III ixtisas qrupda imtahana telefonla keçmək istəyənlər arasında qızlar daha çox olub “III ixtisas qrupu üzrə imtahanda qaydaları pozan 7 abituriyentin nəticəsi ləğv edilib. İmtahan qaydaları əsasən, bir-birindən köçürmə və imtahana zalına telefonla girməyə cəhdlə pozulur”.
Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında belə deyib. O qeyd edib ki, III ixtisas qrupda imtahana telefonla keçmək istəyənlər arasında qızlar daha çox olub. Hətta qız abituriyentlərdən bir neçəsi telefonu imtahan zalına keçirməyə nail olub. Bu fakt isə həmin abituriyentlər telefondan istifadəyə cəhd edərkən ortaya çıxıb. Nəticədə həmin abituriyentlər imtahan zalından çıxarılıb və onların nəticələri ləğv olunub.
Məleykə Abbaszadə onu da bildirib ki, imtahan qaydalarının pozulması ilə bağlı faktlar olmasaydı, III qrup üzrə imtahanın nəticələri daha tez elan edilə bilərdi. Onun sözlərinə görə, iyulun 4-də keçirilən imtahanda qaydaları pozan bir neçə nəzarətçi də cəzalandırılıb: “Həmin nəzarətçilər bundan sonrakı imtahanlarda iştirak etməyəcək. Artıq onların adı qara siyahıya salınıb”.