Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010-cu il aprelin 18-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçirir. Bu imtahanda iştirak etmək üçün 30994 abituriyent qeydiyyatdan keçmişdir.
İmtahan Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Mingəçevir, Şəki, Qəbələ, Qax, Quba, Ağcabədi, Sabirabad, Salyan, Yevlax, Lənkəran və Astara şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarında keçirilir.
İmtahanlarda istifadə olunan sual kitabçaları TQDK-nın aparıcı mütəxəssisləri və ekspertləri tərəfindən hazırlanmış və orta məktəb dərsliklərinə, qəbul imtahanları proqramlarına tamamilə uyğundur.
Bu imtahanlar abituriyentlərə biliklərini yoxlamağa, ümumi hazırlıq səviyyələrini müəyyən etməyə, tədris materiallarının qavranılmasında güclü və zəif tərəflərini üzə çıxarmağa kömək edəcəkdir.
Qeyd edək ki, Hazırda aprelin 25-də keçiriləcək sınaq imtahanına yazılış davam edir. Qeyd edək ki, aprel ayının 18 və 25-də sınaq imtahanı iştirakçılarına eyni test kitabçası təqdim olunacaq.
Növbəti sınaq imtahaları isə mayın 16-da olacaq. Həmin sınaq imtahanına yazılışla bağlı məlumat TQDK-nın internet səhifəsində yerləşdiriləcəkdir.