Həyat xüsusi bir nizam üzərində qurulub. Heç şübhəsiz ki, Qüdrət Sahibi - kainatın Xaliqi Özü bu qərarı vermişdir. Mikro elemetntlərdən tutmuş ən böyük cismlərə qədər, hətta nəhəng planetlər xüsusi bir ölçü vahidi ilə yaranmış və hərəkətdədir. Hamısının da idarə edəni Qüdrət Sahibi - Allah-Təala Özüdür. Hamımıza məlumdur ki, bütün yaranmışların əşrəfi - alisi insandır. Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik…Bizim dünyaya gəlməyimizdə, böyüyüb boya-başa çatmağımızda müstəsna rolu olan şəxslər valideynlərimizdir. Gələcəyimiz naminə hər bir çətinliyə sinə gərən, doğulduğumuz andan qayğı yükümüzü öz çiyinlərinə götürən, xəstələnəndə - qəmli anlarımızda bizə mənəvi dayaq olan, hətta şəxsi həyatlarını belə bizim tərbiyəmizə uyğunlaşdıran valideynlərimiz…
Bütün bu fədakarlıqların müqabilində onların bizlərdən yalnız bir təmənnası var: qarşılıqlı sevgi və qayğı. Bəs görəsən bizlər necə, valideynlərimizin bu kiçik arzusunu yerinə yetirə bilirikmi?
Heç şübhəsiz ki, onların çəkdikləri əziyyətin, zəhmətin əvəzini ödəmək qeyri-mümkündür. Lakin bu yolda az da olsa cəhd edirikmi?
İndi isə Allah-Təalanın övladların öhdəsində nələr qoyduğuna nəzər salaq. Qurani-Kərimdə buyrulur: «Rəbbin yalnız Ona ibadət, valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb, gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara «uf» - belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!
Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: «Pərvərdigara! Onlar məni körpəliyimidən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!» - de («əl-İsra» surəsi, 23-24-cü ayələr).
Bu iki ayədə Allah-Təala çox böyük ehtiramla övlad valideyn hüquqlarından söz açır. Bir tərəfdən qeyd edir ki, qocalıq həddinə çatan valideyn hörmətə, məhəbbətə, qayğıya daha çox ehtiyac duyur və bu zaman övlad heç «uf» da deməməlidir, çünki lap azacıq da olsa, bu, valideynin qəlbinə dəyə bilər. İkincisi, valideynlər üçün dualar oxunması ata-ananın uşaqlarına necə xidmət etdiyini onlara xatırladır və övlada təlim edir ki, unutma, sən də qocalacaqsan, indidən özün üçün övladlar yanında hörmət qazan!
Biz hələ məktəb illərində dərsliklərdə bəzi tərbiyəvi əhvalatlar oxuyub öyrənmişik. Məsələn, gəlin ərinə qoca qayınatasından şikayət edib deyir ki, atanız qocalıb, əl-ayağı sözə baxmır, boşqabları, stəkan-nəlbəkiləri salıb sındırır. Olmaz ki, ona ağac qab-qaşıq alasan? Valdeyn hüququnu dərk etməyən sadəlövh ər, qoca atası üçün ağac boşqab alır. Bunu görən uşaq balta, mişar götürüb, ağacdan nəsə bir şey yonub düzəltməyə çalışır. Ata soruşur: Oğul, nə edirsən? Sənin üçün boşqab düzəldirəm, - deyə uşaq cavab verir, - axı sən baba üçün ağac boşqab aldın, mən də sənin qocalığın üçün boşqab hazırlayıram. Belə yerdə deyiblər ki, «nə tökərsən aşına, o da çıxar qaşığına». Uşağın bu hərəkəti atanı qəflət yuxusundan oyadır, qoca atasından üzr istəyib, ona ən yaxşı qablarda yemək verir və bütün ehtiyaclarını təmin etməyə başlayır.
Həyatda belə misallar çoxdur. Kaş bəzi müasir «oğullar» da öz səhvlərini başa düşüb, qoca ata-analarını qocalar evindən öz evlərinə qaytaraydılar. Çox təəssüflər olsun ki, belələri İslami dəyərlərdən, İslam əxlaqından xəbərsizdirlər. Görün Allah-Təala valideynə nə qədər böyük qiymət verir: «Ata-anaya «uf» da demək olmaz». Çox maraqlıdır ki, Qurani-Kərimin dörd surəsində valideyn hüquqlarını tövhiddən (yeganə olan Allaha inam) sonra bəyan etmişdir. «Əl-Bəqərə» surəsində deyilir: «Allahdan qeyrisinə ibadət etməyin, valideynə yaxşılıq edin».
