Dünyada elə kişi yoxdur ki, qadınla münasibət qurmaq məsələsində ağzı yanmasın. Adam neçə dəfə aldanar, neçə dəfə ağzı süddə elə yanar ki, sonra qatıq içməyə qorxar? Amma kişilər öz səhvlərindən xeyirli nəticələr çıxarırlarmı? Əlbəttə, yox! Çünki hər dəfə təzə münasibətlər qurulanda, hər dəfə üfüqdə təzə qadın görünəndə sadəlövhcəsinə ümid edirlər ki, yox, bu dəfə hər şey başqa cür olacaq. Psixoloqlar hesab edir ki, təhtəlşüur olaraq, kişilər hər dəfə əvvəllər tanıdıqları tiplərə oxşar can yoldaşı axtarırlar. Və buna görə də hər dəfə eyni şey təkrarlanır. Eyni dramlar, eyni üzüntülər və həmin paralanmış ürək. Və kişiləri qorumaq üçün psixoloqlar onlara ən təhlükəli qadın növü olan 12 tip qadının siyahısını təqdim edirlər. Diqqətli olun, belələrindən oddan qorxan sayaq qorxmaq lazımdır. 1)Kişi düşməni - Feminist Onlara elə gəlir ki, cəmiyyətdəki bütün problemlərin səbəbkarı kişilərdir. Siz belə qadının hörmətini və sevgisini bircə yolla qazana bilərsiniz ki, bu da cinsinizi dəyişmək və qadın olmaqdır. Feministlərin düşüncəsinə görə, kişilər olmasaydı, mələklər qadınlara kişilərsiz - bu iyrənc patriarxlar olmadan - dünyaya uşaq gətirmək məsələsində kömək eləyə bilsəydilər, dünya qat-qat daha gözəl olardı. O ki qaldı feministləri müəyyənləşdirməyə, bu çox asandır. Əgər təzə tanış olduğunuz qadın “kişilər nadir halarda beyinləri ilə düşünürlər” kimi ifadələr işlədirlərsə, ondan qaçın. Elə qaçın ki, tozunuza da çata bilməsin! 2) Pulgir – Qabırğa Belələrinə ancaq sizin pullarınız lazımdı, vəssalam. O elə bilir ki, siz ona gül, kosmetika, daş-qaş, bahalı paltarlar bağışlamağa, onun restoran, gözəllik salonu və s. kimi hesablarını ödəməyə borclusunuz. Beləsinə “çağırışla gələn qız” da demək olardı, amma bu tip qadınlar elə eləyir ki, çağırışla o sizin yanınıza gəlmir, siz çağırışla onun yanına qaçırsınız. Sizin hissləriniz heç onun vecinə də deyil. O elə bilir ki, ömrü boyu kimsə onu xərclərdən və qayğılardan qorumalıdır. Və bu adam bacardıqca pullu, etibarlı adam olmalıdır. O əmindir ki, onun sevgisi bahalı, bədəni isə büllürdandır. Daha doğrusu, bədininin lazımlı yerləri... Əgər siz dünyanın ən bahalı bədənini qazanmaqda elə də israrlı deyilsinizsə, beləsindən də qaçın. 3) Şahzadə qız – mamlı-matan... Beləsindən isə Allah saxlasın. Əvvəl danışdığımız iki tip bu “xanım-xatın”ın yanında heç nədir. Mamlı-matan qız tipi daha əzabverən və zəhlətökəndir. O, uşaqlıqdan şirin nağıllara qulaq asaraq yatan, gəncliyində sevgi romanları oxuyan, babat vaxtında isə ancaq komediyalara baxan qadındır. Uşalıqdan dörd tərəfi sevgi, qayğı ilə dolu olub, onu pambığın içində böyüdüblər. O, dünyaya çəhrayı gözlüklərdən baxır. Heç kim ona deməyib ki, dünyada hesab ödəmək və tualet təmizləmək kimi işlər də var. Belə qadın elə bilir ki, siz mütləq ağ atın belində onun yanına gəlməli, əlinizi və qəlbinizi təklif etməli, onunla xoşbəxt ailə qurmalı və eyni gündə ölməlisiniz. Ömür boyu sizdən qayğı, nəvaziş tələb edəcək, sizinlə ancaq ulduzlardan danışacaq, əlini ağdan qaraya vurmayacaq. 4) Dinamik qadın – Heç nəyə vaxtı yoxdur! Bu isə Şahzadə qızın bacısıdır. Amma bir fərqlə – beləsi ondan da pisdir. Əgər belə qadınla tanış olub, münasibət qurmaq istəsəniz, bərk yara alacaqsınız. Ömrü boyu elə biləcəksiniz ki, günah sizdədir və siz qadınları başa düşmürsünüz. Amma beləsi ilə hər şey yaxşı başlayır. Əvvəlcə o özü sizi yoldan çıxarır, sizə telefon nömrəsini verir və aradan çıxır. Hər dəfə zəng eləyəndə isə bircə bahanəsi olur – vaxtım yoxdur! Hətta görüşməyə başlasanız da, siz heç vaxt onunla dostluqdan o tərəfə gedə bilməyəcəksiniz. Onun sevgilisi, nişanlısı və ya əri olmaq mümkün deyil. O sizi özünə yaxın buraxmayacaq. Beləsinin də dərdi odur ki, əvvəllər qəlbi bərk yaralanıb. Və o, ömrü boyu bir dha kimisə yaxına buraxmaqdan qorxur. 