Rektorlar və direktorlar sessiyadan sonra 10 gün ərzində Təhsil Nazirliyinə yekun hesabat verməlidir Təhsil naziri Misir Mərdanov ali və orta ixtisas məktəblərində 2009-2010-cu tədris ilinin yay imtahan sessiyasının təşkili və keçirilməsi haqqında əmr imzalayıb. Əmrə əsasən, yay imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin edilməli, yarana biləcək neqativ halları aradan qaldırmaq üçün müvafiq tədbirlər həyata keçirilməlidir.
Təhsil Nazirliyindən bildiriblər ki, əmrdə rektorlara və direktorlara yay imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etmək tapşırılıb. Bunun üçün onlar rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmalı, qərargaha daxil olan hər bir şikayət barədə nazirliyin "qaynar xətt"inə dərhal məlumat verilməlisini, imtahan sessiyasında şəffaflığı və ictimai nəzarətin gücləndirilməsini təmin etməlidirlər. İmtahanların gedişində baş verə biləcək nöqsanlara və hər cür neqativ hallara görə ali və orta ixtisas məktəblərinin rəhbərləri məsuliyyət daşıyacaq.
Nazirin əmrinə əsasən, neqativ hallarla bağlı daxil olan məlumatlar operativ araşdırılacaq və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlanacaq. Rektorlar yay imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat verməli olacaqlar.
Xatırladaq ki, yay imtahan sessiyası müddətində Təhsil Nazirliyində "qaynar xətt" də fəaliyyət göstərəcək. Belə ki, imtahanın gedişindən narazı qalan və ciddi pozuntularla üzləşən tələbələr və valideynlər 496-34-82 saylı telefonla nazirliyin məsul şəxslərinə müraciət edə, 496-37-61 saylı faksla və ya qaynarxett@edu.gov.az elektron poçt vasitəsilə məlumat göndərə bilər. Bundan başqa, yay imtahan sessiyasının monitorinqinə Təhsil Nazirliyinin Korrupsiyaya Qarşı Mübarizə üzrə İşçi Qrupuna daxil olan QHT-lər və ictimaiyyət nümayəndələri cəlb ediləcək.
Əmrin icrasına nəzarəti təhsil naziri öz üzərinə götürür.