Hicab Islamda olan hər bir müsəlman qadın öz üst geyimindən əlavə başına hicab örtməlidir. (Hicab örtünmək deməkdir) Çünki, Allah təala Peyğəmbərin zövcələrinə, qızlarına və mö'minlərin qadınlarına özlərini yad nəzər və naməhrəmdən qorumaq üçün hicab örtmələrini əmr edir. Hicab (örtünmə) bir ibadətdir. Çünki, bunda Allah təalanın əmrini yerinə yetirmək var. Deməli, örtünmə müsəlman bir qadına namaz, oruc kimi vacib əməldir. Örtünmə bütün şübhəli yolları kəsir. Qadın və kişilərin qəlbinə şeytanın vəsvəsə verməsinə imkan vermir. Qadınların namus və izzətlərinin qorunmasını təmin edir. Eyni zamanda onlara əziyyət edilməsinə də mane olur. Qadın və kişilər Allah təalanın dinindən, Rəsulullahın (s.ə.s) yolundan uzaqlaşdıqca, insanlara bəlalar gəlir. Cəmiyyətdə pozğunluq yaranır. Kişilər evlənmir, qadınlar ərə getmir. Evlənənlər də, az müddət yaşayıb ayrılırlar. Çünki, onların dünyaya məhəbbətləri, axirət-cənnət məhəbbətindən daha güclüdür. Bu cür qadınlar dünyanın keçici bər-bəzəyini, naz-ne'mətini, axirətin əbədi həyatından üstün tuturlar. Həqiqətən də, əgər qadın əri üçün yox, yadlar üçün bəzənib-düzənirsə, o qadın kimə lazımdır. Mö'min qadın isə ancaq əri üçün bəzənər. Bu barədə gözəl hədis var. «Dünya keçici ne'mətlərlə doludur. Ən gözəl ne'məti saleh qadındır. Ona baxanda səni fərəhləndirir. Əmr edəndə yerinə yetirir. Evdə olmayanda namus, izzət və malını qoruyur».Qadın da açıq gəzib bədənini yadlara göstərəndə, yad nəzərlər o qadına şəhvət hissi ilə baxır. Bu cür qadınlarla da heç kəs evlənməz. Bu cür qadınlar cəmiyyət üçün də qorxuludur. Çünki, bu qadınların beynində ancaq bəzənib-düzənmək, özünü kiməsə göstərmək fikri olduğu üçün, onlar nə ərlərini, nə də övladlarını fikirləşirlər. Ondan törənən uşaqlar da nəzarətsiz qalıb, avara adamlara qoşulub, içki içib, narkomanlıq edib cəmiyyətimizi murdarlayırlar. Cəmiyyətimiz də bax beləcə pozulur. Unutmayın «Qadın incidir. İnci sədəf içində olar. Qadının sədəfi isə onun örtüyüdür». Alah millətimizə elm və hidayət nəsib etsin ki, məmləkətimizin bəzi qadınları çılpaqlaşıb həm özlərini, həm də digər imandan zəifləri arxalarıca Cəhənnəmə apara bilməsinlar.