Ağdam təmsilçisi Avroliqanın növbəti mərhələsinə vəsiqə qazanıb Dünən“Qarabağ” futbol klubu Avropa Liqası turniri çərçivəsində cavab qarşılaşmasına çıxıb. İkinci təsnifat mərhələsinin cavab oyununda Şimali İrlandiyanın “Portadaun” klubunu qəbul edən təmsilçimiz növbəti mərhələyə adlaya bilib.
Tofiq Bəhramov adna respublika stadionunda baş tutan matçda təmsilçimiz qələbə qazana bilməsə də, 1:1 hesablı bərabərlik növbəti mərhələ üçün yetərli olub. Birinci hissəni qolsuz bərabərliklə başa vuran “Qarabağ” 70-ci dəqiqədə bir qol buraxıb. Kevin Branif cərimə zərbəsini dəqiq yerinə yetirə bilib.
Komandamızın bərabərlik qolunu isə 82-ci dəqiqədə Əfran İsmayılov vura bilib. Oyun ümumilikdə Azərbaycan təmsilçisinin üstünlüyü ilə keçsə də komandamız hesabda önə çıxa bilməyib.
Avroliqanın üçüncü təsnifat mərhələsində təmsilçimiz Polşanın "Visla" klubu ilə qarşılaşacaq.