Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-ci il aprelin 10-da Bakı, Gəncə, Şəki, Masallı, Balakən, İsmayıllı, Yevlax və Salyan şəhərlərində növbəti sınaq imtahanı keçirmişdir. Abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə keçirilən imtahanlar respublikanın 8 şəhərində, o cümlədən Bakı, Gəncə, Şəki, Masallı, Balakən, İsmayıllı, Yevlax və Salyan şəhərlərində ümumilikdə 17 binada baş tutub. İmtahanın idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərmiş, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanmış və imtahan prosesinin gedişi nəzarətdə saxlanmışdır. Bütün binalarda imtahan təlıimata uyğun şəkildə keçirilmiş, abituriyentlərin öz bilik səviyyələrini yoxlamaları üçün zəruri şərait yaradılmışdır. Təəssüflə qeyd edilir ki, dəfələrlə edilmiş elan və xəbərdarlıqlara baxmayaraq, bəzi abituriyentlər sınaq imtahanına özlərinə aid olmayan şəxsiyyət vəsiqəsi ilə yazılmışlar. İmtahan binalarına buraxılış rejimində belə hallar aşkar edilmiş və həmin abituriyentlər imtahana buraxılmamışlar. Hazırda sınaq imtahanında iştirak etmiş abituriyentlərin cavab kartlarının emalı aparılır. Yaxın günlərdə nəticələrin Komissiyanın internet saytında yerləşdirilməsi nəzərdə tutulur. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə də öyrənə biləcəklər. Qeyd edək ki, aprel ayının 3-də və 10-da sınaq imtahanı iştirakçılarına eyni test kitabçası təqdim olunub.
|