının ali məktəb rəhbərləri ilə birgə araşdırmalarından sonra müəyyən ediləcək.
Nazirliyin ali və orta ixtisas məktəbləri şöbəsinin müdiri İlham Mustafayev isə universitetlərdə praktik məşğələlərin səviyyəsindən şikayətlənib. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin əksəriyyətində praktik dərslər simvolik xarakter daşıyır. Nazirliyin bu istiqamətdə apardığı araşdırmaların nəticələrindən danışan şöbə müdiri tələbələrin və praktik təcrübəni aparan müəllimlərin saxtakarlığa yol verdiklərini deyib: “Tələbələr istehsalat təcrübəsi dərsləri keçmədən onlara bu dərslərdə iştirak etmələri barədə müvafiq sənəd verilir. Hətta bəzən onlara yüksək qiymət də yazılır. Ancaq sonradan həmin tələbələrdən istehsalat təcrübəsi dərslərini keçən müəllimlərin kimliyini soruşanda belə, cavab verməkdə çətinlik çəkirlər”.
İlham Mustafyev bildirib ki, yaxın gələcəkdə istehsalat təcrübəsi üzrə tələbələrə verilən qiymətlər dövlət imtahanlarında da nəzərə alınacağı planlaşdırılır. Onun sözlərinə görə, bu dəyişikliyin əsas məqsədi ali məktəblərdə istehsalat təcrübəsinə marağın artırılmasıdır.
|