Məlumatlar İqtisadi rayon: Zərdab Ərazi: 856 (km2) Əhali: 44417 Əhali sıxlığı: (nəfər/km2) Nəqliyyat vasitəsi kodu: 63 Telefon kodu: 135 Poçt kodu (Mərkəzi PŞ): AZ 6300 Yaşayış məntəqələrinin sayı 44 İcra başçısı: Lütfəli Babayev İnternet saytı: http://www.zardab.com.az Zərdab inzibati-ərazi vahidi Aran iqtisadi rayonunun tərkibində, Mərkəzi-Aranda, Şirvan düzündə yerləşir. Zərdab rayonu Ucar dəmiryolu stansiyasından 35 km, paytaxt Bakıdan 231 km aralıdadır. Rayonun səthi düzənlikdir, ərazinin çox hissəsi okean səviyyəsindən aşağıdır. Rayon mərkəzi dəniz səviyyəsindən 11 metr aşağıda yerləşmişdir. Sərhədindən Kür çayı axır. Rayondan axan Qarasu çayının çökəkliyi Kürün qədim dərəsidir. Qış və yay otlaqları bütün il boyu heyvandarlığın inkişafına şərait yaradır. Sututarları balıq yetişdirilməsi üçün əlverişlidir. Ərazidə neft-qaz yataqları aşkar edilmişdir.Rayon ərazisində 40 yaşayış məntəqəsi vardır. Ərazisi: Bir tərəfdən Aran iqtisadi rayona daxil olan Kürdəmir, Ağdaş, Ucar, digər tərəfdən isə, təbii sərhəd olan Kür çayı nəzərə alınmazsa, İmişli, Bərdə, Ağcabədi rayonu ilə sərhədlənərək (Zərdab və Ağcabədini Kür üzərindəki körpü birləşdirir) 860 kv.km əraziyə malikdir. Rayonun ərazisi respublika ərazinin təxminən 1 % faizini, yerləşdiyi iqtisadi rayonun ərazisinin isə təxminən 4% faizini təşkil edir. İqtisadi xarakteristikası: Rayonun iqtisadiyyatında kənd təsərrüfatı xüsusi rol oynayır. Kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, baramaçılıq və heyvandarlıq təşkil edir. Rayonda pambıqtəmizləmə, konserv, çörək, kərpic, asfalt, süd zavodları fəaliyyət göstərir. Tarixi: Zərdab rayonunun ərazisi arxeoloji cəhətdən demək olar ki, öyrənilməmişdir. Rayonun ərazisi qədim insanların yaşaması üçün vacib olan bütün şərtlərə malik idi. Bu şərtlər içərisində şirin su qaynaqlarının olması, bitki və heyvanat aləminin zənginliyi xüsusi yer tuturdu. Ərazi bu cəhətlərə malik idi. Zərdab ərazisində tapılmiş (təsərrüfat işləri ilə əlaqədar şum aparılarkən) şirli və şirsiz məişət əşyalarının, qab-qacaqların qalıqları bu ərazinin arxeoloji cəhətdən geniş tədqiq edilməsi zərurətini yaradır. İbtidai icma quruluşunun Tunc dövrü mərhələsində insanların daha geniş ərazilərə yayılması, yaşayış yerlərinin çox zaman çay kənarlarında salınması bunu deməyə əsas verir ki, Zərdab ərazisində insanlar tunc dövründən başlayaraq yaşamışlar. Təsadüfi deyil ki, Erkən Tunc dövrü (e.ə.IV minilliyin ikinci yarısından başlayaraq – e.