Müşahidə qruplarında təmsil olunan valideynlər Təhsil Nazirliyinin imtahanın təşkili üçün yaratdığı şəraitdən razı qalıblar Bu gün Valideyn-Müəllim Assosiasiyanın üzvlərinin bir qrupu jurnalistlərlə birgə Bakının bir neçə ümumtəhsil məktəbində 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarını müşahidə edib. Müşahidə qruplarında övladları məhz həmin məktəblərdə imtahan verən valideynlər də təmsil olunub.
Lent.az-ın məlumatına görə, valideynlər əvvəlcə Təbriz küçəsində yerləşən Ankara liseyində keçirilən imtahanların gedişi ilə maraqlanıb. Burada yaradılmış imtahan mərkəzində bir neçə məktəbin 11-ci sinif şagirdləri imtahan verib. Nizami rayonundakı 2139 saylı məktəbdə imtahan mərkəzində də bir neçə məktəbin şagirdləri 11 ildə əldə etdikləri bilikləri sınayıblar. Müşahidələr zamanı şagirdlər və nəzarətçilər imtahan üçün lazımi şəraitin yaradıldığını söyləyiblər.
Auditoriyalarda ali məktəblərə qəbul imtahanlarını xatırladan bir məqam diqqəti daha çox çəkirdi. Demək olar ki, imtahan zallarının hamısında şagirdlərdən mobil telefonlar alınaraq yazı taxtasının qarşısındakı masanın üzərinə yığılmışdı. Ali məktəblərə qəbul imtahanlarından fərqli olaraq, imtahanın keçirildiyi binaların qarşısında gözləyən valideynlər çox az idi. Məsələn, Ankara liseyinin qarşında gözləyən valideynlərin sayı təxminən 15-20, 239 saylı məktəbin həyətində dayananların sayı isə bundan da az idi. Həmsöhbət olduğumuz valideynlər bunu imtahan üçün lazımi şəraitin yaradıldığı və övladlarının uğur qazanacaqlarına əminliyin göstəricisi kimi dəyərləndirirdilər.
Reydlər başa çatdıqdan sonra valideynlər Təhsil Nazirliyinə gələrək imtahan mərkəzlərindəki təəssüratlarını qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva ilə bölüşüblər. Onlar, həmçinin imtahanların keçirildiyi binaların qarşısında gözləyən valideynlərin fikirlərini də nazirliyin nümayəndəsinə çatdırıblar.
Daha sonra jurnalistlərə açıqlama verən Təranə Hacıyeva bildirib ki, Təhsil Nazirliyin keçirdiyi buraxılış imtahanı heç də şagirdin 3 saat ərzində nümayiş etdirdiyi bilik əsasında attestat qiymətini müəyyənləşdirməsi demək deyil. Onun sözlərinə görə, bu imtahanlar şagirdin 11 illik təhsil nəticəsində əldə etdiyi biliyin qiymətləndirilməsi məqsədi daşıyır və buna uyğun şagirdin 11 il ərzində əldə etdiyi digər nailiyyətlər də nəzərə alınır: “X və XI siniflər üçün hər bir fənn üzrə illik qiymətləri, qış aylarında keçirilən yoxlama (sınaq) imtahanlarının qiymətləri və buraxılış imtahanlarının qiymətləri toplanır, müvafiq düstur əsasında hesablanır və yekun qiymət müəyyənləşdirilir”.
Təranə Hacıyeva onu da bildirib ki, əvvəlki illərdə attestat ala bilməyən 11-ci sinif şagirdlərin bir qismi də bu il təkrar imtahan veriblər. Onun sözlərinə görə, bu imtahan əvvəlki illərdə mərkəzləşdirilmiş buraxılış imtahanlarından qeyri-kafi qiymət alan bütün şagirdlər üçün yaradılır. Amma onların təkrar imtahanlarda iştirakı könüllü olaraq, öz istəyi ilə mümkündür: “Belə şagirdlərin təxminən 90 faizə qədəri təkrar imtahanlarda iştirak edir”.
Xatırladaq ki, bu gün Bakı və Sumqayıt şəhərlərində 11-ci sinif şagirdləri ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən imtahan verib. İmtahanda test suallarının sayı 120-dir. Bu sualların 25-i ana dili və ədəbiyyat (17-si Azərbaycan dili, 8-i ədəbiyyata), 25-i riyaziyyata (17-si riyaziyyat, cəbr, cəbr və analizin başlanğıcına, 8-i isə həndəsə fənninə), 15-i Azərbaycan tarixi və xarici dil fənninin hər birinə, fizika, kimya, biologiya və coğrafiya fənlərinin hər birinə isə 10-u aiddir.