"Yüksələn bütün insanlar ancaq gözəl əxlaqları sayəsində yüksəlmişlər"
Əxlaq haqqında hədislər
Əxlaq
Gözəl əxlaq
Peyğəmbər (s): “İslam gözəl əxlaqdır”.
Peyğəmbər (s): “Gözəl əxlaq dinin yarısıdır.”
İmam Əli (ə): “Gözəl əxlaq möminin kitabının sərlövhəsidir.”
İmam Əli (ə): “Gözəl xasiyyət bütün yaxşılıqların mənşəyidir.”
İmam Sadiq (ə): “Gözəl əxlaqdan ləzzətli həyat yoxdur.”
Gözəl əxlaqın səmərələri
Peyğəmbər (s): “Bəndə, hərçənd ibadətdə zəif olsa da, özünün gözəl əxlaqı ilə axirətdə böyük dərəcələrə və ali məqamlara çatar.”
Peyğəmbər (s): “Həqiqətən, xoşxasiyyət insan gündüzlər oruc tutan və gecələr ibadət edən kəsin savabına sahibdir.”
Peyğəmbər (s): “Əməllər tərəzisində gözəl əxlaqdan ağır bir şey yoxdur.”
Peyğəmbər (s): “Sizlərdən mənə ən sevimli və Qiyamət günü ən yaxın olan şəxs ən xoşxasiyyətliniz və ən çox təvazökar olanınızdır.”
Peyğəmbər (s): “Əxlaqı daha gözəl olan möminin imanı daha kamildir.”
Gözəl əxlaqın mənası
İmam Əli (ə): “Gözəl əxlaq 3 şeydədir: haram işlərdən uzaqlaşmaqda, halal dalınca getməkdə, ailənin asayişini və rifahını təmin etməkdə.”
İmam Əli (ə): “Salam vermək gözəl əxlaqdan irəli gəlir.”
İmam Sadiq (ə) – hədd və gözəl əxlaqın mənası barədə verilən sualın cavabında: “Gözəl əxlaqlı insan yumşaq xasiyyətli, mehriban, danışığında saf və ədəbli olan, qardaşı ilə mehriban rəftar edən kəsdir.”
Ali əxlaqi sifətlər
Peyğəmbər (s): “Allah-taala gözəl xasiyyətləri sevər və alçaq xasiyyətlərdən xoşlanmaz”.
İmam Əli (ə): “Sizə, əxlaqi kəramətləri kəsb etməyi tövsiyə edirəm. Çünki onlar yüksəliş və başıucalığın mənşəyidir. Pis xasiyyətlərdən uzaqlaşın, çünki onlar şərəfli insanları alçaq edər, əzəmət və alicənablığı aradan götürər.”
Əxlaqi kəramətlərin izahı
Peyğəmbər (s): “Həqiqətən, mən əxlaqi kəramətləri kamilliyə çatdırmaq üçün göndərilmişəm.”
İmam Sadiq (ə): “Allah-taala öz Peyğəmbərinə (s) əxlaqi kəramətləri ilə imtiyaz verdi. Beləliklə, siz də özününzü imtahan edin. Əgər bu xoş xasiyyətlərdən sizdə varsa, Allaha şükr edin və bu kəramətlərin artmasını diləyin.” Sonra onlardan onunu saydı: əminlik, qənaət, səbr, şükr, dözümlülük, xoş xasiyyət, səxavət, qeyrət, şücaət, mərdlik.
İmam Sadiq (ə) - əxlaqi kəramətlər barədə: “Sənə zülm edən kəsə güzəştə getmək. Səninlə əlaqəni kəsən şəxslə əlaqəni bərpa etmək. Səndən bir şeyi əsirgəyənə bəxşiş etmək. Haqqı danışmaq, hərçənd sənə zidd olsa da.”
Gözəl əxlaqın nəticələri
Peyğəmbər (s): “Gözəl əxlaq dostluq ipini möhkəmlədər.”
İmam Əli (ə): “Əxlaqını gözəl et ki, Allah sənin hesabını asan etsin.”