ə. III minilliyin sonuna qədər davam etmişdir) Azərbaycanda Kür-Araz mədəniyyəti adlanır. Bu dövrə aid arxeoloji nümunələr daha çox bu ərazilərdə aşkar edilmişdir. XX yüzilliyin 70-ci illərində Zərdab ərazisində görülən meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, əsrlər boyu torpaq altında qalsa da rəngini və kefiyyətini itirməyən çini və keramik qablar, Eldəgizlər (Azərbaycan Atabəyləri) və digər hakimiyyətlər dövründə buraxılmis mis pullar, qədim bəzək şeyləri, məişət və mədəniyyət əşyaları üzrə çıxdı və indi bunların bir çox nümunələri Zərdab tarix-diyarşünaslıq muzeyində eksponat kimi nümayiş etdirilir. “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli (N-132) qərarı ilə Xanməmmədli kəndində aşkar edilmiş küp qəbirləri nekropolu I əsrə aid edilərək ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir. Qeyd etmək yerinə düşər ki, “nekropol” yunan sözü olub “ölü şəhər” və ya “şəhər-qəbristanlıq” mənasını verir. XIV əsrin Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbi əl-Əhəri “Tarix-e Şeyx Uveys” əsərində monqol hökmdarları Hülakuların tarixindən bəhs edərək yazır ki, Abaqa xanın hakimiyyəti dövründə (1265-1282) Hülakular dövləti lazımi qədər möhkəm idilər, 1266-cı ildə “Abaqa xan buyurdu ki, Kür çayı sahilindən və Delan Naurdan Gərdmun səhrasına kimi ərazini şahzadələrdən Səmağar, Menku-Temur və Ulcay xatun tutsunlar. Bu yer onların qışlaq yurdu oldu”... Əsərdə haqqında danışılan Delan Naur monqol dilində “Yetmiş göl” deməkdir, monqollar Kürün şimalında Hacıqabul—Kürdəmir—Zərdab ərazilərində mövcud olmuş gölləri bu cür adlandırmışlar. Zərdab rayonunun Dəli Quşçu kəndi ərazisində kütləvi qəbristanlıqlar-Ağtəpə adlanan kurqan bu gün də mövcuddur və bu kütləvi məzarlığın tarixi barədə konkret bilgi yoxdur və bu təpədə əsaslı qazıntı-tədqiqat işinə ciddi ehtiyac var. Nəsillərdən nəsillərə keçən belə fikir var ki, çox-çox qədimlərdə Zərdab ərazisində-Bıçaqçı kəndi yaxınlığından başlanan Yerayız adlı böyük və zəngin şəhər varmış, hansı səbəbdənsə məhv olub yer altında qalmışdır.Hətta indi də o ətrafdakı kəndlərdə adamlar bir-birlərinə, “İndi ki Yerayız şəhəri yoxdur qaçıb orda gizlənəsən, səni də tapmaq mümkün olmaya?,” deyirlər. Bu da bir faktdır ki, bir zamanlar Zərdabın bəzi ərazilərində, o cümlədən Məlikumudlu kəndi yaxınlığındakı qədim yaşayış məskənlərində torpaq işləri görülərkən gümüş və qızıldan düzəldilmiş qadın zinət şeyləri, qırmanc dəstəyi, əsa başı, sikkələr tapanlar çox olmuşdur. Zərdabın Yuxarı Seyidlər kəndi yaxınlığında Qanlıca adlanan göl var. Bu adın nə ilə əlaqədar yarandığı təssüf ki, hələ də dəqiq bilinmir. Lakin məlumdur ki, bu göldə su qan rəngindədir. Yerli sakinlərin dediyinə görə nə zamansa və hansı səbəbdənsə gölün dərinliyində qırmızı kərpicdən bina batmışdır, suya qırmızı rəng verən də həmin binanın kərpicləridir. IX-X əsr ərəb coğrafiyaşünasları və səyyahları yazırlar ki, orta əsrlərdə Təbriz-Ərdəbil-Beyləqan-Bərdə-Şamaxı-Dərbənd ticarət yolunda – Kür vadisində mühüm ticarət mərkəzi Bərzənd (bəzi mənbələrdə Bərzənc) şəhəri vardır, karvanlar bu şəhərdən kecib gedirdi. İbn Həvqəl X əsrdə “Yollar və məmləkətlər” əsərində yazırdı ki, “Bərdədən Bərzəncə 18 fərsəx (hər fərsəx 6-8 