«Ən-Nisa» surəsində isə buyrulur: «Allaha ibadət edin, Ona heç bir şeyi şərik qoşmayın, ata-anaya yaxşılıq-ehtiram edin».
Xatırladığımız bu ayələr valideyn haqqındadır ki, onları icra etmək övladların nicat yolunu işıqlandırmaqdır.
Heç şübhə yoxdur ki, övladın Cənnətə getməyi valideynin icazəsi və razılığı ilə olmalıdır.
Hədisi-şərifdə Həzrəti Peyğəmbər (s) buyurmuşdur: «Cənnət anaların ayağı altındadır». Qurani-Kərimi oxuyarkən çox incəliklərə rast gəlirsən. Allah-Təalaya yaratdığı nemətlərə görə şükür edərkən, görürsən ki, ata-anaya da eyni dərəcədə təşəkkürlərə qərar verilib. («Loğman» surəsi, 14-cü ayə).
Hətta onu da nəzərinizə çatdıraq ki, valideynlərdən biri və ya hər ikisi kafir olsalar belə, yenə də övladın borcu onlara ehtiram etməkdir. Bunu İslam qanunları tələb edir.
Bir cavan Həzrət Peyğəmbərin (s) yanına gəlib deyir: «Ey Allahın Rəsulu, mən din yolunda, Vətən naminə cihad etməyi çox sevirəm, amma qoca və xəstə anam var, onu tək qoya bilmirəm. Həzrət Peyğəmbər (s) buyurur: «Get anana xidmət et. And olsun bizi Yaradana ki, anaya bir gecə xidmət etmək bir il cihad etməkdən artıqdır».
Sonra Həzrət Peyğəmbər (s) buyurdu: «Valideynə ağ olmaqdan (üzünə qayıtmaqdan) qorxun!»
Ata-ana ehtiramının nə qədər dərin mənalı olması aşağıdakı hədisdən də aydın olur. Belə ki, bir nəfər Peyğəmbərdən (s) atanın oğlun üzərindəki haqqının nədən ibarət olduğunu soruşduqda Allahın Rəsulu cavabında belə söyləmişdir: «Atanın oğlu üzərindəki haqqı, oğulun atasını adıyla çağırmaması, onun qabağınca getməməsi, ondan əvvəl oturmaması və onun söyülməsinə səbəb olmamasıdır».
Peyğəmbər (s) ata-anaya yaxşılıq etməyin faydası ilə bağlı belə buyurur: «Ata-anaya yaxşılıq etmək ömrü uzadır, yalan danışmaq ruzini azaldır, dua isə qəza-qədəri dəyişir».
Sevimli peyğəmbərimiz (s) ata-ananın üzünə ağ olan insan haqqında belə buyurmuşdur: «Ata-ananızın üzünə ağ olmayın, çünki bir illik bir məsafədən hiss edilən cənnət ətrini, ata-ananın üzünə ağ olan və qohumlarla əlaqəni kəsən şəxs duya bilməyəcək».
İmam Zeynəl-Abidin (ə) ana haqqı barəsində də buyurmuşdur: «Ananın sənin üzərindəki haqqı budur: Bil ki, o heç kimin digərini daşımadığı bir yerdə (bətnində) səni daşımışdır. Heç kimin başqasına vermədiyi ürəyinin meyvəsindən sənə yedizdirmiş və səni sevə-sevə qulağı, gözü, əli, ayağı, saçı, dərisi və bütün əzalarıyla qorumuşdur.
İmam Sadiq söyləyirdi: «Mühəmməd Peyğəmbərin süd bacısı yanına gəlmişdi. Peyğəmbər (s) onu görüncə sevindi, əbasını yerə sərərək həmin libasın üstünə oturtdu. Daha sonra gülər üzlə, səmimiyyətlə onunla söhbətləşdi. Nəhayət peyğəmbərimizin süd bacısı durub getdi. Bir müddətdən sonra Allah Rəsulunun süd qardaşı gəldi. Həzrət onun da hal-əhvalını soruşdu, amma süd bacısı ilə davrandığı qədər onunla mehriban davranmadı. Bir nəfər bu fərqli davranmanın səbəbini soruşduqda
Peyğəmbərimiz buyurdu: «Çünki o qız öz ata-anası ilə daha yaxşı davranırdı».