İmam Sadiq (ə): “Gözəl əxlaq ruzini artırar”
İmam Sadiq (ə): “Yaxşılıq etmək və gözəl əxlaq evləri abad, ömürləri uzun edər.”
İmam Sadiq (ə): “Günəş buzu əritdiyi kimi gözəl əxlaq da günahları əridər.”
Pis əxlaq
Peyğəmbər (s): “Pis əxlaq, bağışlanmayan günahdır.”
Peyğəmbər (s): “Həqiqətən, bəndə özünün pis əxlaqına görə Cəhənnəmin ən aşağı dərəcəsinə enər.”
“Biharul-ənvar”: “Peyğəmbərə (s) ərz etdilər: Filan qadın gündüzləri oruc tutur, gecələr ibadət edir, amma bədrəftardır. Qonşularına (acı) dili ilə əziyyət verir. Həzrət buyurdu: Onda bir xeyir yoxdur, o, Cəhənnəmlikdir.”
İmam Əli (ə): “Pis əxlaq ruzinin azalmasına və ruhun işgəncəyə məruz qalmasına səbəbdir.”
İmam Sadiq (ə): “Sirkə balı xarab etdiyi kimi, pis əxlaq da əməli xarab edər.”
Pis əxlaqın aqibəti
İmam Əli (ə): “Pis əxlaq sahibinin ailəsi onun əlindən sıxıntıya düşüb bezar olar.”
İmam Əli (ə): “Hövsələsiz (və tündxasiyyət) olanın rahatlığı az olar.”
İmam Əli (ə): “Əxlaqı pis olanın ruzisi az olar”.
İmam Sadiq (ə): “Ət, ət gətirər. Kim qırx gün ət yeməsə, əxlaqı pis olar.”
Ən üstün əxlaq
İmam Əli (ə): “Ən çox ehtirama layiq olan xasiyyət səxavət, faydası daha əhatəli olan xasiyyət isə ədalətdir.”
İmam Baqir (ə) “ən üstün əxlaqi kəramət hansıdır?” sualının cavabında buyurub: “Səbr və səxavət”.
Əxlaqi keyfiyyətlərin əlaqəliliyi
İmam Əli (ə): “Əgər kimsədə bir gözəl xasiyyət olarsa, ondan digər gözəl xasiyyətlərin də üzə çıxmasını gözləyin.”
İmam Sadiq (ə): “Gözəl əxlaqi xüsusiyyətlər bir-birinə bağlıdır.”
Əxlaq haqqında İslam alimləri buyurur ki:
"Gözəl əxlaq, kimsəylə çəkişməmək və kimsəni çəkişdirməməkdir"
"Gözəl əxlaq, əziyyət verməmək və məşəqqətlərə dözməkdir"
"Pis əxlaq, elə bir pislikdir ki, onunla edilən bir çox yaxşılıqlar fayda verməz.
Gözəl əxlaq, elə bir yaxşılıqdır ki, onunla edilən günahlar belə əfvə uğrayar"
"Yüksələn bütün insanlar ancaq gözəl əxlaqları sayəsində yüksəlmişlər"
"Gözəl əxlaq gülər üzlülük, comərdlik və kimsəni üzməmək deməkdir"
"Gözəl əxlaq, genişlikdə və darlıqda insanları razı etməyə çalışmaq deməkdir"
"Gözəl əxlaq, Allahdan razı olmaq deməkdir.Yəni xeyiri və şəri Allahdan bilmək, nemətlərə şükr, bəlalara səbr etməkdir"
"Gözəl əxlaqın ən azı, məşəqqətlərə sinə gərmək, etdiyi yaxşılıqlardan qarşılıq gözləməmək, bütün insanlara qarşı şəfqətli olmaqdır"
"Hər binanın bir təməli vardır.İslamın təməli də gözəl əxlaqdır"
"Gözəl əxlaq, haramlardan qaçıb halalı axtarmaq, digər insanlarla olduğu kimi ailə qohumları ilə də yaxşı dolanıb onların məişətlərini təmin etməkdir"
"Gözəl əxlaq, Yaradanı düşünərək, yaradılanları xoş görmək, onların əziyyətlərinə səbr etməkdir"
Bir müsəlmana çatma qaşla baxmaq haramdır.Gülər üzlü olmayan kimsə mömin sifətli deyil.Hər kəsə qarşı gülər üzlü olmalıdır.