km-dir) yoldur. Bərzəncdən Kürü keçərək Şəmaxiyyəyə 14 fərsəx yol var...” Minorski sübut etmişdir ki, bu şəhər Zərdabın Körpükənd adlanan kəndinin lap yaxınlığında- Bərdədən təqribən 35 km. şərqdə mövcud olmuşdur. Görkəmli alimlərin Bərzəncin yaşıdı hesab etdikləri, bu gün də qədim adını yaşadan Körpükənd barədə qeydlər orta əsrlərin sonuna aid sənədlərdə yazılmışdır. Həmin tarixi mənbələrdə deyilir ki, Körpükənddə bərə vardı, Şamaxıdan gəlib Qarabağa, Gürcüstana, İrana, İrəvana gedən karvanlar bu körpüdən keçirdi. Qeyd etmək lazımdır ki, Zərdabın adına yazılı mənbələrdə ilk dəfə 1500-cü ildə rast gəlinir. “Azərbaycan SSR atlası” kitabında (Bakı-Moskva, 1963.Səh.208) göstərilir ki, Şah İsmayıl Xətai Səfəvi qoşunları ilə 1500-1501-ci illərdə Ərzicandan Təbrizə hərəkət edərkən indiki Zərdab şəhərinin qarşısından (“Qoyun ülumu”ndan—bu sözlər qoyun yığışan, qoyun cəmləşən, toplaşan yer mənasını verir) Kürü keçmiş, Şamaxıya getmişdir. I Şah Təhmasib öz ordusuyla Şirvana (1538-ci il) və Şəkiyə (1551) hərəkət edərkən Cavaddan (Sabirabad rayonu) Kürü keçmiş, Zərdaba (“Qoyun ülumu”na) gəlmiş, buradan Qəbələyə, sonra Şamaxıya yürüş etmişdir. Oqtay Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti” əsərində yazır: “I Şah Təhmasib Gürcüstan yürüşündən qayıdarkən Gəncədən keçdi, Yevlax adlanan yerdə dayandı... Zülhiccənin 11-də “Qoyun ülumu” kecidinin yanından Kürü keçdi... Yeri gəlmişkən deyək ki, Zərdabın çox qədim və zəngin tarixi olan kəndlərindən biri Əlvənddir. Güman olunur ki, Əlvənd yaşayış məntəqəsi kimi orta əsrlərin sonlarında formalaşmışdır. Abbasqulu ağa Bakıxanov məşhur “Gülüstani-İrəm” əsərində Əlvənddən bəhs edərək yazır ki, 1775-ci ildə “Ağası xan da Əlvənddə oturub bütün Şirvana hökmran oldu...” Məntiqə görə Ağqoyunlu hökmdarı uzun Həsənin nəvəsi, 1498-ci ildə özünü Təbrizdə hökmdar elan etmiş və tezliklə qardaşı Məhəmməd Mirzə tərəfindən məğlub edilib taxtdan salınan Əlvənd Mirzənin – Yusif Mirzə oğlunun (1504-cü ildə Diyarbəkirdə vəfat etmişdir) Əlvənddən olduğunu söyləmək səhv olmaz. Əlvəndin tarixinə aid maddi mənbələr 1965-1970-ci illərdə kəndin şimal-şərdində yerləşən “Dəvəçökəyi” adlanan ərazidə meliorasiya işləri zamanı aşkar edilmişdir. 4-5 metr dərinlikdə aparılan qazıntı işləri zamanı çoxlu sayda naxışsız gil qablar, bəzək əşyaları, müxtəlif əmək alətləri tapılmışdır (ərazi öz arxeoloji tədqiqini gözləyir). Bu da Kür-Araz mədəniyyəti adlanan Erkən Tunc dövrünə (e.