Peyğəmbər buyurmuşdur: «Kim valideynini razı edərsə, Allahı razı etmiş olar, kim də onları qəzəbləndirirsə, Allahı qəzəbləndirmiş olar».
Gənc yaşlarımdan həmişə bu əqidədə olmuşam. Tərbiyə ailədən başlanır, məktəbdən yox. Çünki uşaq bütün anlarda evdə, ailədə, valideynlər arasında olur. Bildiyimiz kimi uşaq meymun kimi təqlid edəndir. O, nə görürsə, nəyi eşidirsə ağ lövhəsinə həkk eləyir. Məsələn, əgər telefon zənginə ata uşağa deyirsə, de ki, atam evdə yoxdur və uşaq da billə-bilə ki, ata evdədir onun əksini deyir. Bununla da uşaqda yalan danışmağın elə də böyük qəbahət olmadığı fikri formalaşır. Amma ata desə ki, de ki, atam məşğuldur, telefona cavab verə bilmir, bu isə eyni reallıqdır.
«Tərbiyə ailədən başlanır» kəlamının həyatiliyini dərk etmək üçün bəzi məxəzlərə müraciət edək.
Rəvayətlərin birində deyilir: «Bir kişi uşağını götürüb Həzrət Mühəmməd Peyğəmbərin (s) yanına gəlir və sual edir:
- Ey Allahın Rəsulu, uşağımın tərbiyəsiylə nə vaxtdan məşğul olum?
Həzrət soruşur:
- Uşağın neçə yaşı var?
- Bir yaşı, ya Rəsulallah.
Həzrət buyurur:
- İki il gecikmisiniz».
Peyğəmbərin buyurduğundan məlum olur ki, övladın tərbiyəsi halal tikədən, pak qidadan, gözəl ovqatdan asılıdır. Qurani-Kərimdə buyrulur: «… Saf toxum münbit torpaqda Allah-Təalanın izni ilə daha yaxşı bitər...» («əl-Əraf» surəsi, 58-ci ayə).
Qurani-Kərimdə ata toxuma, ana isə torpağa bənzədilir. Həzrət Əlinin (ə) kəlamlarında deyilir: «Yaxşı adam bal arısına bənzər, yediyi də pakdır, məhsulu da».
Heç şübhə yoxdur ki, yaxşıdan yaxşı törəyər, pisdən də pis. Dünyaya pak nəsil gətirmək üçün bir çox şərtlər var. Hər şeydən əvvəl yeni ailə quran hər bir şəxs öz tayını tapmalıdır. Bu zaman ata-ananın, ağsaqqalın məsləhətinə ehtiyac var. Atalar nahaq deməyiblər ki, at bəyənməyə cavan, qız (gəlin) bəynməyə isə yaşlı adam göndərin.
Dünya təcrübəsindən məlum olur ki, ata-ananın məsləhəti ilə evlənənlər ailə səadətinə qovuşur, özləri evlənənlər (təsadüfi tanışlıq nəticəsində) isə çox vaxt yola getmir və tez ayrılırlar. Qurani-Kərimdə buyrulur: «(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəməti) geniş olan və (hər şeyi) biləndir». («ən-Nur» surəsi, 32-ci ayə).
Ayənin təfsirindən məlum olur ki, yuxarıda qeyd olunan şərtlərə əməl olunarsa, saf nəsil və gözəl övlad yetişdirmək olar. Övladın dini mənsubiyyəti, imanı (həya, iffət, nəsil) məlum olmalıdır. Bütün bunlar önəmli və vacib şərtlərdəndir. Təəssüf ki, müasir cavanların çoxu zahiri gözəlliyə və sərvətə bənd olur. Nəticədə isə onlar Peyğəmbərin (s) buyurduğu kimi «bütün tamah sahibləri məhrumdurlar» kəlamına tuş olurlar.
