Misir Mərdanov: ""Son zəng" yalnız məktəb daxilində ictimai tədbir kimi keçirilə bilər" Ötən il olduğu kimi, bu il də orta məktəblərdə son zəng tədbirləri yalnız hər bir məktəbin inzibati ərazisindən keçiriləcək.
Belə ki, bu il də orta məktəblərdə "son zəng"in təmtəraqlı keçirilməsinə yol verilməyəcək. Bu barədə təhsil naziri Misir Mərdanov məlumat verib. Onun sözlərinə görə, orta məktəblərdə son zəng tədbirlərinin təşkili barədə qərar ötən il imzalanmış əmrə əsasən, məktəbdaxili çərçivədə təşkil olunacaq.
“Son zənglə bağlı bütün tədbirləri yalnız məktəbdaxili keçirəcəyik və biz yalnız buna cavabdehik. Məktəbdən kənar heç bir tədbir keçirmək lazım deyil” – deyə, Misir Mərdanov bildirib.
""Son zəng"in keçirilməsilə bağlı elə bir dəyişiklik yoxdur. Qərarımız eynidir. "Son zəng"lə bağlı məktəbdən kənar heç bir tədbir keçirilməməlidir. Sadəcə "son zəng" məktəb daxilində ictimai tədbir formasında keçirilə bilər. Bu zaman keçirilən tədbirlə və digər məsələlərlə bağlı heç bir pul yığılmamalıdır”, deyə nazir bildirib.
Məktəblərdə pul yığıılmasının qəti qadağan olduğunu bildirən Misir Mərdanov Azərbaycan dövlətinin məktəblərdə mövcud problemləri aradan qaldırmağa qadir olduğunu vurğulayıb. Sonda nazir pul yığılması ilə bağlı fakt təsdiq olunarsa, həmin məktəb direktorunun qeyri-şərtsiz işdən azad olunacağını vurğulayıb.