ə.IV minillik) gedib çıxır. Bu ərazi indi də el arasında xan qızının hanasının qaldığı yer kimi hallanır. Digər maddi mənbə 1956-cı ildə kənddəki köhnə qəbristanlıgın ətrafında aparılan qazıntı işləri zamanı aşkara çıxan küp qəbirlərdir. Bu da Əlvəndin tarixinin eramızdan əvvələ gedib cıxdığını bir daha sübut edir. Tarixi mənbələrdə qədim “İpək yolu”nun Əlvəndin ərazisindən keçdiyi qeyd olunur. Əlvəndin yaşlı sakinləri kəndin bir məhəlləsini bu yaxınlara qədər Biləqanlı adlandırırdılar. Mütəxəssislər bunu XIII əsrdə monqolların məhv etdiyi qədim Beyləqan (xarabalıqları Mil düzündədir, Örənqala adlanır) şəhərindən köçüb gələnlərin nəsilləri hesab edirlər. XVIII əsrə aid sənədlərdə Əlvənddən ipəkçilikdə, ticarət və gəmiçilikdə müəyyən rolu olan yer kimi danışılır. Mənbələrdə yazılır ki, həmin vaxtlar burada ipək emalı müəssisəsi, gəmi dayanacağı, çoxlu karvansara, ticarət binaları, Qarabağa gediş-gəliş üçün bərə vardı. Əlvənd bazarına hər şənbə Ağcabədidən, Zərdabdan, Göycaydan, Ucardan, İmişlidən alverə gəlirdilər. Bu yerlərin kənd təsərrüfatı məhsulları Əlvənddə toplanır və gəmilərlə uzaqlara daşınırdı. Indi də Qarabağ ərazisində “ Əlvənd yolu” deyilən qədim bir yol var. Həsən bəy Zərdabi 1893-cü ildə yazırdı ki, XIX əsrin 60-cı illərində Moskvada yaşayan Şamaxı sakinləri Qədir ağa və Hacı Abdulrəhman qardaşları hər biri yüz vedrəyə qədər su tutan 30-a yaxın çuqun qazan alıb gətirib onları Əlvənd kəndində qurdurublar və biyan kökü şirəsi istehsal etməyə başlayıblar. Sonralar bir nəfər alman və erməni Martiros Ucar yaxınlığındakı Qarabörk kəndində biyan kökü şirəsi hazırlamağa başlayır. Təbii çoxalan biyan Zərdabın demək olar bütün sututar ərazisində yetişirdi. Əvvəllər biyandan ancaq mal-qara üçün qaba yem kimi, oduncağından isə ocaqda yandırmaq üçün istifadə edirdilər. Biyan kökü şəkər istehsalı üçün əvəzsiz xammal kimi kəşf edildikdən sonra onun sənayedə istifadə olunması zərurəti meydana çıxdı və biyan kökü tədarük etmək zərdablılar üçün yeni bir istehsal fəaliyyəti növünə çevrildi. Kür çayı boyunca yabanı halda yetişən biyanın şöhrəti sonralar dünyanın bir çox ölkələrinə yayılmışdı. Kür vadisindəki biyan kökü və ondan alınan şirə Avropaya, Amerikaya yollanırdı. Qeyd edək ki, bu zavodlarda emal edilən biyan kökünün tədarükçüləri arasında zərdablılar çox idi. Dəmiryolu yükün daşınması üçün yaxşı imkan yaratdığı üçün zavodlar əsasən dəmiryol stansiyaları yaxınlığında tikilirdi. Məhsul isə zavodların yaxınlığındakı qonşu rayonlardan daşınırdı. 1887-ci ilə aid bir sənəddə Əlvənd adının yanında “Böyük kənd” sözü də yazılmışdır. Əlvəndə bir zamanlar Kürdəmirin Sovla kəndindən də köçüb gəlmişlər. XX yüzilliyin 40-cı illərində isə Ermənistanın Abaran rayonunun Kirəşli kəndindən zorla çıxarılan 35 azərbaycanlı ailəsi Əlvəndə deportasiya edilmişdir. Qəribədir ki, ikinci dünya müharibəsi zamanı - 1941-ci il avqustun 25-də alman təyyarəsi Əlvənd üzərində uçmuş, bu kəndə bomba atmışdır. Həmin yandırıcı bomba taxıl zəmisinə düşmüş, partlamamışdır və bu gün də Zərdab tarix-diyarşünaslıq muzeyində eksponat kimi nümayiş etdirilir. Zərdabın qədim və zəngin tarixi olan kəndlərindən biri də Qaravəllidir. Qaravəllilər əvvəllər yarımköçəri maldarlıqla məşğul olmuş, Kür vadisinə XIX əsrin ikinci yarısında həmişəlik gəlmiş və əsasən oturaq həyata keçmişlər.