Ayəyi-Şərifənin məzmunu açıq-aydın izah edir ki, evlənən şəxslər yoxsul olsalar, Allah öz lütfü ilə onları dövlətli edər. Deməli, imanlı, abırlı-həyalı və əsil-nəcabətli qızlar zahirən gözəl və dövlətli olmasalar da, ərə getdikdən sonra Allah-Təala onlara həm gözəllik, həm də var-dövlət verəcəkdir. Qeyd etdiyimiz gözəl keyfiyytələrə malik olmayanlar isə ailə səadətindən məhrum olacaqlar.
Deməli, tərbiyə ailədən başlanır. Həmçinin, uşağa tərbiyə üçün vaxt ayırmaq doğru deyil, valideynin bütün hərəkətləri uşaq üçün məktəbdir. Əgər ata özü papiros çəkirsə, amma bunu uşağına qadağan edirsə, bunun heç bir faydası olmayacaq. Kiçik bir hadisəyə diqqət edək: «Bir şəxs uşağını Həzrət Peyğəmbərin (s) yanına gətrib deyir: Ey Allahın Rəsulu, bu uşaq çox xurma yediyindən tez-tez xəstələnir, ona nəsihət edin. Həzrət o kişiyə buyurur: Uşağı apar, sabah gətirərsən. Ertəsi gün kişi yenə gəlir. Həzrət uşağa nəsihət edir, uşaq da bu nəsihəti qəbul edir. Kişi soruşur: Ey Allahın Peyğəmbəri, nə üçün dünən nəsihət etmədiniz? Həzrət buyurur: Dünən mən özüm də xurma yemişdim, ona görə də uşağa xurma yeməyi qadağan edə bilməzdim, çünki bunun faydası olmazdı. Bu gün isə səhərdən xurma yeməmişəm, ümidvaram ki, uşağa etdiyim nəsihət fayda verəcək».
Qeyd etdiyimiz kimi saf nəsil yetişdirmək üçün halal ruzi (qazanc) və paklıq əsas şərtdir. Atalar gözəl deyib: «Evinizə haram gətirməyin, o, sizin halalınızı da aparar».
«Din alimlərindən birinin övladından ona şikayt edirlər ki, oğlunuz bulaqdan su gətirən qızların tuluğunu biz ilə deşir və qızlar evə su apara bilmirlər. Alim uşağın anasından soruşur: bu uşağa hamilə olarkən hansı nalayiq hərəkət yol vermisən? Qadın həyadan qızarır və üzr istəyib deyir: O dövrdə könlümdən nar keçdi, sizdən istəyə bilmədim. Qonşunun həyətindəki nar ağacının budağı bizim çəpərdən həyətə keçmişdi. Nəfsimin öhdəsinlən gələ bilmədim. İynə ilə bir neçə narı gizlincə deşib, şirəsini sovurdum. Alim sarsılıb deyir: Hə… İndi mətləbi anladım. Ana iynə ilə deşəndə, bala da biz ilə deşər».
Ot kökü üstə bitər – demişlər. Farsların qədim bir atalar sözü də bu həqiqəti təsdiq edir: «Etdiyin əməlin mükafatından qafil alma, buğdadan buğda olar, arpadan isə arpa».
Tarixə müraciət edək. Həzrət Əlinin (ə) birinci arvadı Fatimədən (ə) iki oğlu və iki qızı olmuşdur. Oğlanların hər ikisi imam olmuş, qızlar isə dünya qadınlarına örnək sayılan nəcib analar və Kərbəla qəhrəmanları olmuşlar.
Fatimədən (ə) sonra Həzrət Əli (ə) iki qadınla evlənmiş, onlardan da igid və cəsur oğlanlar dünyaya gəlmişdir.
İmam Əli (ə) irsiyyət məsələsinə toxunduqda, onu belə izah edir: «Mən və Fatimə həmküff (tay-bərabər) olduğumuzdan, övladlarımız da imam oldular. Lakin sonrakı arvadlar nisbətən zəif olduqlarından onlardan doğulanlar o rütbəyə yüksələ bilmədilər».
Hətta Həzrət Əli (ə) oğlu Əbülfəzlin anası ilə digər oğlu Mühəmməd-Hənəfiyyənin anasını müqayisə edərək buyurur: «Müharibələrdə Əbülfəzl ilə Mühəmməd-Hənəfiyyəyə hücum əmri verəndə Mühəmməd-Hənəfiyyə həmişə gecikərdi. Bir dəfə soruşdum: «Sən niyə gecikirsən?» Mühəmməd Hənəfiyyə dedi: «Yağış kimi yağan oxların qabağında dayanmaqmı olar?», - deyə cavab verdi. İmma buyurdu: «Eyni oxlar Əbülfəzlin də üstünə yağır, bəs o necə hücuma keçir? Görünür, sənin anan Əbülfəzlin anasından bir damar qorxaqdır».
