Başlıq » 2008»Oktyabr»31 » Ali mekteb telebelerinin XIII respublika fenn olimpiadasının açılış merasimi ADPU-da keçirildi.
Ali mekteb telebelerinin XIII respublika fenn olimpiadasının açılış merasimi ADPU-da keçirildi.
14:15
Oktyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində ali məktəb tələbələrinin XIII respublika fənn olimpiadasının açılış mərasimi keçirilib.
Tanınmış alimlərin, ayrı-ayrı fənlər üzrə münsiflər heyətinin üzvlərinin, olimpiadanın yekun turunun iştirakçılarının, Təhsil Nazirliyinin Elm şöbəsinin və KİV nümayəndələrinin iştirak etdiyi mərasimi Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov açıb. Misir Mərdanov müstəqillik qazandıqdan sonra ənənəvi olaraq hər il keçirilən bu tədbirin tələbələrin müxtəlif fənlərə marağını artırmağa, həmin fənlər üzrə hazırlıq səviyyəsini nümayiş etdirməyə, eyni zamanda istedadlı gənclərin aşkar edilməsi üçün şərait yaratmağa kömək olduğunu bildirib. Ölkəmizdə istedadlı gənclərin inkişafına dövlət tərəfindən daim böyük diqqət və qayğı göstərildiyini qeyd edən Misir Mərdanov tədbir iştirakçılarına ölkə Prezidentinin təsdiq etdiyi “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” və “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” haqqında ətraflı məlumat verib. Nazir ali məktəb tələbələrinin respublika fənn olimpiadasının həmin proqramlar çərçivəsində həyata keçirilən ən önəmli tədbirlərdən biri olduğunu vurğulayıb.
Məlumat üçün qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq, ali məktəb tələbələrinin bu bilik yarışı 10 fənn üzrə (riyaziyyat, fizika, kimya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, fransız dilli və alman dili) keçirilir. Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkil etdiyi olimpiadanın yekun turunda iştirak etmək hüququnu 28 ali məktəbdən 448 tələbə qazanıb. Bu tələbələr arasında Bakı ilə yanaşı, Sumqayıt, Naxçıvan, Lənkəran, Gəncə və Mingəçevir şəhərlərinin ali məktəblərində təhsil alan tələbələr də var.
Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov və təhsil nazirinin müavini İradə Hüseynova tələbələri olimpiadanın I turunu uğurla başa vurmaları münasibəti ilə təbrik edərək onlara yekun turda yüksək səviyyəli bilik və bacarıq nümayiş etdirməyi arzulayıblar. Olimpiada iştirakçıları da onlara göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildirib və öz müəllimlərinin etimadını doğruldacaqlarına söz veriblər.