Türkiyə tarix yazdı. Xorvatiyaya penalti vuruşlarında qalib gələn komanda yarımfinalda Almaniyanın rəqibi oldu. Gərgin keçən oyunun əsas vaxtı heç-heçə başa çatdı. Oyuna əlavə olunan yarım saatın son dəqiqəsində I. Klasnic Xorvatları hesabda irəli keçirdi. Artıq Türkiyənin hər şeyi itirdiyini düşünənlər yanıldı. Əlavə vaxtın 120+2-ci dəqiqəsində, artıq hamı hakimin final fitini gözləyən anda Semih Şentürk Türkiyənin bərabərlik qolunu vurdu. Çox gözlənilməz olan bu qol bütün Türkiyəyə, eyni zamanda Azərbaycan azarkeşlərinə sonsuz sevinc bəxş etdi. Qoldan dərhal sonra hakim final fitini çaldı və qalibi müəyyənləşdirmək üçün penalti vuruşları başlandı. Və bu vuruşlarda daha dəqiq olan Türkiyə 3-1 hesabı ilə qalib gəlməklə adını yarımfinala yazdırdı. Komandanın növbət rəqibi Almaniya olacaq. Bu oyun isə iyunun 25-i saat 23:45-də keçiriləcək.