Bəli, övlad atanın məhsuludur, atanın da yolu ilə getməlidir. Buna görə də atanın məsuliyyəti böyükdür. O, çox ehtiyatlı olmalı, övladlarını əsl şəxsiyyət kimi böyütməlidir.
Bəzi materialist alimlər övladın yaxşı və ya pis olmasının səbəbini təbiətdə, bəzi idealist alimlər isə Allahda görürlər. İslam alimlərinin əqidəsinə görə isə Allah-Təala heç bir bəndəyə zülm etməz. İnsanlara yetişən fiziki (cismani) və ruhi bəlalar valideynlərin səhvlərinin məhsuludur. Allah-Təala bizləri – insanları faili muxtar, yəni feldə-əməldə ixtiyar sahibi yaratmışdır. O, bizə sərbəstlik verməklə yanaşı, eyni zamanada davranış qaydaları və müəyyən məsələlərdə məhdudiyyətlər, qadağalar da qoymuşdur.
Belə olan halda insan həyat səhnəsində yaxşı və pis əməlləri üçün fəqət özü məsuldur. Qurani-Kərimə nəzər salaq: «Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşsə, onun xeyrini görəcəkdir (mükafatını alacaqdır). Kim zərrə qədər pis iş görmüşsə, onun zərərini görəcək (cəzasını çəkəcək)» («əz-Zilzal» surəsi, 7 və 8-ci ayələr).
İnsanlar çox zaman övladın dünyaya naqis (kar, kor, şikəst, ağıldankəm) gəlməsində Allahı müqəssir bilir, hətta deyirlər ki, görünür, Yaradanın məsləhəti belə imiş. Halbuki, belə düşünməyin özü də düzgün deyil. Biz bilməliyik ki, əgər valideyin şəriət qanunlarına əməl etməsə, yəni halalı harama qatsa, paklığa, nə ilə qidalandığına fikir verməsə, zaman amilini və sair qaydaları unutsa, təbii ki, onların dünyaya gətiridyi uşaq yuxarıda sadaladığımız bəlalara düçar olar. Bu isə Allahın yox, bəndənin öz günahıdır.
Bildiyimiz kimi ata-ananın övladları üzərində bir sıra haqları vardır. Onların bəziləri sağlığlarında, bəziləri isə öldükdən sonraya aiddir. Onlara xidmət etmək, ehtiramlarını saxlamaq, onların önündə deyil, arxalarında oturmaq, İlahi buyruqlara zidd olmazsa, onların əmrlərinə itaət etmək, gəldikləri zaman ayağa qalxmaq, daim şəfqətlə onların üzlərinə baxmaq, onlar üçün hər zaman dua etmək, onların qəminə şərik olmaq, sevindinkləri zaman sevinmək, səhv danışdıqlarına görə onlardan inciməmək, öz malını onların malı bilmək, onların xərclərindən narahat olmamaq, dəfn işlərini şəriətin işlərinə uyğun həyata keçirmək, onların vəsiyyətlərinə lazımınca əməl etmək, bütün varislərin haqqını vermək və s.
Seyyid Qutub təfsiri «Zilal»da bu məzmunda Həzrət Peyğəmbərdən (s) nəql edərək yazır: «Bir cavan qoca anasını çiyninə alıb Kəbə evini onun üçün ziyarət edirdi. Həzrət Peyğəmbər (s) bu səhnəni uzaqdan təbəssümlə seyr edirdi. Bu zaman həmin cavan oğlan anası çiynində Peyğəmbərə (s) yaxınlaşıb soruşdu: Mən bu işimlə anamın haqqını ödəyə bildim? Həzrət (s) buyurdu: Bu gördüklərin onun doğum zamanı çəkdiyi ağrının-bir naləsinin haqqı belə deyil».
Əlbəttə, bu kiçik məqalədə biz övlad-valideyn münasibətlərini tamamilə əhatə edə bilmərik, lakin bəzi məqamlara toxunmaqla az da olsa müasir gənclərin maariflənməsinə xidmət göstərməyə çalışdıq.
Kelam Jurnalı