Əlisəfa Məmmədov «Qarayazı düzündən Xəzər dənizinə qədər» kitabında yazır ki, Azərbaycanın qədim türkdilli tayfalarından olan qaravəllilər XX əsrin əvvəllərinə qədər əsasən Şirvanda, Araz boyunda-- Mildə, Muğanda yaşayırdılar. Bu vaxt onların Şirvanda Qaravəlli-Alməmməd (ona Xanlıq da deyirdilər) və Qaravəlli (Tapdıq), Qaravəlli-Qambaybəy, Muğanda Qaravəlli, Arazın sol sahilində-Mil düzündə isə Qaravəlli və Minaxarlı (Qaravəlli) kəndləri olmuşdur. Şimali Azərbaycanda Qaravəlli adlı 8 kənd vardı. Qaravəllilər indi Respublikamızın Gədəbəy, Ağsu, Zərdab, Ağcabədi, Şamaxı, İmişli və Balakən rayonlarının ərazilərində yerləşirlər. Qaravəlli kənd sakini, 85 yaşlı Məmmədova Qumru Əslan qızının dediklərindən: “Qaravəlli kəndinin yaranma tarixini atamdan və babamdan eşitmişəm. Onlar deyirdilər ki, bizə deyildiyinə görə ilk dəfə bu əraziyə Vəli adlı bir kişi gəlib. Daha sonra Vəli kişinin ardınca Qasımbəy adlı bir kişi gəlib. Onların ardınca Hacıaxund adlı üçünçü şəxs gəlib. Hər üçü də Araz qırağından gəlib. Vəli kişinin rəngi qara olduğuna görə bu kəndin adını elə Qaravəlli qoyublar. Qaravəllinin iki oğlu, Hacıaxundun yeddi oğlu, üç qızı, Qasımbəyin bir oğlu, beş qızı olmuşdur. Zərdabın zəngin tarixi olan kəndlərindən biri də Bıçaqçıdır. Bu kəndin adına Həsən bəy Zərdabinin 1880--1890-cı illərdə “Zərdabdan məktublar” başlığı altında “Kaspi” qəzetində dərc etdirdiyi məqalələrdə tez-tez rast gəlinir.Bıçaqçı kəndinin ətrafında Veysəl Qara adlandırılan Üveys əl Qəraninin məzarı ziyarətgah kimi mövcuddur. Təxmin edilir ki, 650-ci illərdə Həzrət Əlinin ordusu Azərbaycana yürüş edərkən burada Süffan döyüşü baş verib. Kəndin bir tərəfində də Peyğəmbərimizin (S.Ə.V.) nəslindən olduğu deyilən Seyid Şahimərdanın XIV-XV əsrlərə aid qəbri var. Bu ərazidə Seyid Mahmud adlanan ziyarətgah da var ki, el arasında deyildiyinə görə Seyid Mahmud ilanlardan qamçı kimi, canavarlardan tazı kimi istifadə edirmiş. Bıçaqçının ortasında Xanlar Çələbinin də məzarı var. Bıçaqçı kəndinin adı gah Əli Bayramov, gah Qırmızı Oktyabr, gah da Şirvan kolxozu adlanıb. Ağsaqqalların dediyinə görə erməni–türk davasında kəndin Məmmədsan, Məhəmməd, Aloslan, Məmmədkərim, Mustafa, Abbasəli, Məlik Zakiroğlu kimi igidləri ermənilərin Şamaxıda törətdikləri vəhşi qırğınlardan xəbər tutan kimi oraya gedib Qafqaz türk islam ordusunun döyüşçülərinə qoşularaq vuruşmuşlar. Rəsul adlı bıçaqçılı igid elə orada - Acıdərə yaxınlığındakı döyüşlərdə qəhrəmanlıqla şəhid olmuşdur. Bıçaqçılıların igidliyinə heyran qalan türk paşası və yüzbaşı bu kəndə gələrək kəndin cavanlarına hərbi təlim keçilməsinə başlamışlar, türk ordusuna xeyli araba, at, cöngə, digər ərzaq məhsulları pay verilmişdir. Əhd edərək Bıçaqçıdan həcc ziyarətinə piyada gedən Hacı Xəlil kişi adlı varlı bir şəxs varmış, imkansızlara dayaq dururmuş. 