Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 17-də 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirir. Həmin gün eyni zamanda Hərbi Liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (Feldşer ixtisası üzrə) qəbul imtahanı keçirilir.
Qəbul imtahanı Bakı şəhərində 27, Naxçıvan şəhərində 3 binada aparılır. Bakı və Sumqayıt şəhərlərinin orta ümumtəhsil məktəblərindən 1034 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 107 imtahan rəhbəri cəlb olunmuşdur.
2010-cu ildə IV qrup üzrə 15348 abituriyent ərizə təqdim edib.
Sənəd verənlərin 14173 nəfəri Azərbaycan bölməsinin, 1175 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7118 nəfərini oğlanlar, 8230 nəfərini isə qızlar təşkil edir.
Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 86 abituriyent xarici ölkələrin vətəndaşıdır. 59 abituriyent ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.
458 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.
Ən yaşlı abituriyent 1950 -ci ildən, ən gənc isə 1995-ci ildəndir.
Bakı şəhərində 14199, Naxçıvan şəhərində 1149 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat ərzində aparılır.
IV ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 11-dən etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürürlər. Buraxılış vərəqəsi ilə yanaşı “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Abituriyentlərə imtahan binalarının yerini müəyyən etməkdə kömək məqsədilə Komissiyanın internet sytında xüsusi xəritə-göstəricilərlə təchiz olunmuş, binaların ünvanlarının əks olunduğu proqram yerləşdirilmişdir.
Abituriyentlər imtahana 2 sənəd gətirirlər
- İmtahana buraxılış vərəqəsi"ni;
- şəxsiyyəti təsdiq edən sənədin əslini
Gostərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına köməkçi vasitə gətirmək qəti qadağandır. Buraxılış rejimində uzərində mobil telefon, konspekt və digər yardımcı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq, onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar.
İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən IV ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq.İmtahanda istifadə olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytında yerləşdiriləcək.
IV ixtisas qrupu üzrə qəbul imtahanı başa çatdıqdan dərhal sonra cavab kartlarının emalına başalanacaq və test imtahanının nəticələri qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə biləcəklər.
IV ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 21-dən 29-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər.
Bütün qruplar üzrə ixtisas seçimi iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq.