Kompüter oyunları bunun əsas təhlükə mənbəyidir Bir neçə il əvvəl istehsal olan “Call of duty” adlı personal kompüter oyunu indi ən məşhur oyundur. Bu oyunu məşhur edən başlıca səbəb isə təhlükəli və qorxunc məqamlarla müşayiət olunmasıdır. Hazırda paytaxtın bütün kompüter salonlarında istifadəyə verilən bu oyuna xüsusilə uşaqların maraq göstərməsi narahatlıq yaradır. Çünki, oyunun əsas missiyaları sırasında günahsız adamların odlu silahlarla qətlə yetirilməsi uşaqların psixologiyasına təsirsiz ötüşmür.
Amerika istehsalı olan bu oyun müharibə səhnələrindən ibarətdir. Hələ də müharibə şəraitində olan bir ölkənin yeniyetmələri üçün bu müsbət hal hesab edilə bilər. Amma, insanlıq nöqteyi-nəzərindən bu oyunda bəzi məqamlar gələcək üçün qorxunc nəticələr verə bilər. Məsələn, oyunda olan missiyalardan birində açıq-aşkar terrorçuluq təbliğ edilir. Guya xüsusi xidmət orqanlarından ən mükəmməl təlim görmüş adamı agent kimi terrorçuların içərisinə ötürürlər. Həmin agentin başlıca işi terrorçularla birlikdə hava limanına girib insanları qətlə yetirməkdir. Beləliklə, missiya başlayır və 5 nəfər gözləmə zalına daxil olur. Elə qapının kandarındaca uşaqları, qadınları, qocaları, bir sözlə, yaşından asılı olmayaraq hər kəsi güllələyir.
Hətta terrorçulardan rəhm diləyən, yaralı yoldaşlarını bir küncə çəkmək istəyənlər belə amansızcasına öldürülür. Hüquq-mühafizə orqanları isə burda sadəcə bacarıqsız kadrlar kimi təsvir edilir. Real həyatda terror törədənlərin aqibəti adətən ölümlə bitirsə, bu oyunda terrorçu sadəcə ölməz qəhramandır. Onları zərərsizləşdirmək üçün hava limanına yüzlərlə xüsusi təyinatlı cəlb olunub. Lakin onların öhdəsindən gəlmək mümkün deyil. Zirehli geyimlərdən, daha güclü silahlardan istifadə edən və sayca terorrçulardan qat-qat üstün olan xüsusi təyinatlılar 4-5 nəfər terrorçu ilə mübarizədən istənilən halda məğlub çıxırlar. Nəticədə missiyanın sonunda terrorçular əli-ayağı quru təyyarə ilə hava limanını tərk edirlər.
Oyunda xüsusi vizual və səs effektlərindən yerində istifadə edilməsi istənilən uşağın diqqətini cəlb edir. Kompüter salonu işlədənlər də təsdiqləyir ki, dolayısı yolla terrorçuluğu təbliğ edən və uşaqların psixologiyasına təsirsiz ötüşməyən bu oyuna son vaxtlar maraq həddən çox artıb. İstər azyaşlılar olsun, istərsə də böyüklər, saatlarla bu oyuna vaxt sərf edir. Amma oyun seçimində hər kəs azad olduğu üçün bu baxımdan hər hansı oyuna qadağa qoyulmur.
Psixoloq Dəyanət Rzayev belə oyunların uşaqların şüuruna həddən çox mənfi təsir göstərdiyini bildirir. Onun sözlərinə görə, istənilən uşaq kiçik yaşlarından özünü kiməsə oxşatmağa çalışır. Bu məqamda terrorçuların güclü və məğlub edilməz şəkildə təqdim edilməsi onları uçuruma sürükləyə bilər.
“Bu oynular uşaqların şüuruna ciddi təsir edir. Uşaqlar özlərinə qəhrəman seçir. Onun terrorçu olması isə əsil fəlakət ola bilər. Hesab edirəm ki, buna ciddi yanaşmaq lazımdır”, - deyə Dəyanət Rzayev vurğulayıb.
Psixoloqun fikrincə, uşaqları belə oyundan konkret qadağalarla çəkindirmək də mümkün deyil. Çünki, qadağa əks təsirə də səbəb ola bilər. Bu səbəbdən də uşaqlar özləri hiss etmədən tədricən oyunlardan uzaqlaşdırılmalı və diqqətlərini tam başqa istiqamətə yönəldilməlidirlər. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə hesab edir ki, xüsusi ekspert rəyi veriləndən sonra kompüter salonlarında bu oyundan istifadəyə qadağa tətbiq edilə bilər. Evdə isə əsas məsuliyyət valideynlərin boynuna düşür. İstənilən halda məsuliyyət hər bir dərrakəli insanın boynundadır. Çünki, belə oyunlar hər bir uşağın gələcəyi və dolayısı ilə cəmiyyət üçün böyük təhlükədir. Bu təhlükədən uzaq olmaq istiyirsinizsə, o zaman uşağınızın nə işlə məşğul olduğunu mütləq izləyin. Əks təqdirdə bu iz çox uzaqlara gedə bilər.
ANSPRESS