Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin qəbul imtahanlarına hazırlaşmalarına kömək məqsədilə aprelin 3-də keçirdiyi sınaq imtahanlarının nəticələrini aprelin 8-dək açıqlayacaq. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, sınaq imtahanlarının nəticələri komissiyanın saytında yerləşdiriləcək. İlk sınaq imtahanı Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Qazax, Ağstafa, Mingəçevir, Yevlax, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Babək, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarında keçirilib. Bu imtahanda iştirak etmək üçün 31468 abituriyent qeydiyyatdan keçib. E. Nağızadə deyib ki, aprelin 3-də keçirilən sınaq imtahanlarına 139 abituriyent valideyninin şəxsiyyət vəsiqəsi əsasında qeydiyyatdan keçib. TQDK-nın xəbərdarlığından sonra həmin abituriyentlərin bir qismi imtahana gəlməyib, imtahana gələnlər isə imtahan binasına buraxılmayıb. TQDK rəsmisinin sözlərinə görə, növbəti sınaq imtahanı aprelin 10-da keçiriləcək. Artıq bu gündən aprelin 17-də və 24-də keçiriləcək sınaq imtahanlarına da yazılış başlayıb.
|