Fransalı Mişel Platini növbəti dəfə 4 il müddətinə yenidən Avropa Futbol Federasiyaları Assosiasiyasının sədri seçilib.
UEFA saytındakı məlumata görə, UEFA sədrinin seçimləri Fransanın paytaxtı Parisdə keçirilən UEFA-nın konqressində baş tutub. Səsvermədə Avropa milli futbol assosiasiyalarından olan 53 nümayəndə iştirak edib.
Xatırladaq ki, bu vəzifəyə 1 nəfərin – təkcə Avropa futbol qurumunun hazırkı prezidenti Mişel Platininin namizədliyi irəli sürülmüşdü. Tədbirdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov iştirak ediblər.
M. Platini ilk dəfə UEFA-ya 2007-ci ildə başçılıq edib. O zaman o, “köhnə qitə”nin futbol federasiyalarına 16 il rəhbərlik etmiş isveçli Lennart Yuhanssona qalib gəlib.
Qeyd edək ki, Mişel Platini uzun illər Fransanın futbol millisinin keçmiş kapitanı, 1984-cü ildə Avropa çempionu olub. Futbolçu Turinin “Yuventus” klubunun geyimində çıxış edib və iki dəfə İtaliya çempionu, həmçinin bir dəfə Avropa Çempionlar Kubokunun çempionu olub. 1983, 1984 və 1985-ci illərdə Avropanın ən yaxşı futbolçusu seçilib. Futbol karyerası bitdikdən sonra Fransa yığmasının baş məşqçisi, 1998-ci ildə isə Avropa Çempionatının Təşkilat Komitəsinə rəhbərlik edib.