Əxlaq və Ədəb haqqında
1. Gülə - gülə günah işlədən adam ağlaya- ağlaya cəhənnəmə
gedər.
2. Allah-Ttaala 3 adama lənət edər: Ata -anasından üz çevirənə, ərlə- arvadın arsına girib sonra arvada sahib çıxana, bir -birinə qəzəblənsinlər və paxıllıq etsinlər deyə mömünlərin arasında dedi - qodu yayana.
3. Bir zamanlar üstünüzdə səfeh əmirlər hökmran olsa onlar bədxahları irəli çəkər, belələrinə hamilik edərlər.
4. Ərlə arvaddan birisi digərinin sirrini başqasına açarsa, qiyamət günü Allah yanında pislərin pisi olar.
5. Elə bir zaman gələcək ki, adam bilməyəcək aldığı halal maldır yoxsa, haram mal.
6. Bir müsəlmanın digərinə malı, irzi( namusu) və qanı haramdır.Müsəlman qardaşına kimsənin sadəcə nifrət etməyinin özü də şər iş sayılır.
7. Əzalar içində qiyamət günü daha çox əzab çəkən dil olacaq.
8. 3 cür adam Allahın qəzəbinə gələr: Tox ola- ola yeyən, gününü yatmaqla sovuran, mənasız yerə gülən.
9. Övladlarınızla xoş rəftar edin və onlara tərbiyə verin.
10. Evlənməyə qadir ola- ola evlənməyən kəs məndən, ( ümmətimdən ) deyil.
11. Bir qoca kişi peyğəmbər salavatullahın görüşünə gəlir, hüzurunda olanlar ağır tərpənib ağsaqqala yer verməkdə ləngiyirlər. Bunu görən peyğəmbər deyir: " Kiçiyimizəı rəhm etməyən, böyüyümüzə hörmət qoymayan bizdən deyil”
12. Üç qız uşağı böyüdənin, onları ngözəl tərbiyə edənin, ərə verənin və onlara xoç münasibət bəsləyənin yeri cənnətdir.
13. Həya imanın bir qismidir. Həyası olmayanın imanı da olmaz.
14. Allah -Taala o adamı himayəsinə alıb cənnətə daxil edər ki, onda bu üç keyfiyyət olsun: Zəif adamla mehribançılıq, valideynlərə qarşı şəfqət göstərmək, tabeliyində olanlarla yaxşı davranmaq.
15. Qüvvətli adam güləşdə qalib gələn deyil, qəzəblənən vaxtı qəzəbini boğa biləndir.
16. İmanın kamala yetməsi gözəl əxlaqla mümkündür.
17. İnsanların ən fənası birinə bir üz, başqasına başqa üz göstərən ikiüzlü adamdır.
18. Bir nəfər Hz. Peyğəmbərdən: Ya Rəsullalah, insanların ən xeyirlisi kimdir? – deyə soruşdu.
- Ömrü uzun, əməli gözəl olandır.
- Bəs insanın ən pisi kimdir?
- Ömrü uzun, əməli bəd olandır.
19. Gözü kor olan yox, bəsirəti tutulan kor sayılır.
20. Təkəbbürdən, xəyanətdən və borcdan qurtararaq ölən adam cənnətə gedər.
21. Peyğəmbər səlavutallahdan soruşdular " Müsəlmanların ən yaxşısı kimdir?” Hz. Peyğəmbər buyurdu: O adamdır ki, dilindən və əlindən müsəlmanlara xətər toxunmaz.
22. Haramdan uzaq ol ki, ömrünü hamıdan artıq ibadətə keçirə biləsən.Allah Taalanın sənə qismət etdiyi kifayətdir ki, insanların ən zəngini olasan.
23. Qonşuna yaxşılıq et, əsl mömin olasan. Özünə rəva bildiyini, başqalarına da bil, əsl müsəlman olarsan. Çox gülmə, artıq gülüş qəlbi öldürər.