1933-cü ildə sovet hökuməti Hacı Xəlili də, 4 oğlunu və 3 qızını da Sibirə sürgün edir. O biri oğlanları Aləşrəflə Əşrəf Kürü keçib o taya qaçanda güllələnirlər. Bununla belə 1990-cı illərdə Hacı Xəlilin nəticəsi Qiyas yaşadığı Qırğızıstandan Qarabağ döyüşçülərinə və qaçqınlara dəfələrlə yardım edib. Maraqlıdır ki, Bıçaqçı kəndində məhəccərlə əhatələnmiş ikimərtəbəli yaraşıqlı bina Hacı Xəlilin mülkü olub, bir vaxtlar hökumət onu məktəb, sonralar uşaq bağçası edib. Bıçaqçı kəndinin şair oğlu, XVIII-XIX əsrlərdə yaşamış, Şəki mədrəsəsində təhsil almış, Şərq ədəbiyyatını dərindən bilən Qədir Əfəndi şeirləri ilə Azərbaycanda məşhur olub. Görkəmli tədqiqatçı Salman Mümtaz 1935-ci ildə nəşr olunan “El şairləri” kitabında Qədir Əfəndinin “Tatar”, “Eynək”, “Çəltik”, “Çust”, “Şahupalıd”, “Alça” şeirlərini və İsmi bəy Nakamla məktublaşmalarını vermişdir. Zərdab şəhərinin tarixinə gəlincə, xatırlatmaq maraqlıdır ki, bugünkü Zərdab şəhəri 1578-ci ilə aid türk mənbələrində “Zərdab sancağı” kimi göstərilir. Həsən bəy Zərdabi 1884-cü ildə Zərdabın 500 evdən ibarət olduğunu yazır. 1827-ci ildən yelkənli iri çay gəmiləri Zərdab ərazisində Kür çayı boyunca yük daşıyırdılar. H.Zərdabi qızı Pəri xanımın əri Əlimərdan bəy Topçubaşovun H.Z.Tağıyevdən icarəyə götürdüyü və redaktorluğun ona həvalə olunduğu «Kaspi» qəzetində 1892-ci ildə belə yazırdı: «Bizim kəndimizdə 800-ə yaxın ev var, güman ki, Zərdabda 5 minə yaxın adam yaşayır...» 1935-ci ildə Zərdab bölgəsi Göyçay rayonunun tərkibində idi. Azərbaycan Xalq Təsərrüfatı Uçotu Nəşriyyatı tərəfindən 1933-cü ildə Bakıda nəşr olunmuş “Azərbaycan Sosialist Şuralar Cəmiyyəti, Naxçıvan Sosialist Şura Cəmiyyəti və Muxtar Dağlıq Qarabağ Oblastı inzibati bölünüşü” statistik məlumatından indiki Zərdab rayonu haqqında xeyli maraqlı bilgi əldə etmək mümkündür. Həmin məlumata əsasən 1933-cü ildə Zərdab bölgəsində 37 yaşayış məntəqəsi olmuşdur. Sosialist Şuralar Cəmiyyətinin 1920-ci ildən hakimiyyətə yiyələnməsinə baxmayaraq kəndlərdə təsərrüfatlar hələ tam ümumiləşdirilməmişdi. 14 kənddə bir təsərrüfat belə ümumiləşməmişdi. Təsərrüfatlar fərdi fəaliyyətlə məşgul olurdular. Nisbətən böyük kəndlərdə isə təsərrüfatların ümumiləşdirilməsinə başlanmışdı. Belə təsərrüfatların sayı Məliklidə 74, Gəndəbildə 69, Xələcdə 52 (o vaxt Xələc Zərdabın inzibati ərazi vahidinə daxil idi), Gəlmədə 44, Burunluda 39, Çallıda 37, Nəzərallıda 36 idi. Zərdab bölgəsində 8 kənd şurası fəaliyyət göstərirdi. Qeyd etmək lazımdır ki, bu kənd şuraları sonralar kənd zəhmətkeş deputatları sovetinə çevrilmiş, 1977-ci ilədək bu ad altında, 1977-ci ildən SSRİ dağılanadək isə xalq deputatları soveti kimi fəaliyyət göstərmişlər. 