Təhsil naziri ali məktəblərin rektorlarına xəbərdarlıq məktubu göndərib. Nazir məktubda xarici ölkə univeristetlərindən Azərbaycan ali məktəblərinə tələbə köçürülməsini qadağan etdiyini bildirib.
Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Bayram Hüseynzadə MƏRKƏZ qəzetinə deyib ki, nazir xarici ölkələrdə təhsil alan tələbələrin sənədlərinin araşdırılması nəticəsində bu qərarı verib:
«Araşdırma nəticəsində bəlli oldu ki, köçürülmə zamanı saxtakarlıqlara yol verilib. Belə ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda iştirak etmədən qeyri-qanuni yollarla xarici ölkələrdəki universitetlərdə, yaxud burada fəaliyyət göstərən qanunsuz filiallarda təhsil alanlar Azərbaycan ali məktəblərinə köçürülmə yolu ilə qəbul olunurlar».
B.Hüseynzadənin sözlərinə görə, Azərbaycan ali məktəblərinə köçürmə yolu ilə qəbul edilənlər əsasən Rusiya və Gürcüstan ali məktəblərinin tələbələridir. Ancaq bunların arasında MDB-nin digər ölkələrinin ali məktəblərinin tələbələri də var.Tələbələrin hansı Azərbaycan univeristetlərinə köçürülməsinə gəlincə, nazirlik sözçüsü bütün univeristetlərdə köçürmə hallarına yol verildiyini deyib.