5) İfritə – feminstin uzaq qohumu O, bəlkə də feminist ola bilərdi. Amma ifrat şəxsi problemləri ona mane olur. Nə vaxtsa, kimsə onun qəlbinə dəyib və indi o, bütün kişilərə nifrət edir. Əgər feministlər gender-balans, cinslər arasında hüquq bərabərliyi kimi şeylər uğrunda mübarizə aparırlarsa, ifritənin buna nə vaxtı, nə də həvəsi var. O, sadəcə öz dərdini çəkir. Bütün kişilər isə onun üçün “iyrənc donuzlar” və “eşşəklər”dir. Məsləhət: üzünüzə kiminsə tüpürməyindən xoşhal olmursunuzsa, beləsinə yaxın getməyin! 6) Getmə gözümdən – gedərəm özümdən: yapışqan qadın Bu tip qadınlar əvvəlcə kişilərin çox xoşuna gəlir. Qayğıkeş, nəvazişli... amma bir müddətdən sonra görəcəksiniz ki, o ən azı gündə on dəfə sizə zəng edir. Hər şeylə maraqlanır, hər şeyə burnunu soxur. Dünən sizi öpmədiyi üçün inciyib-incimədiyinizi soruşur, bir sözlə, canınızı boğazınıza yığır. Sizdən elə yapışır ki, elə bil dünyada axırıncı kişi sizsiniz. Həmişə elə bilir ki, onu atıb, başqasını tapacaqsınız. Boğazınıza ilan kimi sarılır. Bir gün də ayılıb görəcəksiniz ki, sizi qocaldıb. Deməli, belə qadından da qaçmaq məsləhətdir. 7) Ləçər – amma qəşəngindən... Ləçərlərin bütün fikri-zikri öz görünüşündə, öz personasında, öz mənindədir. Onun dərdi-səri kimisə “mədəni” şəkildə alçaltmaq, kiminsə boynuna minmək, kiminsə qanını qarltmaqdır. Özü gözəl geyinir, gözəllik salonlarından, solyarilərdən qalmır və bü standartlara cavab verməyən bütün adamlara üstdən aşağı baxır. Başqasını alçaltmaq, el içində biabır eləmək ona zövq verir. 8) Burda mənəm – Bağdadda kor Xəlifə: Eqoist! Bu da Ləçərin bacısıdır. Amma ləçərlərdən fərqli olaraq, eqoistlərin dərdi məhz öz şəxsiyyətləridir. O diqqət mərkəzində olmaq istəyir, özünü dünyanın mərkəzi sayır, hamının onunla hesablaşmasını gözləyir. Bu tip qadınlar adətən uşaqlıqda evin bir övladı olan qızlardır. Onları özlərindən və öz rahatlıqlarından savayı heç nə maraqlandırmır və maraqlandırmayacaq da. 9) Ər ölüsü... Bu xanımları digərlərindən fərqləndirən bir cəhət var – o ərə getmək istəyir! Tez! Yerindən tərpənmədən. Kişi ilə tanış olar-olmaz o, kişini ələ almağa, onu nikah masasına oturtmağa çalışır. Bu kompleksin səbəbi müxtəlif ola bilər. Ya o cinsi yetişkənlik dövrünün tələblərinə tez cavab vermək istəyir, ya bütün rəfiqələri artıq ərə gedib və o həmin qızların arasında yeganə qarımış qızdır. Səbəb nə olur-olsun, nəticə eynidir. Onu ancaq sizə ərə gəlmək maraqlandırır. Başqa heç nə. 10) İkiüzlü Bunlar kişi xasiyyəti üzrə ekspertlərdir. Kişini ələ almaq üçün min dəfə dondan-dona girə bilərlər. Əvvəllər sizə mehribanlıq göstərəcək, özünü Müqəddəs Məryəm kimi aparacaq. Sizi ələ alacaq. Elə ki, ona vuruldunuz və ya evləndiniz, həngamə bundan sonra başlayacaq. O sizin başınıza it oyunu açacaq. Maskasını çıxarıb, əsl üzünü sizə göstərəcək. Və inanın ki, o əsl üz sizin heç xoşunuza gəlməyəcək... 11) İtoynadan... Belə qadınların isə dərdi-səri kişilərlə məzlənməkdir. Onun üçün sizin onu sevməyiniz, münasibətlərinizin nəticəsi maraqlı deyil. Onun üçün maraqlı olan prosesdir. O sizi ələ salıb, barmağında fırlatmaqdan zövq alacaq. Çünki kişiləri özünə bənd eləmək, onları ram etmək onun xoşuna gəlir. Daha sonradan sizin necə ona vurulduğunuzu, sevəndə necə mənasız göründüyünüzü, sevgi sözləri deyəndə necə də axmağa oxşadığınızı və gülməli olduğunuzu rəfiqələrinə danışmaqdan ötəri ürəyi gedir. O, bu sənət üzrə ixtisaslaşıb. Sizi isə özünə bənd elədiyi kişilərin siyahısına qatmaq istəyir. Vəssalam. 12) Hökmran Bu tip qadınlara dözmək ümumiyyətlə mümkün deyil. O çalışacaq ki, həyatınızn hər dəqiqəsini nəzarət altında saxlasın, sizə nəyi və necə eləməli oldubunuzu desin. Siz hər şeyi o deyən kimi eləməlisiniz. Çünki o, həmişə haqlıdır. Əgər birdən o haqlı deyilsə, deməli, yenə də haqlıdır. Belə. Yazıq kişilər...