1933-cü ildə Zərdab bölğəsində 2180 təsərrüfatda 11846 nəfər əhali yaşayırdı. Onların 99,5 faizi azəri türklərindən ibarət idi. Ən iri yaşayış məskənləri Çallı (819 nəfər), Alıcanlı (726 nəfər), Xələc (676 nəfər), Gəlmə (618 nəfər), Yarməmmədbağı (602 nəfər), Zərdab (594 nəfər), Qaravəlli (413 nəfər) kəndləri idi. Maraqlıdır ki, əldə olunan məlumatlara əsasən 1831-ci ildən 1940-cı ilədək həmişə kişilərin sayı qadınların sayından çox olmuşdur. 1933-cü il də bu sahədə istisnalıq təşkil etmir. 1933-cü ildə Zərdab bölgəsində yaşayan 11846 nəfərdən 6235 nəfəri kişilər idi. Hazırda qadınların çoxluq təşkil etməsi, görünür, müharibələrin soy-- kökümüzə vurduğu dəhşətli zərbənin, kişilərin qanlı döyüşlərdə kütləvi qırılmasının nəticəsidir. XIX-XX əsrlərdə Göyçay qəzasının iri kəndləırindən olan Zərdab sonralar inkişaf edərək 1935-ci ildə rayon mərkəzinə çevrilmişdir. Hazırda Zərdabın ərazisi - 860 kv.km-dir, əhalisinin sayı - 50000 nəfərdən çoxdur. İnzibati mərkəzi - Zərdab şəhəridir. Rayon Bəyimli qəsəbəsini və Bıçaqçı, Yuxarı Seyidlər, Sileyli, Körpükənd, Məlikli, Burunlu, Qoruqbağı, Sarıqaya, Məmmədqasımlı, Gödəkqobu, Yarməmmədbağı, Lələağacı, Pərvanlı, Gəlmə, Salahlı, Hüseynxanlı, Xaməmmədli, Əlibəyli, Allahqulubağı, Çallı, Məlikumudlu, Birinci Alicanlı , İkinci Alicanlı, Cülovxanlı, Dəliquşçu, Dəkkəoba, İsaqbağı, Qərəvəlli, Böyük Dəkkə, Nəzəralı, Şıxbağı, Gəndəbil, Ağabağı, Şahhüseynli, Şəftəhal, Aşağı Seyidlər, Əlvənd, Otmanoba kəndlərini özündə birləşdirir. İqlimi: Qışı mülayim, yayı quraq isti keçən yarımsəhra və quru çöl iqlimi xarakterikdir (bu iqlimə quru subtropik iqlim də deyilir). Bu iqlim zəif nəmliyi, yayın isti keçməsi ilə səciyyələnir. Yay aylarında havanın temperaturu 35-40 S-yə çatır. Mütləq maksimum temperatur 41-44 S-dək yüksəlir. Havanın orta aylıq temperaturu yanvarda +3 C, iyulda +27 C-dir. İllik yağıntı 335 mm-dir. Bu iqlim şəraiti pambıq, üzüm, meyvə-tərəvəz, quru subtropik bitkilərin yetişdirilməsi üçün əlverişlidir. Torpağı: Boz-çəmən torpaqlarıdır. Humusun miqdarı (bitki və orqanizm qalıqları) 2 faizdir. Bitki ortüyü: Yovşanlı-şoranlı, yovşanlı-efemerli yarımsəhra bitkiləri üstünlük təşkil edir. Ümumiyyətlə yarımsəhra bitkilərin inkişaf etdiyi bu zona məhsuldar qış otlaqlarıdır. Əkin sahələri genişləndikcə yarımsəhra bitkilərin arealı kiçilir. Kür çayı yatağına yaxın sahələrdə axmaz və göllərin ətrafında gilli-qamışlı bataqlıq çəmən-çöl bitkilərinə rast gəlinir. Kür çayı boyunca Tuqay meşələri uzanır. Yarımsəhrada təbiətin insanlara payı olan yaşıl zolaq həm torpaqqoruyucu, sahilbərkidici rol oynayır, həm də ətrafın iqlimini yumşaldır. Əhalisi: 2008-ci ilin əvvəlinə rayon əhalisinin sayı təxminən 51,2 min nəfərdir. Şəhər əhalisi 12 min nəfər, kənd əhalisi isə 39,2 min nəfərdir. Rayonu respublikamızın paytaxtı Bakıdan 231 km məsafə ayırır. Bir rayon kimi 05.02.1935-ci il tarixdə formalaşa da, XVI əsrə aid tarixi mənbələrdə Zərdab rayonunun adı çəkilir. Hal-hazırda bizim üçün yeni yeni