8 rayonda attestat və şəhadətnamələrə illik yekun qiymətləri yazılacaq Bu gün təhsil naziri Misir Mərdanovun rəhbərliyi ilə Şirvan şəhərində fəlakət zonasının 8 rayonunun - Şirvan, Sabirabad, Neftçala, Salyan, Saatlı, Hacıqabul, Zərdab və İmişli təhsil şöbələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Misir Mərdanov müşavirədən sonra jurnalistlərə bildirib ki, müşavirədə hər rayonun təhsil şöbəsi müdirlərinin fikirləri dinlənildikdən sonra fəlakət zonasındakı 8 rayonun su basmış məktəblərinin 9-cu və 11-ci sinifləri üçün buraxılış imtahanlarının ləğv edilməsi barədə qərar qəbul olunub: “Attestat və şəhadətnamələrə isə illik yekun qiymətlər yazılacaq. Qalan məktəblərdə adi qaydada imtahanlar keçiriləcək. Bu bölgədə imtahanların keçirilməsinə daha diqqətlə yanaşılacaq, imtahanlara hazırlıq daha yüksək səviyyədə aparılacaq. Nəzarətçilərdən tələb edəcəyik ki, şagirdlərə qarşı humanist olsunlar, onların düşdüyü stress vəziyyəti nəzərə alsınlar ki, onlar bilik və bacarıqlarını nümayiş etdirə bilsinlər”.
|