Ölkəmizin orta məktəbləri arasında ilk dəfə burada şagirdlər üçün diskussiya zalları yaradılıb. Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunmuş məktəb kompleksinin açılışında iştirak ediblər. Dövlət başçısı lenti kəsənən sonra bina ilə yaxından tanış olub.
Təhsil naziri Misir Mərdanov məlumat verib ki, tikintisinə 2009-cu ilin yanvarında başlanılmış məktəb binası yüksək keyfiyyətlə və müasir tələblər səviyyəsində inşa olunub. Dördmərtəbəli, min şagird yeri olan binada yeni avadanlıq və dərs ləvazimatı ilə təmin edilmiş 26 sinif otağı, 3 laboratoriya, fənn kabinetləri, habelə zəngin kitab fonduna malik kitabxana, 2 kompyuter otağı, akt zalı, şagirdlər üçün istirahət zalları, 100 nəfərlik yeməkxana, müəllim otaqları, inzibati və digər otaqlar vardır. Ölkəmizin orta məktəbləri arasında ilk dəfə burada şagirdlər üçün diskussiya zalları yaradılıb.
Təhsil ocağında məktəblilərin fiziki hazırlığının təşkilinə də diqqət yetirilib. Müasir idman qurğuları ilə təmin edilmiş idman zalında həndbol, mini futbol, basketbol və digər idman növləri ilə məşğul olmaq üçün bütün şərait yaradılıb. Burada 250 tamaşaçı yeri olan üzgüçülük hovuzu da var. Məktəbdə ibtidai hərbi hazırlıq kabineti də fəaliyyət göstərəcək.
Bina havalandırma, videomüşahidə və yanğın həyəcanı sistemi ilə təchiz edilib.
Prezident İlham Əliyev və xanımı sinif otaqlarında, fənn kabinetlərində, kitabxanada, yeməkxanada və idman zalında yaradılmış şəraitlə tanış olublar.