formalaşan virtual məkanda isə Zərdab haqqında geniş məlumat olmasa da, bəzi veb səhifələrdə rayonun adına rast gəlinir. Rayonda 85 Qarabağ müharibəsi əlili, 118 şəhid ailəsi, 844 nəfər məcburi köçkün vardır. Rayon əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil etsə də, başqa millətlərin nümayəndələri- rus, ləzgi, avar, türk, tatar, ukrayna və s. də yaşayır. Kür və Qarasu çayları Zərdabda qovuşur. Kür çayı üzərində tikilmiş körpü rayonu, Ağcabədi ilə, ümumən isə Qarabağla birləşdirir. Zərdabın iqtisadiyyatının əsasını kənd təsərrüfatının taxılçılıq, maldarlıq, pambıqçılıq sahələri təşkil edir. Zərdab inzibati ərazi vahidi bir şəhər (Zərdab), bir qəsəbə (Bəyimli), 40 kənddən ibarətdir. 28 icra nümayəndəliyi və 41 bələdiyyə fəaliyyət göstərir. Zərdabda nəşr olunan В«ƏkinçiВ» qəzeti rayonun iqtisadi, ictimai-siyasi və mədəni həyatını işıqlandıran yeganə kütləvi-informasiya vasitəsidir. 1935-ci ilin yanvar ayından В«KolxozçuВ», 1966-cı ildən В«PambıqçıВ» kimi nəşr olunan rayon qəzeti 1983-cü ildən В«ƏkinçiВ» kimi fəaliyyətini davam etdirib. Zərdabda ilk məktəb XIX əsrin 80-cı illərində Həsən bəy Zərdabi tərəfindən təşkil edilmişdir. Belə ki, 1878-ci ildə Bakı polis idarəsinin tələbi ilə şəhərdən uzaqlaşdırılan Zərdabi öz doğma yurduna dönür və burada kiçik bir məktəb təşkil edir, elmi işlə məşğul olur, müxtəlif qəzet və jurnallara məqalələr göndərir. Hal-hazırda isə təhsil sisteminin əsasını rayonda fəaliyyət göstərən 41 ümumtəhsil, o cümlədən 28 orta, 9 əsas, 4 ibtidai məktəb təşkil edir. Eyni zamanda rayonda 19 məktəbəqədər və 5 məktəbdənkənar təhsil müəssisəsi vardır. Son illərdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Belə ki, Yarməmmədbağı kəndində 264 yerlik orta məktəb binası, H.Əliyev Fondu hesabına Körpükənd (Xasa) kəndində 100 yerlik əsas məktəb və Dəkkəoba kəndində 180 yerlik orta məktəb binaları gənc nəslin ixtiyarına verilmiş, bir sıra məktəb və məktəbəqədər müəssisə əsaslı təmir edilmişdir. Rayona zəng etmək üçün (0135) kodundan istifadə edilir. Poçt indeksimiz:AZ 6300. Rayonda iki provayderin - В«AztelekomВ» və В«BakinternetВ»-in internet xidmətlərindən istifadə etmək mümkündür. Bundan başqa В«AzercellВ», В«BakcellВ» və В«NarMobileВ» mobil rabitə operatorlarının xidmətlərindən də istifadə etmək, AzTV, İTV, ANS, Lider, ATV, Spase televiziya kanallarını izləmək mümkündür. Həmçinin üç bankın- В«Kapital BankВ», В«Bank of AzerbaijanВ», В«Beynəlxalq BankВ»ın filialları Sizə istənilən növ bank xidməti göstərməyə hazırdır. Bu xidmətlərə sürətli pul köçürmələri (burada çeşid müxtəlifdir – beynəlxalq ödəmə sistemləri WesternUnion, Migom, Privat Money, Exspres Pocta, Kaspian və respublikadaxili ödəniş sistemi Xəzri), plastik kartlarla əməliyyatlar (bu banklara məxsus 6 ATM gecə-gündüz sizin xidmətinizdədir), mübadilə əməliyyatlarını misal göstərmək olar.
|