24. Gözəl əxlaq dinin yarısıdır.
25. Ədəbi olmayanın ağlı da olmaz.
26. Gözəl əxlaqa malik olan və yaxın adamlarına münasibətdə xoş rəftarı ilə seçilən iman sahibi möminlərin ən kamilidir.
27. Aranızda əxlaqı gözəl olanları fərqləndirin.
28. Riyakar adam iki sürü arsında dolaşan qoyuna bənzər, gah birinə, gah da o birisinə qoşular.
Peygemberimizin exlaqi haqqinda deyilenler
1. Peyğəmbərimizin xanımı Hz. Ayşə Rəsulullahın (s.a.v.) gözəl əxlaqı haqqında belə demişdir: "Çirkin söz söyləməzdi. Həya, tərbiyə və nəzakətə zidd bir davranış etməzdi. Bazarda yüksək səslə danışıb, səs-küy çıxarmazdı. Pisliyə pisliklə qarşılıq verməzdi. Əfv edər, bağışlayardı." (Əbu Davud)
2. Hz. Ayşənin Peyğəmbərimizin əxlaqı ilə əlaqədar bir suala verdiyi cavab, Onun həyatının yolunun Qurandan başqa bir şey olmadığını açıqlamağa yetər:
"Ey möminlərin anası, Peyğəmbərin əxlaqı necə idi?"Cavab verdi: "Rəsulullahın əxlaqı... Muminin surəsini oxuya bilirsən? Bu surəni onuncu ayəsinə qədər oxu! Allahın Rəsulunun əxlaqı belə idi" dedi. (Buxari)
3.Rəsulullah “ən xeyirliniz, əxlaqca ən gözəl olanınızdır" deyərək bunun hər mömin üçün bir hədəf olduğunu vurğulayır. Mömin ruhunda pis əxlaqın ən kiçik qırıntısı belə qalmamalıdır. Su, buzu əritdiyi kimi gözəl əxlaq da günahları əridir; sirkə balı pozduğu kimi pis əxlaq əməli pozar. (Təbərani)
4. Mənim üçün ən sevimliniz, əxlaqca ən gözəl olanınız və ətrafdakılarla xoş keçinənizdir, onlar hamini sevər və hamı da onları sevər. Mənim üçün ən sevilməyəniniz dedi-qodu edən, dostların arasını vuran və təmiz bir insanda qüsur axtarandır. (Bəzzar)
5. Allah qatında pis əxlaqdan daha böyük bir günah yoxdur. Çünki pis əxlaq sahibi, bir günahdan qurtulmadan başqasına keçər. (Əsbahani)
6. Qul, ibadəti az olduğu halda, gözəl əxlaqı ilə axirətin yüksək dərəclələrinə və şərəfli mövqelərinə çata bilər. Əxlaqı pis olanlar isə cəhənnəmin alt təbəqəsinə varırlar. (Təbərani)
7. Bir mömin gözəl əxlaqı ilə gecə ibadət edən, gündüz oruc tutanların səviyyəsinə çatar. (Əbu Davud)
8.Qiyamət günü mizana qoyulacaq yaxşılıqların ən ağırı gözəl əxlaq və təqvadır. (Əbu Davud)
9.Rəsulullah Əfəndimiz ( s.a.v.), namaza başlamazdan əvvəl bu duanı edərdi: Allahım mənə gözəl əxlaq ehsan et, səndən başqa heç kim gözəl əxlaq ehsan etməz. Allahım məni pis xasiyyətlərdən qoru və uzaqlaşdır. (Müslim)
Yuxarıda deyilən məntiqli, hikmətli və müqəddəs fikirlərə əlavə olaraq öz fikrimi bildirim ki, mənim üçün ən əsas insanın tərbiyəsidir, əxlaqıdır.Bu ən əsas keyfiyyət olduqdan sonra digər cəhətlər də özünü göstərəckdir.Bir də ki, bizim, yəni, bəndələrin bizi yaradan və yaşadan ALLAHIN yolu ilə getməməyə haqqımız və ixtiyarımız yoxdur.ALLAHIN yolu ilə getmək isə ən əvvəl gözəl əxlaqa sahib olmaqdır.