Azercell abunəçiləri TQDK-nın xəbərlərinə abunə ola bilərlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müasir informasiya texnologiyalarının yaratdığı geniş imkanlar sayəsində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində daha bir yenilik edir. Mobil texnologiyaların imkanlarından istifadə edən Komissiya yeni bir xidməti – sms MƏLUMATLANDIRMA xidmətini istifadəyə verir.
Azercell Telekom MMC-nin məzmun təminatçısı olan LSİM MMC-nin təqdim etdiyi proqram təminatı vasitəsi ilə artıq istənilən şəxs TQDK-nın yenilikləri barədə məlumatları mobil telefonları vasitəsilə əldə edə biləcəklər. Məlumatlandırma xidməti vasitəsi ilə sınaq imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə, magistratura səviyyəsinə qəbulla bağlı bütün məlumatları telefon vasitəsilə öyrənmək mümkün olacaq.
Bu xidmətdən yararlanmaq üçün sadəcə müvafiq açar sözlərin baş hərflərini - A (abituriyent), B (bakalavr), S (sınaq) və ya O (orta ixtisas) yazıb 82002-yə göndərmək kifayətdir. Abunə olmaq istəyən şəxs 4 məlumat blokundan hər hansı birinə, yaxud hamısına abunə ola bilər. Hər blok üçün 1 aylıq abunə haqqı 53 qəpikdir.